Rusiya BMT TŞ-ya Suriyaya dair qətnamə layihəsi təqdim etdi

img

11-07-2012 [12:17]


Rusiya BMT-nin Təhlükəsizlik Şurasına Suriyaya dair qətnamə layihəsi təqdim edib. Qətnamə layihəsində Suriyadakı BMT müşahidəçilərinin missiyasının daha 3 ay uzadılmasına çağırılır. Bu, müşahidəçilərin öz missiyalarını mövcud olmayan atəşkəsin müşahidəsindən münaqişənin siyasi həll yolunun axtarılmasına keçirməsi üçün təklif olunur. Suriya məsələsində üzvləri arasında fikir ayrılığının olduğu BMT-nin Təhlükəsizlik Şurası beynəlxalq müşahidəçilərin Suriyadakı fəaliyyətinə dair iyulun 20-dək qərar verməlidir. Həmin gün müşahidəçi qrupunun 90-günlük mandatı başa çatır. Bu gün isə BMT və Ərəb Ölkələri Liqasının Suriya üzrə xüsusi səfiri Kofi Annan Təhlükəsizlik Şurası qarşısında çıxış edərək, öz fəaliyyəti barədə məruzə edəcək. Kofi Annan Suriyadakı iğtişaşların tənzimlənməsinə və sülhün bərqərar edilməsinə dair yeni planını da təqdim edəcək. Bəzi mənbələr isə Kofi Annanın öz təşəbbüslərinə son verdiyini elan edəcəyini bildirir. Mütəxəssislər ehtimal edirlər ki, Rusiyanın təklif etdiyi qətnamə layihəsi münaqişənin diplomatik yolla yanaşı, hərbi müdaxilə yolu ilə həllində təkid edən ABŞ və Avropa liderlərini razı salmayacaq. ABŞ, bununla belə, hərbi müdaxilə və yeni insan tələfatına deyil, sanksiyaların tətbiq edilməsinə çalışdığını bəyan edir. Xatırladaq ki, BMT-nin Təhlükəsizlik Şurasının daimi üzvləri olan Rusiya və Çin daha əvvəl bir neçə dəfə bu qurumun Suriya prezidenti Bəşər Əsədin istefasını tələb edən və ölkəyə hərbi müdaxiləyə əsas verəcək qətnamələrə veto qoymuşdu. Bu arada, Rusiyanın xarici işlər naziri Serqey Lavrov yenidən Moskvada Suriya müxalifətinin nümayəndələrini qəbul edəcək. Sonuncu analoji görüş 2 gün əvvəl baş tutmuş, Suriya müxalifətinin nümayəndələri Rusiya hökumətindən Suriyaya dair mövqeyini dəyişməyi xahiş etmişdi.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA