"Yağmur" restoranındakı avtoritet qalmaqalında "Ded Xasan" izi...

img

22-10-2012 [11:16]


Oktyabrın 18-i axşam saatlarında Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yerləşən "Yağmur" restoranında baş verən hadisə ilə bağlı müəmmalar hələ də qalmaqdadır. Yayılan ilkin versiyalar ondan ibarətdir ki, restoranda həbsdən yeni çıxan kriminal aləmin nümayəndəsi - "Yeraz Nəriman" ləqəbli Nəriman Əliyevin qarşılanma məclisi keçirilirmiş. Məclisdə müxtəlif ölkələrdən gələn 30-a yaxın kriminal avtoritetin iştirak etdiyi deyilir. Hüquq-mühafizə orqanlarının bu məclisin keçirilməsindən əvvəlcədən məlumatlı olması "Yağmur"da sözügedən əməliyyatın keçirilməsi ilə sonuclanıb. Əməliyyat zamanı hüquq-mühafizə orqanları əməkdaşları ilə kriminal aləmin nümayəndələri arasında silahlı insident yaranıb. Yayılan ilkin məlumatlarda əməliyyat zamanı 2 nəfərin öldüyü deyilsə də, sonradan rəsmi qurumlar tərəfindən bu informasiya təkzib olundu. "Yağmur"da baş tutan toplantı ilə bağlı daha çox iki versiya səslənir. Birinci versiyaya görə, həbsdən yeni çıxan "Yeraz Nəriman"a "oğru" adının verilməsi planlaşdırılıb, ikinci ehtimala görə isə həmin toplantıda nüfuzlu azərbaycanlı oğrularından birinin titulunun əlindən alınması ilə bağlı qərarın verilməsi gözlənirmiş. Əslində, bu hadisəyə sadə bir toplantı kontekstindən yanaşmaq düzgün olmazdı. Çünki bu hadisənin tərkibində həm kriminal, həm iqisadi, həm də siyasi maraqları birləşdirən detallar mövcuddur. "Yağmur"da baş tutan yığıncaqda "Yeraz Nəriman"a "oğru" adının veriləcəyi ilə bağlı deyilənlər tamamilə əsassızdır. Çünki bu ada iddialı olan şəxsin kriminal aləm qarşısında müəyyən əziyyətləri olmalıdır. Yalnız uzun müddət həbsdə olmaq "oğru" titulunun alınması üçün əsas sayıla bilməz. Nərimanın bu titula iddia etməsi üçün əlində heç bir ciddi əsası olmayıb. Bizdə olan dəqiq məlumatlara görə, o, Rusiyada törədilən bir cinayət əməlinə görə məhkum olunub. Bir müddət Rusiyada cəza çəkdikdən sonra Azərbaycana ekstradisiya edilib. Azərbaycanda cəzasının böyük hissəsini Penitensiar Xidmətin 1 saylı "zon"unda çəkib. Əsasən 1 saylı "zon"da cəza çəkən "oğru" "Yasamallı Yunus"un ətrafında dolanıb. İdmançı olduğu üçün "Yasamallı Yunus" daha çox onun "kotyol"da adam döyə bilmək keyfiyyətlərindən yararlanıb. Cəza çəkdiyi müddət ərzində "oğru"lar tərəfindən ona o qədər də ciddi məsuliyyət tələb edən iş tapşırılmayıb. Adətən "oğru" adına iddialı olanlara "oğrular" tərəfindən cəza çəkdikləri "zon"nun vəziyyətinə baxmaq həvalə edilir. Bu da o deməkdir ki, həmin şəxs "oğru"ların "zon"dakı qanuni nümayəndəsi sayılır və onların əvəzindən qərarlar çıxarmaq imtiyazını əldə edir (Yalnız bəzi istisnalar olmaq şərti ilə-M.Q). Bəs, toplantı ilə bağlı səslənən ikinci versiya nə dərəcədə əsaslı ola bilər? Əslində bu toplantının Nərimanın qarşılanması ilə bağlanması simvolik bir məna daşıyıb və hüquq-mühafizə orqanlarının fikrini məsələnin əsl mahiyyətindən yayındırmaq məqsədi güdüb. Necə deyərlər, "çanaq Nərimanın başında çatlayıb". Əslində, kiminsə həbsdən çıxması ilə bağlı hansısa qarşılanma mərasiminin keçirilməsində qanunsuz heç nə yoxdur. Belə hadisələr 100-lərlə olur ki, hətta Nərmandan da adlı-sanlı kriminal avtoritetlərin cəzadan azad olunması ilə bağlı keçirilən qarşılanma mərasimləri heç bir insident olmadan ötüşür. Kriminal aləmin tanınmış nümayəndələrindən birinə yaxın şəxsin bizimlə söhbətindən aydın oldu ki, "Yağmur"da baş tutan toplantıda son vaxtlar kriminal aləmdə yaşanan əsas anlaşılmazlıqlara aydınlıq gətirilməsi planlaşdırılırdı. Daha dəqiqi, "Lənkəranlı Rövşən"in titulunun əlindən alınması ilə bağlı Rusiyada yaşayan bir neçə oğrunun "praqonu" elan ediləcəkmiş. Bu hadisə baş tutsaydı, Azərbaycan ərazisində əsl kriminal müharibənin yaşanacağı qaçılmaz olurdu. Şübhəsiz, ölkənin hüquq-mühafizə orqanları hadisənin fərqində olduqları üçün "Yağmur" əməliyyatının keçirilməsi qərarına gəlib. Mənbə bildirir ki, "Lənkəranlı Rövşən" kriminal aləmin ən nüfuzlu "oğru"larından sayılır: "Onunla bağlı bu qərarın verməsinə bir neçə dəfə cəhd edilib, ancaq bunların heç bir nəticəsi olmayıb. Onun əsas problemi Rusiyada böyük kriminal imperiyaya nəzarət edən Usoiyan soyadlı "Ded Xasan"ladır. Problemin yaranmasının kökündə isə "Quli" ləqəbli Nadir Səlifov faktoru dayanır. Etdiyi bir sıra xətalara görə 2005-ci ildə "Quli"nin titulu bir neçə azərbaycanlı oğrunun birgə qərarı ilə əlindən alındı. Lakin "Quli" bu qərarla razılaşmadı və "oğru" adına iddia etməyə davam etdi. Həmin vaxt ona müqavimət göstərən əksər azərbaycanlı oğrular hazırda həyatda deyil. "Lənkəranlı Rövşən" "Quli"yə qarşı ən kəskin mübarizə aparan "oğru"lardandır. "Quli"nin "oğru" olmasında "Ded Xasan"nın böyük rolu olub. Deyilənə görə, hətta titulu alınandan sonra o, "Quli"nin əsl "oğru" olduğunu bildirib. Rövşənlə "Ded Xasanın" konfliktinin əsası bu amillə bağlı olsa da, sonradan Rusiyanın bir sıra şəhərləri uğrunda gedən nüfuz bölüşdürülməsi münasibətlərin daha da gərginləşməsinə gətirib çıxarıb. Bir müddət əvvəl Moskvada "Ded Xasan"a sui-qəsd olundu və təsadüf nəticəsində o sağ qaldı. Maraqlıdır ki, həmin hadisədən sonra "Ded Xasan" bu əməlin arxasında Rövşənin barmağı olduğunu iddia etməyə başladı. Sui-qəsddən sonra "Ded Xasan" bütün gücünü Rövşənin sıradan çıxarılmasına yönəldib". Kriminala yaxın mənbə daha sonra bildirdi ki, "Ded Xasan" öz planının həyata keçirilməsində azərbaycanlı oğrulardan ustalıqla istifadə edə bilir: "Əvvəllər bu qarşıdurmada bütün "oğru"lar birmənalı şəkildə Rövşəni dəstəkləyirdi. Lakin sonradan "Ded Xasan" titulu əlindən alınan "Sumqayıtlı Arif"ə yenidən "oğru" adı verdi. "Oğru" olmaq istəyən, lakin Rövşən tərəfindən bunun mümkün olmadığı özünə elan edilən "Masallı Rafiq"ə də "Ded Xasan" tərəfindən "oğru" adı verildi. Qeyd edim ki, Rafiq Rövşənin ən yaxın adamlarından olub. Bir sözlə, Rövşənin Azərbaycanda ciddi nüfuza sahib olduğunu bilən "Ded Xasan" usta tərpənərək bütün azərbaycanlı "oğru"ları ona qarşı cəbhəyə cəlb edə bilib. Hazırda azərbaycanlı "oğrular"dan "Novxanılı Dadaş", "Sumqayıtlı Arif","Gürcüstanlı Vaqif", "Qoca", "Masallı Rafiq", "Yasamallı Yunus" və başqaları birmənalı olaraq "Ded Xasan"ı dəstəkləyir. Bir neçə gün bundan əvvəl Rövşənin "oğru " olmaması ilə bağlı "Ded Xasan" tərəfindən göndərilən "praqon" Azərbaycana daxil olsa da, onun icrasına nail oluna bilmədi. Hazırda Azərbaycanın cinayət aləmində ikitirəlik hökm sürür. "Qobustan" həbsxanasının yarısı "Lənkəranlı Rövşən"i dəstəkləyir, yarısı isə "Ded Xasan"nın planlarını həyata keçirmək istəyən "Qoca" və "Quli"ni. Bir yeni, lakin təəccüblü xəbər ondan ibarətdir ki, "Ded Xasan" tərəfindən "Quli"nin oğru olduğu rəsmən elan olunub. Bu o deməkdir ki, artıq "Quli" də Azərbaycan ərazisində söz sahibinə çevrilib". Mənbənin dediyindən aydın olur ki, milyardlarla pulun dövr etdiyi bu dairələrdə əsl ölüm-dirim mübarizəsi gedir. Hazırda nə "Ded Xasan" Azərbaycandadır, nə də Rövşən. Bəs maraqlıdır, bu "razborkalar" niyə Azərbaycanda aparılır? Kriminal dünyasında Bakının adı "qırmızı" şəhərlər sırasında çəkilir. Bu o deməkdir ki, belə şəhərlərə nəzarət tam olaraq hüquq-mühafizə orqanlarının əlindədir. "Qırmızı" şəhərə "oğru" dünyasına aid belə bir mötəbər tədbirin salınması təsadüfdürmü? Bir sıra proseslərə dərindən fikir verdikdə bunun təsadüf olmadığı qənaətinə gəlmək mümkündür. "Oğru" aləminin əksər nüfuzlu nümayəndələrinin yaşadığı dövlətlərin bəzi güc mərkəzləri ilə bağlılığı olur. Xüsusilə "Ded Xasan"nın belə yaxınlığı barədə fikirlər daha çox səsləndirilir. Bu nüfuzlu kriminalın ən sıx əlaqələri isə biznes aləminin nümayəndələri ilədir. Rusiyada yaşayan maliyyə nəhəglərinin "Ded Xasan"la əlaqələrinin olmadığını söyləmək sadəlövlük olar. Onda bir detalı nəzərdən keçirək. "Yağmur" hadisəsi birbaşa "Ded Xasan"nın nəzarətində olub və bu, Moskvada yeni yaradılan, sıralarında azərbaycanlı milyarder-oliqarxların bir qrupunu birləşdirən və Kremlin "anti-Bakı layihəsi" kimi qarşılanan Ümumrusiya Azərbaycan Təşkilatları İttifaqının yaradıldığı dövrlə eyni vaxta düşür. Kriminal münasibətlərin Azərbaycanda aydınlaşdırılması ilə bağlı verilən qərarın arxasında ölkədə kriminogen durumu gərginləşdirmək məqsədi dura bilərmi? Mövzu kriminal aləmin nüfuzlu nümayəndələri ilə bağlı olduğu üçün adının çəkilməsini istəməyən, uzun müddət hüquq-mühafizə orqanlarında çalışmış ekspert hesab edir ki, bu adi hadisə deyil. Ekspertin sözlərinə görə, uzun müddətdir, Azərbaycanda belə "oğru" razborkaları keçirilmir: "Hətta hüquq-mühafizə orqanlarının güclü fəaliyyət göstərməsi səbəbindən oğruların əksəriyyəti Azərbaycanda yaşamağa belə qərar vermir. Çünki onların Azərbaycanda hərəkətini məhdudlaşdıran amillər çoxdur. "Yağmur"da belə yığıncağın keçirilməsi və hansısa mühüm qərarın verilməsi risqli bir addım sayıla bilər. Adətən "oğru" aləmində kiməsə ad vermək və ya kiminsə titulunu götürməklə bağlı mərasimlər Moskvada və ya Rusiyanın başqa şəhərlərində baş tutur. Bu addımın arxasında qara niyyətlərin durmasını istisna etmirəm. Belə addımların atılması ilə Azərbaycanda kriminogen durumun gərginləşdirilməsi istiqamətində hədəflərin olması da inandırıcı görünür". Hər halda, hüquq-mühafizə orqanları "oğru" dünyasına aid "razborkaların" Rusiyadan Azərbaycana transferi ilə bağlı daha ayıq-sayıq olmalıdır. Əks halda, Azərbaycanda kriminal münasibətlərin aydınlaşdırılması pis sonucla nəticələnə bilər. Məhəmmədəli QƏRİBLİ, "Bakı xəbər" qəzeti

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:47 16.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA