Fərhad Əliyev Azərbaycan hakimiyyəti ilə yenidən məhkəməyə çıxdı

img

02-05-2012 [12:13]


2005-ci il oktyabrın 19-da, parlament seçkiləri ərəfəsində ölkədə siyasi hakimiyyəti devirməyə cəhddə ittiham olunan, amma sonradan müəmmalı səbəblərdən barəsindəki ittihamlar dəyişdirilərək, iqtisadi cinayətlərdə suçlanan və xidməti kabinetində həbs olunaraq 10 il müddətində azadlıqdan məhrum edilmiş iqtisadi inkişaf naziri Fərhad Əliyev Azərbaycan dövləti ilə yenidən məhkəmə çəkişməsinə start verib. Sabiq nazir Fərhad Əliyevin belə bir addım atmasının səbəbi isə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin çıxardığı qərarlar və tövsiyələrə əməl olunmamasıdır. Bu barədə Müstəqil İnformasiya Agentliyinə Bakı Apellyasiya Məhkəməsindən məlumat daxil olub. Məlumatda bildirilir ki, sabiq nazir şikayətində ölkənin siyasi rəhbərliyi ilə münasibətlərini yenidən kəskinləşdirməmək üçün iddia ərizəsini xeyli yumşaldıb: ?O, hətta cavabdeh qismində Azərbaycanın siyasi hakimiyyətini və ya Ədliyyə Nazirliyini deyil, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi yanında Azərbaycan Respublikasının səlahiyyətli nümayəndəsi Çingiz Əsgərovu göstərib. Fərhad Əliyev məhkəmədən Avropa Məhkəməsinin çıxardığı qərarın icra edilməməsinin qanunsuz olduğunun təsdiq edilməsini və həmçinin, buna görə şəxsinə vurulmuş maddi və mənəvi təzminat tələb edir. Lakin birinci instansiya məhkəməsi, yəni 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi onun iddialarını haqlı saymayıb. Ona görə də sabiq nazir apellyasiya şikayəti verib?. Sabiq nazir Fərhad Əliyevin şikayəti hal-hazırda Bakı Apellyasiya Məhkəməsinin hakimi Sərvət Hüseynovun sədrliyi ilə araşdırılır: ?Hakim aprelin 2-də Fərhad Əliyevin şikayəti üzrə nəzərdə tutulan iclasda qərarını açıqlamayıb. Yəqin ki, qarşıdakı həftədə hakim iş üzrə qərarını elan edəcək. O zaman bilinəcək ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı qüvvədə qalacaq, yoxsa yox?. İnformasiya ilə bağlı Fərhad Əliyevin vəkilləri ilə danışmaq cəhdlərimiz alınmayıb. Yaxın saatlarda sabiq nazirin hüquqlarını qoruyan vəkilləri ilə yenidən əlaqə yaradıb, məlumatı yeniləməyə çalışacağıq.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:47 16.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA