Yol polisi cəzaların sərtləzdirilməsini necə izah edir?

img

10-04-2012 [12:38]


Azərbaycanda yol hərəkəti qaydalarının pozulmasına görə cəzaların sərtləşdirilməsi və bəzi maddələr üzrə cərimələrin məbləğinin artırılması intizamlı sürücüləri narahat etmir. Respublika Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev bazar ertəsi "Trend"ə bildirib ki, cəzaların sərtləşdirilməsi ilə bağlı qanunvericiliyə edilən son dəyişikliklərlə əlaqədar idarəyə intizamlı sürücülər tərəfindən ünvanlanan çoxsaylı müraciətlərdə cəza tədbirlərinin sərtləşdirilməsi alqışlanır. Onun sözlərinə görə, nəzərdə tutulan dəyişikliklərin müəyyən qismi nəqliyyat vasitələrinin sürücüləri tərəfindən sürət həddinin aşılması ilə bağlı məsuliyyətin gücləndirməsini nəzərdə tutur. "Bu gün respublikada baş verən yol qəzalarının təxminən yarısı - 44 faizi sürət həddinin aşılması ilə bağlıdır. Son vaxtlar nəqliyyatın sıxlığına, tıxacların yaranmasına səbəb olan sürücülər də var ki, xəttin tələbini pozaraq qarşıdan gələn nəqliyyatın yoluna çıxır. Bu baxımdan, sürət həddinin aşılması və bilərəkdən yol verilən digər inzibati xətalara qarşı məsuliyyətin artırılması ağır qəzaların qarşısının alınmasına yönəldilib. Həmçinin sürücülük hüququ olmadan nəqliyyat vasitəsinin idarə olunmasına görə cəzaların sərtləşdirilməsi də bu məqsədə xidmət edir" - şöbə rəisi deyib. Əliyevin sözlərinə görə, yol qəzalarının təhlili göstərir ki, ağır qəzaların təxminən 20 faizə yaxını sürücülük hüququ olmadan nəqliyyat vasitəsini idarə edənlər tərəfindən törədilir.Son dəyişikliklərdə təhlükəsizlik kəmərindən istifadə olunmamasına görə cərimənin məbləği 15 manatdan 40 manata qədər artırılıb. "Bir neçə gün öncə Salyan yolunda "Mercedes"in aşması nəticəsində 3 nəfər öldü, 2 nəfər yaralandı. Sürücü və sərnişinlər təhlükəsizlik kəmərindən istifadə etmiş olsaydı, qəzanın belə ağır nəticəsi olmayacaqdı. Həmin qəzada ölən və xəsarət alanlar avtomobilin pəncərəsindən çölə çıxmışdılar. Ona görə də, bu inzibati xətaya görə inzibati məsuliyyətin gücləndirilməsi vacibdir" - Əliyev deyib. Qeyd edək ki, bir neçə gün öncə Milli Məclis İnzibati Xətalar Məcəlləsinə və "Yol hərəkəti haqqında" qanuna dəyişikliklər edib.Həmin qanunlarda bir sıra yol hərəkəti qaydalarının pozulmasına görə nəzərdə tutulan cərimələrin məbləğinin artırılması, cərimə ballarının 10 baldan 12-yə çatdırılması, yollarda radarların quraşdırılması ilə bağlı xəbərdaredici yol nişanlarının qoyulmasının məcburiləşdirilməsi, inzibati xəta törətmiş şəxsin iştirakı olmadan inzibati protokolun tərtib olunması barədə prosedurlar nəzərdə tutulub.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:47 16.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA