Sabiq nazir Fərhad Əliyev məhkəmədə yenə uduzdu

img

07-05-2012 [09:51]


2005-ci ildə həbs olunaraq 10 il müddətinə azadlıqdan məhrum edilən sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyev Azərbaycan dövləti ilə yenidən start verdiyi məhkəmə çəkişməsindən məğlub ayrılıb. Bu barədə Müstəqil İnformasiya Agentliyi Bakı Apellyasiya Məhkəməsindən məlumat əldə edib. Məlumatda bildirilir ki, sabiq nazirin Azərbaycanın Avropa Məhkəməsinin çıxardığı qərar və tövsiyələrə əməl etməməsindən bəhs edən şikayəti Bakı Apellyasiya Məhkəməsinin hakimi Sərvət Hüseynov tərəfindən də rədd olunub: ?Aprel ayının 2-də keçirilən son prosesdə hakim qərarını elan edib. Qərara görə, Fərhad Əliyevin 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin çıxardığı qərardan verdiyi şikayət əsassız sayılıb?. Sabiq nazirin bu qərardan Ali Məhkəməyə şikayət verib-verməyəcəyini dəqiqləşdirmək mümkün olmayıb. Xatırladaq ki, sabiq nazir Fərhad Əliyev cavabdeh qismində Azərbaycanın siyasi hakimiyyətini və ya konkret Ədliyyə Nazirliyini deyil, Insan Hüquqları üzrə Avropa Məhkəməsi yanında Azərbaycanın səlahiyyətli nümayəndəsi Çingiz Əsgərovu göstərib. Fərhad Əliyev məhkəmədən Avropa Məhkəməsinin çıxardığı qərarın icra edilməməsinin qanunsuz olduğunun təsdiq edilməsini və həmçinin, buna görə şəxsinə vurulmuş maddi və mənəvi təzminat tələb edir. Lakin birinci instansiya məhkəməsi, yəni 1 saylı Bakı Inzibati-Iqtisadi Məhkəməsi onun iddialarını haqlı saymayıb. Ona görə də sabiq nazir apellyasiya şikayəti verib. Onu da qeyd edək ki, Avropa Məhkəməsi Fərhad Əliyevlə bağlı 2010-cu il noyabrın 9-da qərar çıxarıb. Qərara görə, Fərhad Əliyev həbs olunarkən və həbsdə saxlanıldığı vaxt azad və təhlükəsiz yaşamaq hüququnun, təqsirsizlik prezumpsiyasının pozulub. Məhkəmə, həmçinin bu hüquq pozuntularıyla əlaqədar Azərbaycan hökumətinin üzərinə Fərhad Əliyevə vurulan mənəvi ziyana görə 16 min, çəkilən xərclərə görə isə 25 min avro (cəmi 41 min avro) təzminat ödəmək öhdəliyi qoyub. Ancaq üç aya yerinə yetirilməli olan qərar bu günədək icra olunmayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:47 16.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA