Tahir Abbaslı Iran prezidenti Əhmədinəjada açıq məktub yazıb

img

26-09-2011 [12:14]


Azərbaycan İslam Demokrat Partiyasının sədri Tahir Abbaslı Iran Islam Respublikasının prezidenti hörmətli Əhmədinəjad cənablarına açıq məktub yazıb. Məktubda deyilir: Cənab prezident hüzurlarınıza salam və hörmətlərimi çatdıraraq sözümə başlamaq istəyirəm. İslam ölkələrində demokratiyanın və insan haqlarının olmaması, sadəcə diktatorluqla idarə edilən bu ölkələrə zərər vermir, həm də müqəddəs dinimiz İslam haqqında da xoşa gəlməyən imic yaradır. Bu səbəbdən də dünya millətləri müqəddəs dinimiz haqqında da yanlış bilgilərə sahib olurlar. Bu yanlış bilgiləri ortadan qaldırmaq üçün İslam ölkələrinin dərhal demokratiayaya keçmələri lazımdır. Ərəb ölkələrində başlayan demokratikləşmə dalğalarını bu baxımdan çox müsbət dəyərləndirmək olar. Ancaq Azərbyacan Respublikasında yaşayan müsəlman əhalinin və bizim partiyamızın da əsas arzularından olan qonşumuz İranın demokrtiyaya və açıq cəmiyyətə keçməsidir. Çünkü İran bizim dövlətimiz və millətimiz üçün bir neçə səbəbə görə çox önəmlidir. Birici ona görə ki, qonşumuz olan bir ölkənin demokratik üsullarla idarə olunması istər-istəməz bizə də müsbət təsir göstərər. İkinci ona görə ki, İran Yaxın Şərqin böyük müsəlman ölkələrindən biridir və İranın demokratikləşməsi Yaxın Şərqdə sülhün inkişafına kömək edər. Ən əsası isə ona görə ki, İranda yaşayan bizim Azərbaycanlı soydaşlarımız səbəbsiz yerə təqiblərə məruz qalmaz, zindanlara atılmaz. Bu səbəbdən də ölkəniz İranın inkişafını və demokratikşləməsini arzu etmək bizi islami vəzifəmizdir. Hörmətli prezident, Urmu və Təbrizdə sivil yolla ekologiya problemi ilə bağlı nümayış keçirən soydaşlarımızın necə döyüldüklərini TV kanallarında və internetdə tamaşa etdik. Daha sonra yüzlərcə cavan adamın günahsız yerə yaxalanıb zindanlara atıldıqları xəbərləri yayıldı. Ölkənizin prezidenti olaraq bu həbslərdən xəbəriniz olmalıdır. Cənab prezident, Urmu və Təbrizdə sivil yolla nümayiş keçirən azərbaycanlıları əzmək yerinə dövlətiniz bu nümayişçilərə təşəkkür etməlidir. Çünkü öz vətənlərini sevən və onun ekoloji sistemini qorumaq üçün belə aktiv olan vətəndaşlar dövlət və ölkə üçün bir şansdır. Bu şansdan doğru-dürüst faydalanmaq yerinə onların səsini boğmaq, sadəcə soydaşlarımızın haqlarının əzilməsi və ailələrinin pərişan vəziyyətə düşməsi mənasında deyil, həm də bu boğuntuların nəticəsi olaraq ölkəniz də çox şeylər itirə bilər. Cənab prezident, biz Azərbaycanda yaşayan müsəlmanlar olaraq İslam ölkələrinin Qərb dövlətləri tərəfindən işğal edilməsini, ya da hücumlara məruz qalmalarını heç vaxt arzu etmirik. Ancaq nə yazıq ki, İslam ölkələrindəki despotizm Qərb güclərinin müdaxilələri üçün şərait yaratmaqdadır. İnsanların haqlarını vermək və vətəndaşları dinləmək yerinə, onların səsini boğmaq və zindanlarda ömürlərini çürütmək qətiyyən doğru əməl deyildir və dünyanın azad vicdanlı insanlarının etirazlarını doğurmaqdadır. Dünyada demokratikləşmə havasının əsdiyi bir vəziyyətdə soydaşlarımızın yaşadığı İran İslam Respublikasının da dəyişməsi və demokratikləşməsi həm İranın gələcəyi üçün, həm də dünya sülhü üçün çox faydalı ola bilər. İnsan haqlarına sayqılı olmaq və müqəddəs dinimizi siyasətin əlində oyuncaq etməmək ən böyük savab işdir. Çünkü İslam məsələsi bir tək ölkəyə məxsus olan hadisə deyildir və bütün müsəlmanları maraqlandırmalıdır. Müsəlman soydalarımızın ölkənizdə təqiblərə məruz qalmaları, Allahın verdiyi milli haqlarının danılması biz müsəlmanları da dərindən narahat edir. Qardaşlıq və sülhün carçısı olan müqəddəs dinimizin tarix boyu qoruyucusu olan azərbaycanlılar yenə də dinimizlə bağlı məsuliyyət duyğuları daşımaqdadırlar. Azərbaycan Respublikasında yaşayan biz müsəlmanlar İranda dindaş soydaşlarımızın milli və dini haqlarının əzilməsindən dolayı çox narahatlıq hissi keçirməkdəyik. Xarici güclərin təcavüzünə məruz qalmadan soydaşlarımızın yaşadığı İran ölkəsinin dərhal demokratiyaya keçməsini arzu edirik. Allah bütün müsəlmanları bəlalardan qorusun və müsəlmanlara öz ölkələrini demokratikləşdirmək üçün yardımçı olsun.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA