Bakı Apellyasiya Məhkəməsinin sədri Milli Məclisi aldadıb

img

15-07-2012 [12:55]


[b]Bakı Apellyasiya Məhkəməsinin sədri İman Nağıyev səlahiyyətlərini aşaraq, Milli Məclisə və qanunlara hörmətsizlik edib.[/b] Bu barədə Müstəqil İnformasiya Agentliyinə Bakı Apellyasiya Məhkəməsinin adının çəkilməsini istəməyən hakimlərindən biri məlumat verib. Bildirib ki, iyun ayında həmin məhkəmənin hakimləri Kəmaləddin Bədəlov, Toğrul Əliyev, İlqar Hüseynov, Raqib Qurbanov, Vidadi Məmmədov, Nurəddin Mustafayev, Elşanə Vəliyeva və Cahangir Yusifovun səlahiyyət müddətləri bitsə də, sədr İman Nağıyev qanunvericiliyə zidd olaraq, onların icraatına yeni işlər təqdim edib: "Qanuna görə, səlahiyyət müddətləri bitmiş hakimlərin icraatına belə işlər verilə bilməz. Yalnız icraatlarında olan işləri bitirməklə hökmlüdürlər. Amma gedin Apellyasiya Məhkəməsinin arxivlərini qaldırın, görəcəksiniz ki, İman Nağıyev sədr kimi iyun ayı boyunca onların icraatına yeni işlər verməklə, yuxarı instansiya məhkəmələrini təyin etmək səlahiyyəti olan Milli Məclisə və onun 125 deputatına necə hörmətsizlik edib". Mənbə bildirib ki, Bakı Apellyasiya Məhkəməsinin hakimləri Kəmaləddin Bədəlov, Toğrul Əliyev, İlqar Hüseynov, Raqib Qurbanov, Vidadi Məmmədov, Nurəddin Mustafayev, Elşanə Vəliyeva və Cahangir Yusifovun yenidən hakim təyin olunmaları haqqında iyunun 29-da Milli Məclis qərar verib: "Xatırlayırsınızsa, həmin vaxt iclasda Hüquq və Dövlət Quruculuğu Komitəsinin sədri bildirdi ki, təyin olunan bu hakimlər 2007-ci ildə test üsulu ilə imtahan verən və yüksək nəticə göstərən hakimlərdir. Ancaq onların 5 il İman Nağıyevin ən xırda qanunsuz tapşırığını necə yüksək səviyyədə icra etdiklərini təyinatlarda nəzərə almadılar. Çünki İman Nağıyev bu hakimlərin "xidmətləri"ni qarşılıqsız qoymaq niyyətində olmayıb. İstəsəydi, onlara problemlər yarada bilərdi. Elə bu səbəbdəndir ki, Bakı Apellyasiya Məhkəməsi hakimlərinin böyük əksəriyyəti İman Nağıyevin qanunsuz tapşırıq və göstərişlərinə qarşı çıxa bilmirlər. İman Nağıyev isə Milli Məclisin rəhbərliyindən, hətta Məclisin komitə sədrlərindən gələn ən qanunsuz xahişləri də 100 faiz təmin edir. Daha doğrusu, həmin işlərin xahişə uyğun həllinə nail olur. Belə qanunsuzluqlar isə hakimləri cana doyurub. Çünki elə bir iş yoxdur ki, İman Nağıyev onlar haqqında tapşırıq verməsin. Hakimlərin müstəqilliyi tamam itib. Sədr hakimlərlə müsəlman ailələrinin başçısı kimi davranır. Nə deyirsə, elə olmalıdı. Əks halda, həmin hakimin karyerası sual altına düşə bilər. Yəni, hakimlər təhdid də edilirlər". Mənbə bildirib ki, İ.Nağıyev vəzifəsinin verdiyi üstünlüklərdən əlavə, qanunsuz qətnamələr çıxartdırmaqla da, hakimləri fakt qarşısında qoyur: "Sonradan həmin qətnamələr kompromat kimi arxivləşdirilib, saxlanılır. Çünki məqamı çatanda həmin kompromatlar hakimlərə qarşı istifadə edilməsi nəzərdə tutulur". Məlumata görə, bir neçə ay bundan əvvəl Milli Məclisin komitə sədrlərindən biri ilə İ.Nağıyev arasında gizli anlaşma olub. Bu barədə hələlik danışmaq istəməyən mənbə bildirib ki, Bakı Apellyasiya Məhkəməsinin hakimləri onun belə idarəçiliyi ilə artıq barışmaq niyyətində deyillər: "Sədr əsasən "yağlı işləri" özünə yaxın olan hakimlərin icraatına yönəldir. Digər hakimlərə isə harada qalmaqallı hadisələrlə zəngin işlər var, onu verir. Üstəlik, sonradan vəziyyətə uyğun "pərdə arxasında"n həmin işləri yönləndirir də. Hətta məzuniyyətdə olan da hakimlərin icraatındakı işləri də nəzarətsiz buraxmır, qanunsuz tapşırıqlarını köməkçiləri və ya birbaşa özü verməkdə davam edir. Bu isə hakimlərin narazılığını daha da artırıb". Mənbə onu da deyib ki, artıq bir çox hakimlər, o cümlədən Ağır Cinayətlərə dair Hərbi Məhkəmədən bu məhkəməyə təyinat alan hakimlər də onun bu qanunsuz göstərişləri ilə barışmaq niyyətində deyillər. Bundan əlavə, iyunun 29-da təyin olunmuş hakimlərdən bir neçəsi də İ.Nağıyevə qarşı nifrətini gizlədə bilmir. Çox güman ki, sentyabr ayında sədrin qanunsuzluqları ilə bağlı 46 hakimdən 20-nin imzası ilə prezident İlham Əliyevə və digər aidiyyatı dövlət qurumlarının rəhbərlərinə şikayət məktubu göndəriləcək. MİA-nın əməkdaşı məsələ ilə bağlı qarşı tərəfin mövqeyini öyrənməyə çalışsa da, buna nail ola bilməyib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:47 16.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA