Quba hadisələrinə görə daha 7 nəfərin izi məhkəməyə göndərildi

img

18-09-2012 [06:03]


Quba hadisələrinə görə saxlanılan şəxslərdən ? Akif Əliyev, Səfər Qəribov, Zimistan Əmiraslanov, Habil Əliyev, Telman Dadaşov, Samir Abdullayev və Məmmədhüseyn Əkbərov barəsində olan cinayət işi baxılmaq üçün Quba rayon Məhkəməsinə göndərilib. APA-nın məlumatına görə, cinayət işi yaxın günlərdə məhkəmə hakimlərindən birinin icraatına veriləcək. Qeyd edək ki, Quba rayon İcra Hakimiyyətinin sabiq başçısı Rauf Həbibovun ötən il noyabrın 22-də sosial məsələlərin müzakirəsinə həsr olunmuş müşavirədə səsləndirdiyi bəzi fikirləri qubalılara hörmətsizlik kimi qəbul edən 1000 nəfərə yaxın sakin 2012-ci il martın 1-də, saat 10:00 radələrində icra hakimiyyətinin inzibati binası qarşısında etiraz aksiyası keçirib. Aksiya ilə bağlı Daxili İşlər Nazirliyi və Baş prokurorluq birgə məlumat yayıb. Məlumata görə, aksiya ilk dəqiqələrdən asayişin pozulmasına yönəlmədiyi və dövlətçiliyə dəstək xarakteri daşıdığı halda, sonradan tədbirə qatılmış ayrı-ayrı destruktiv elementlərin təhriki ilə dinc məcradan çıxaraq ictimai qaydanın kobud surətdə pozulması, şəxsi və dövlət əmlakının qəsdən məhv edilməsi, vətəndaşlar üzərində zor tətbiqi ilə müşayiət olunan hərəkətlərə keçib. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən və silah qismində əşyaların istifadəsi ilə törədilmiş hərəkətlər nəticəsində İcra Hakimiyyətinin birinci və ikinci mərtəbələrinin şüşələri və orada olan avadanlıqlar sındırılıb, bir neçə yardımçı tikinti və başçıya məxsus fərdi yaşayış evi yandırılıb. Hakimiyyət nümayəndələrinin qanuni tələblərinə tabe olmayan ayrı-ayrı aksiya iştirakçıları xidməti vəzifəsini yerinə yetirən 3 polis əməkdaşına həyat və sağlamlıq üçün təhlükəli olan xəsarətlər yetiriblər. Hüquqazidd əməllərin miqyasının genişlənməməsi, rayon sakinlərinin konstitusion hüquqlarının qorunması və təhlükəsizliyinin təmin edilməsi məqsədilə polis və Daxili Qoşun qüvvələrinin gördüyü qanuni tədbirlərlə asayiş bərpa olunub, vəziyyət nəzarətə götürülüb. Hadisə ilə əlaqədar 30-dan çox şəxs istintaqa cəlb olunub.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:47 16.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA