ivanizvili: "Gürcüstanın Azərbaycanla heç bir problemi ola bilməz"

img

03-01-2013 [10:25]


Bütün Gürcüstanın patriarxı II İlyanın anadan olmasının 80-ci ildönümü münasibətilə Qafqaz Müsəlmanları İdarəsinin sədri, Bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadə Tiflisə səfər edib. Səfər çərçivəsində şeyx gürcü patriarxı və ölkənin yeni baş naziri Bidzina İvanişvili ilə görüşüb. Tiflis Beynəlxalq Aeroportunda bütün Qafqazın Şeyxini Gürcüstan patriarxı və digər din xadimləri qarşıladı. Şeyxülislam Azərbaycan prezidentinin təbriklərini Gürcüstan patriarxına çatdırdı. Tərəflər arasındakı görüşdə iki ölkə arasındakı dini əlaqələr və dost münasibətlər müzakirə olundu. Hacı Allahşükür Paşazadə II İlyanın regionda dinlərarası sülhün bərqərar olmasında əvəzsiz rol oynadığını bildirdi. Hər iki din xadimi bundan sonra da dini əlaqələri inkişaf etdirməyə səy göstərəcəklərini bəyan etdilər. Daha sonra görüş baş nazirin iqamətgahında davam etdi. Gürcüstanın yeni baş naziri Bidzina İvanişvili Bakıya səfərini yüksək qiymətləndirərək qeyd etdi ki, Gürcüstanın Azərbaycanla heç bir problemi ola bilməz. Çünki hər iki dövlət qədim dostluq əlaqələrinə malikdir. Üstəlik son illər Bakı ilə Tiflisi ciddi iqtisadi layihələr birləşdirir. ?Bizim ölkələr birlikdə qarşıda duran bütün problemləri həll edə bilər, bir-birimizə kömək etməliyik. Bizim çoxlu oxşar problemlərimiz var və bizi istəməyən ortaq qüvvələr də var. Lakin biz ölkələrimizin çiçəklənməsi naminə hər şeyi etməliyik və qardaş kimi yaşamalıyıq. Bizim dostluğumuz digər ölkələrə nümunə olmalıdır. Mən bunu əminliklə deyə bilərəm ki, hər iki ölkənin maraqları eynidir və biz heç vaxt imkan vermərik ki, bir ölkənin marağı üçün digər ölkəyə ziyan dəysin. Biz Azərbaycan prezidenti ilə belə razılığa gəlmişik. Biz çox dostcasına ayrıldıq. Gələcəkdə iki ölkə arasında dostluq və qardaşlığımız daha da inkişaf edəcək?, - deyə İvanişvili vurğulayıb. Qeyd edək ki, Bütün Qafqazın Şeyxi səfər çərçivəsində Gürcüstanda yaşayan soydaşlarımızla görüşəcək, II İlyanın 80 illik yubileyi şərəfinə təşkil ediləcək konsertdə də iştirak edəcək(ans).

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA