Prezident siyasi məhbusun bacısına ev verib

img

27-09-2011 [06:39]


Səid Dadaşbəylinin işi üzrə İctimai Müdafiə Komitəsi həmin iş üzrə həbs olunan 10 nəfərdən biri ilə bağlı ictimaiyyətə müraciət edib. Müraciətdə bildirilir ki, müraciəti yaymaqda məqsəd dövlət çevrilişində təqsirli sayılaraq həbs olunan Samir Qocayevin günahsız olmasını bəyan etməkdir. Müraciətdə bildirilir ki, 2007-ci ilin dekabr ayının 10-da hakim Ənvər Seyidov sifarişli hökmlə Samir Edik oğlu Qocayevi Cinayət Məcəlləsinin 218.2-ci (mütəşəkkil dəstələrin təşkilatçılarının, rəhbərlərinin və ya sair nümayəndələrinin birliyində iştirak etmə) və 278-ci (hakimiyyətin zorla ələ keçirilməsinə, yaxud hakimiyyətin zorla saxlanılmasına, habelə dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətlər) maddələri ilə təqsirli sayıb və onu 13 il azadlıqdan məhrum edib. Hazırda o 7 saylı cəzaçəkmə müəssisəsində saxlanılır. Müraciətdə ən maraqlı məqam ondan ibarətdir ki, S.Qocayev həbs olunandan sonra onun bacısı ölkə rəhbərliyi tərəfindən mükafatlandırılıb. Müraciətdə qeyd olunur ki, S.Qocayevin bacısı İradə Qocayeva həndbol üzrə Azərbaycan Respublikası ABU Arena yığma komandasının güclü oyunçularından biri idi: ?Samir Qocayevin ittihamından bir neçə gün sonra, möhtərəm Prezidentimiz cənab İlham Əliyev Samirin bacısı İradə Qocayevanı ?ABU Arena? komandasının güclü bir həndbolçusu kimi vətənimizi təmsil etdiyinə görə şəxsən özü ev orderi ilə mükafatlandırıb. Belə çıxır ki, Səid Dadaşbəyli ilə yanaşı sifarişlə həbs olunan 10 nəfər gənclərin başlarına gələnləri, çıxarılan hökmdən cənab prezidentin xəbəri yoxdur və bu günə kimi məxfi saxlanılır? - deyə müraciətdə bildirilir. Müraciətdə S.Qocayevin bütün asudə vaxtını ailəsinə həsr etdiyi, heç bir hökumət, qeyri-hökumət təşkilatında və partiyalarda iştirak etmədiyi, siyasətdən uzaq olduğu bildirilir. Bundan əlavə, heç bir dövlət, hərbi, siyasi və dini hərəkatlarla əlaqəsi olmayıb. 32 yaşlı S.Qocayev Bakıda anadan olub və 1995-1999-cu illərdə Azərbaycan Dövlət İdman Akademiyasında təhsil alıb. 1999-2000-ci ildə hərbi xidmətdə olub və sonradan bir neçə il ?MC. Dermott Caspian Contractor?s İNC? neft şirkətində texnik vəzifəsində işləyib. Ailəlidir, bir az yaşlı qızı var. S.Qocayev valideynlərini çox gənc ikən itirib. Valideynlərin hər ikisi Qəbələ rayonunun Nic kəndində anadan olub. Atası taksi sürücüsü, anası isə orta məktəbdə riyaziyyat müəlliməsi olub. S.Qocayev 11 yaşında olarkən atası avtomobil qəzasında həlak olub, anasını isə 2005-ci ildə ağır şəkər xəstəliyindən itirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA