Qabil Hüseynli: ?PKK-nı Suriya fəallazdırıb?

img

21-08-2011 [09:30]


Türkiyə Silahlı Qüvvələri bir müddət öncə 9 türk əsgərinin şəhi olmasına səbəb olan PKK terrorçularına qarşı yeni hərbi əməliyatlara başlayıb. Şimali İraqdakı PKK düşərgələri istiqamətində keçirilən əməliyyatda 20 hədəf havadan, 85 hədəf isə qurudan vurulub. Əməliyatların davam edəcəyi bildirilir. Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın verdiyi açıqlamalara görə, PKK-ya qarşı daha sərt mübarizəyə start verilib. Məsələylə bağlı açıqlama verən politoloq Qabil Hüseynli deyib ki, PKK-nın fəallığı pik nöqtəsinə çatıb: "Bundan əvvəl PKK-nın fəaliyyətinin saxlanılmasının səbəblərindən biri Türkiyənin İraqın içərilərinə doğru hərəkət etmək və orada PKK düşərgələrinə qarşı hərbi əməliyyatlar keçirmək imkanına malik olması idi. Amma Türkiyə Amerikaya öz ərazisindən İraqa hücuma keçməyə icazə verməyəndən sonra, ABŞ-la Türkiyə arasındakı münasibətlər soyuqlaşdı. Amerika Səddam Hüseyni yıxdıqdan sonra Türkiyəyə hərbi əməliyyatları keçirməyə imkan vermədi. Bundan sonra Türkiyə İraqda PKK əleyhinə hərbi əməliyyatlar apara bilmədi. Bunun nəticəsində də PKK Kandil dağlarında məskən saldı, geniş kamplar qurdu. PKK-dan başqa İraqın şimalında Bərzaninin kürd dövləti yaradıldı. Yəni İraqın şimalı bütünlüklə kürdlərə ərməğan edildi. Bundan sonra da PKK-nın həm əsgəri təsir gücü, həm də təbliğati təsir gücü xeyli artmış oldu. PKK xaricdə televiziya açdı, xaricdən onlara dəstək də artmağa başladı". Politoloq, PKK-nın son prseslərdə fəallaşmasının Suriya ilə əlaqəli olduğunu vurğulayaraq, bununla bağlı arqumentlərini də dilə gətirdi: "PKK-nın yarandığı yer də Suriyanın paytaxtı Şam şəhəridir. İndi də həmin təsir qalmaqdadır. Rusiya bu təşkilata ciddi dəstək verir. Avropa ölkələri də insan haqlarını bəhanə gətirərək onlara siyasi dəstək verirlər. Amma bir fakt diqqəti çəkəndir ki, PKK-nın fəallığı məhz Türkiyənin Suriyanı hədələməsindən sonra daha da canlandı. Davudoğlunun Suriyaya səfəri və oradan əliboş qayıtmasından sonra təxminən 35-36 nəfər şəhid edilib. Onların hamsı Türkiyənin ərazisi daxilində baş verib. Bütün bunlar da onu göstərir ki, Suriyanın təsiri hələ də qalmaqdadır". Q.Hüseynli hazırda Türkiyənin hərbi əməliyyatlara başladığını xatırladaraq bildirib ki, hazırda hökumət daha sərt mübarizə yolu seçib. Onun sözlərinə görə, Türkiyə İraqın şimal bölgəsi istiqamətdəki əməliyyatların aparılması ilə bağlı ABŞ-la razılıq da əldə edib. Qurudan hərbi əməliyyatlar aparılması üçünsə Amerika ilə danışıqlar aparırılır. Müsahibimiz onu da qeyd edib ki, hərbi əməliyyatlarla yanaşı, PKK-nın arxa cəbhəsi də zərərsizləşdirilməlidir: "Məncə, PKK-ya zərbəni xaricdən deyil, daxildən vurmaq lazımdır. Daxildə PKK-ya yol göstərən, onların asanlıqla qaçmasına şərait yaradan yerli əhalidir. Əhali arasında PKK-ya yardım edən insanlar var, bunlar da cəzasız gəzir. Bütün bunlar onu göstərir ki, həmin bölgədə Türkiyənin hakimiyyət boşluğu var". Politoloqun fikrincə, güc strukturları, xüsusi xidmət orqanlarının fəaliyyəti yarıtmazdır. Ona görə də Türkiyə hökuməti hər şeydən əvvəl bu yöndə daha ciddi iş aparmalıdır ki, PKK-ya qarşı mübarizə effektiv olsun.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA