04-06-2011 [02:01]
[u][b]İlqar Altay
İctimai Tədqiqatlar Mərkəzinin direktoru
?İnteqral? jurnalının baş redaktoru
Hüquq elmləri namizədi[/b]
[/u]
Əslində, dərin təhlil aparsaq, Azərbaycanın müstəqillik əldə etdiyi 20 ildə, qonşu İran İslam Respublikası ilə qarşılıqlı münasibətlərdə, elə bir səmimiyyət hiss olunmayıb: inamsızlıq, paranoikal simptomlar, dəyişkənlik, gərginlik və narazılıqdar. Tarixi, mədəni, dini, yaxın qonşuluq amillərinin əsas götürülüb, ara-sıra ?qardaşlıq? şüarının səslənməsinə rəğmən.
[b]Görünməmiş gərginlik [/b]
Ancaq, son dövrlər və xüsusilə, 2011-ci ilin başlanğıcından bəri, bu münasibətlər görünməmiş gərginlik və qarşılıqlı ittihamlar səviyyəsinə çatdı. Demək olar ki, bütün: ictimai, siyasi, mədəni və s. səviyyələrdə. Və bu hal həm də, faktiki olaraq dövlət səviyyəsində hiss olundu. Doğrudur, rəsmi dövlət rəhbərliyi səviyyəsində hələ ki, hər iki tərəfdən təmkinli davranış sərgilənir. Ancaq bunlar, üzdə olan bir görüntüdür. Hər iki tərəfdən, iqtidaryönlü deputat və ictimai-siyasi xadimlərdən tutmuş, KİV-lərə qədər bütün vasitələrin işə salınması bu soyuq savaşın həm də iqtidarlararası olduğunu biruzə verir.
Neçə illər, Bakıda bəzi məktəblilərin ?hicab ya, məktəbli forması?!? dilemması qarşısında qoyulması ilə başlayıb, orta məsafəli söz atışmaları ilə bitən İran-Azərbaycan ?savaşı?, bu dəfə, Azərbaycanda iranyönlü İslam Partiyası üzvlərinin həbsi və İranda ayətullahların antiazərbaycan fitvası dərəcəsində ciddi nəticələrədək gəlib çıxdı.
[b]Səbəb hansı tərəfdədir?[/b]
Nədir, dini, mədəniyyəti, musiqi-muğamı, adət-ənənəsi, milli çoxluqları (azəri) eyni olan iki qonşu ölkəni davamlı etimadsızlıq durumunda saxlayan başlıca səbəb? Bundan da öncəsi, ölkələr arasında son, görünməmiş gərginlik niyə yarandı, səbəb hansı tərəfdədir?
Göstərilən səbəbləri ilk növbədə İran içərisində axtarmağı zəruri saydım. Niyə? Dünyada bütün elmələr, nəzəriyyələr və eləcə də tədqiqatlar məntiqə söykənir və bu əlahəzrət mütləq müstəvinin üzərində qurulur. Məntiqlə, yeni müstəqillik əldə etmiş, ömrünün qurulma dövrünü yaşayan və üstəlik, ermənilər kimi bir müsibət millətlə dava şəraitində yaşayan 9 milyonluq Azərbaycan dövlətinin daha bir 75 milyonluq nəhəng qonşu ilə hətta, ictimai səviyyədə belə savaş açmağa nə məqsədi, nə arzusu, nə də həvəsi ola bilməz. Bu, mübahisəolunmaz bir qanunauyğunluqdur.
Ancaq, İran böyük dövlət olmaqdan başqa, ondan da böyük ideyalarla yaşayır. Onun indiki hakimiyyəti ilk yaranışından, dünya toplumu içində elə qeyri-ordinar ambisional ideoloji istiqamət götürüb ki, ən azından, yaxın ətrafında özünəoxşar ölkələrin yaranmasına nail olmazsa, onları öz getdiyi dumanlı yola çəkməzsə, təcrid və oradan da məhv vəziyyətinə düşə bilər. Bunu biz, Sovet İttifaqı nümunəsini yaşayaraq görmüşük. Odur ki, İran üçün xarici siyasət, xarici ölkələrə təsir, inqilab ixracı vacib məsələdir.
İ[b]ran hazırlıqlı imiş[/b]
Elə, son soyuq dartışmadan aydın oldu ki, İran kiçik qardaş adlandırdığı Azərbaycanla münasibətdə, bu bir neçə son sakitlik, atəşkəs illərində heç də boş oturmayıbmış. Kifayət qədər xərc və zəhmət çəkib, qonşu ölkə ərazisində kəskin anlarda istifadə üçün öz lazımi ?rıçaq?larını yaradıb. Tehrandan düymə basılan kimi, Azərbaycan ərazisində hicab tərəfdarlarından tutmuş, siyasi islamçılara, Şiəyönlü köhnə ortodoks təbəqəsindən tutmuş, Məşhəddə təlim keçmiş gənc dindarlara kimi, xorla ayağa qalxdılar. Bu xora da, İran tərəfdən KİV- lərdən tutmuş, fitva vermə qüdrətinə malik Ayətullahlara qədər təsirli vasitələr dirijorluq etdi. Sistemli bir proses getdi.
İndi gəlin görək, Azərbaycan bu soyuq atışma gərginliyi dövründə İran daxilində hansı tərəfdar vasitəsini işə sala bildi? İran tərəfdən hansı ictimai, siyasi, dini xadim, ictimai-siyasi təşkilat, və yaxud, bir kəs Azərbaycanın azacıq belə tərəfini saxlayacaq səs çıxardı? Heç kim. Nə cəmiyyət, nə iqtidar, nə də müxalifət içərisindən! Demək, Azərbaycan bu istiqamətdə işləməyib və əslində, İran ərazisində özü üçün hansısa istinad nöqtəsi yaratmaqda heç məqsədi və marağı belə olmayıb.
[b]Tədqiqat istiqaməti. [/b]
Bütün bu əsaslandırmalardan sonra İran İslam Respublikasına gedib, göstərilən suallara yerində aydınlıq gətirməyi qərara aldım. Hesab etdim ki, canlı faktlarla əsl həqiqətlərin ictimai təsiri Bakıda oturub, İran tərəfini quru ittiham etməkdən daha effektli olar. Səfərdə daha bir məqsəd, fürsət ikən, İranda ictimai durumun, demokratiya və insan hüquqlarının, oradakı soydaşlarımızın ümumi vəziyyətinin öyrənilməsi idi.
İrana bizim vətəndaşlar üçün viza lazım olmadığını bilirdim. Ancaq onu da bilirdim ki, pasportumda İsrailə səfər vizası olduğu üçün İrana daxil olarkən, ölkəyə buraxılmamaq dərəcəsində problem yarana bilər. Pasportumu təcili dəyişmək də sərf etmirdi, ona 6 aylıq, çoxgedişli Britaniya vizası vurulmuşdu. Qərara gəldim ki, risq edim: Tehran hava limanında ölkəyə buraxmasalar, təkid edərəm, geriyə qaytarsalar, bu da İran həqiqətləri barədə bir yazının, bir tədqiqatın mövzusu olar.
İrana girişdə və ümumiyyətlə, orada səfərimdə problem yaranmaması üçün, hər ehtimala görə, qarşıdakı səfər barədə yalnız bir informasiya agentliyinə qısa məlumat verdim. Tam verilməməsi də olmazdı, çünki, səfər ictimai tədqiqat xarakterli idi və tam gizli gedib, birdən-birə İranda peyda olmaq da, suallar yarada bilərdi. Düşündüm ki, geniş məlumatı, İranda səfərim oturuşandan sonra verim.
[b]İrana səfər. 01 fevral, 2011. [/b]
1 fevral 2011 tarixdə gecə uçdum. Bakı Heydər Əliyev hava limanında gömrük keçidinə yaxınlaşanda, dərhal monitorun arxasına fərqli bir gömrükçü keçməklə, çantamı yoxlayıcı aparatda başqalarınınkına nisbətən xeyli saxladılar. Hiss etdim ki, içindəkiləri bir-bir ?skayn? edirlər. Bu, məni bir qədər düşündürdü, daxilimdə qarışıq hissiyat yaratdı: qarışıq dövrdür, sığortalanma şkalası qalxıb!
Hava aydın olduğu üçün, gecə işıqları fonunda Tehranın gözəl görüntüsü vardı. Xəzər dənizinin alt, cənub tərəfindən keçən, Talış Dağları adlandırdığımız dağ silsiləsinin də cənub ətəyində yerləşən çox böyük şəhərdir. Təyyarə böyük, sərnişin az idi. Diqqəti cəlb edən, pasport nəzarəti keçidindən də əvvəlki çıxışda bir neçə ciddi şəxsin ?Mr. M. İbrahimbekov? plakatı ilə, hörmətli yazıçı- dramaturqumuzu qarşılaması oldu. Bizimlə gəlirmiş, nədənsə, sezməmişdim.
Sərhəd keçidində pasportumu yoxlayan İran zabiti ön səhifələrdəki Şengen və Britaniya vizalarına diqqətlə baxırdı. Bir qədər narahat idim. İsrail vizası axırıncı səhifədə idi. Oraya çatmamış sual verdim ki, ingiliscə bilirsiniz? Diqqətini ayırıb mənə baxdı. İngiliscə cavab verdi: ?bir az?. Gülümsədi. Mən də gülümsədim. Tez götürüb pasporta ?giriş? ştampı vurdu, örtüb, həmin gülümsər tonda da qaytardı. Heç maraqlanmadı ki, bu sualı niyə verdim ona. Cavab hazırlamışdım ki: ?Çox rahatdır, bizdən İrana səfər üçün viza tələb olunmur?. Görünür, zabit bir sual-cavab və gülümsəməklə aramızda münasib, inamlı ünsiyyət qurulmasını hesab etmişdi. Şərq mentalitetinin özəlliyidir: təbii insani ünsiyyəti rəsmi post və uniformada belə, saxlamaq.
[b]Sanki, Avropaya düşdüm[/b]
İmam Xomeyni adına Tehran hava limanı müasirdir. Həm də limandakı qarşılayan və qarşılanan iranlılar baxımından. Xüsusən də, qadınların geyim tərzi nəzərə çarpdı. Bir anlıq elə bildim ki, Avropadayam. Cins şalvar, qısa dar gödəkcə, yarım baş örtüyü. Öz al- əlvanlığı və saçın yalnız bir hissəsini örtməsi ilə bu örtüklər sanki, simvolik xarakter daşıyır. Sanki, göstərmək istəyirlər ki, sərbəstdirlər, örtük qaydalarından çəkinmirlər, ona dini zəmində yox, moda, fason xatirinə əməl edirlər. Tez-tez, baş örtüklərini düzəltmək bəhanəsilə örtüyü tam arxaya çəkir, bir neçə an bu vəziyyəti saxlayb, birdən tam irəli çəkib, yenidən arxaya sürüşdürürlər və yenə, saçların yarıdan çoxu bayırda qalır. Komik, maraqlı və əslində, dərin ictimai mənalı durumdur bu.
Bu hal başqa günlərdə də, Tehranda gördüyüm əksər qadınlara aid idi. Ancaq haradasa, bir, 20-30 faiz tam dini qaydalarda geyinib çadra örtən qadınlar haqda da qeyd olunmalıdır. Bunlar da, bütün davranışlarından hiss olunur ki, sırf, dinə xidmət edən və bütünlüklə həyatlarını bu təriqətə bağlayan insanlardır. Təxminən, Avropa mühitində bir qədər az sayda rast gəldiyimiz rahibələr kimi.
Mən bu örtük məsələsi üzərində xüsusi dayandım və bəlkə də, bir qədər xırdaçılığa getdim, o səbəbdən ki, İran tərəfi hicab örtüyü adı ilə Azərbaycana xüsusi iradlar bildirir və ən böyük mübahisələr də, bununla bağlıdır...
[b]Tədqiqat planı[/b]
Hava limanında məni 93-cü ildən tanıdığım Tehranlı dostum qarşıladı. Tehrana uzun müddət Ukraynada yaşamış, xanımı ukraynalı olan, fars mənşəli, rus dilini bilən bir şəxsin taksi maşını ilə gəldik. Ailəsi ilə İrana dönməsindən, İrandakı yaşayışdan, hazırkı durumdan razılıq etdi. İran rejiminin sərtliyini, bütün dünyaya yayımlanan asılma cəzalarının mövcudluğunu inkar etdi. Hansı məzhəbə qulluq etməsi, bu razılığın nədən doğması barədə dərin suallara keçmədim. Səfərimin başlanğıcı idi, bəlkə də, məqsədli yönəldilmiş birisi ola bilərdi.
Yolda bildirdi ki, səhəri gün fevralın 2-si İranda dini bayramdır və ayın 3-ü günortayadək iş günüdür. Ayın 4-ü, cümə günü isə, bizdəki bazar günü kimi istirahətdir. Həmin günə, geriyə biletim vardı. Demək, səfərim tətil günlərinə düşmüşdü. İşlər uğurla gedərdisə, biletin vaxtını uzatmalı idim. Gecə, mərkəzdə, ?Dorsa? otelində yerləşdim.
Fevralın 2-si, çərşənbə axşamı, bayram- tətil günü Tehranı gəzib, ictimai vəziyyətlə tanış olmaq və ertəsi gün ayın 3-ü, yarım iş günündə son dövrlər öz verilişləri və yayımı ilə Azərbaycanı çox narahat edən ?Səhər? telekanalına baş çəkməyi planlaşdırdım.
[b]Tehran, 02 fevral 2011.[/b]
Təzadlı şəhərdir Tehran. İlk növbədə öz görünüşü ilə. Və hətta, bir qədər, məntiqdən uzaq dərəcədə. Yüzlərlə, minlərlə çoxdan əl gəzdirilməmiş köhnə, yarıuçuq 1-2-3 mərtəbəli evlər yerləşmiş məhəllədə birdən-birə varlı və müasir bina ucalır. Yamaqlı və nahamar asfalt örtüklü küçə və səkilər arasında müasir standartlara uyğun qısa bir xiyaban kəsiminə rast gəlinir. Dəmir barmaqlıqlarla bağlı qalmış, çoxdan işləməmiş, içi sökülmüş tozlu mağaza sıraları qarşısında, qəflətən, Yapon, Koreya şirkəti ya, bankı peyda olur. Yaxud, keyfiyyətsiz, kalorisiz, antisanitariya şəraitində işləyən yeməkxanalar arasında təmiz və keyfiyyətli İran təamları ilə təmin olunmuş bəzəkli, yaraşıqlı restoran!
Hiss olunur ki, şəhər öz təbii harmonik, paralel inkişafını tapa bilmir. Hiss olunur ki, bu ölkədə inkişafa öz düşündüyü kimi, öz ideyası üzrə tənzim müdaxiləsi edən güclü təsir var.
Vaxtilə, məşhur sivilizasiya mərkəzi sayılan Tehran, ümumiyyətlə, sosial-iqtisadi inkişaf baxımından nəinki qonşu İstanbuldan, hətta postsovet respublikaları paytaxtlarının çoxundan geri qalır. Binalar təmirsiz, küçələr kələ-kötür, səliqəsizlik, antisanitariya şəraiti. Açıq görünür ki, şəhərin hərtərəfli inkişafına uzun müddətdir, vəsait ayrılmır. Əvvəllər İranın digər şəhərlərində də olmuş və bundan daha bərbad vəziyyətlə rastlaşmışdım. Düşünürdüm ki, yəqin paytaxt Tehranda başqa cür olar, amma, əfsus.
Bu da, o deməkdir ki, güclü təbii sərvətləri, bərəkətli torpağı, zəhmətkeş insanları olan ölkənin əsas vəsaiti harasa, lazım olmayan istiqamətlərə xərclənir. O da görünür ki, bu nahəng xərclər ölkədən xaricə yönəlir, hansısa ideya ixracatının reallaşmasına. Eynilə, Sovet Hakimiyyətinin dəstxəttidir.
Şəhərin avtomobil tərkibi əsasən ucuz Koreya istehsallı və ya, Fransa markalı köhnə İran maşınlarından ibarətdir. Küçə hərəkəti qaydalarına demək olar ki, riayət olunmur və bu tənzim sürücü və piyadaların insafına buraxılıb. Yol polisləri nimdaş geyimdə və bədbin durumdadır. Onları demək olar ki, heç sayan yoxdur. Gözlərinin qabağında kütləvi surətdə qayda pozuntuları baş verir, onlarsa, özlərini görməzliyə qoyurlar. Sonra öyrəndim ki, həmin polislər çox aşağı maaş alan təbəqədir. Bununla belə, sonra aydın oldu ki, İranın adi vaxtda gözə görünməyən, ancaq, lazımi anlarda ortaya çıxıb güc nümayiş etdirən sərt hüquq- mühafizə strukturları da varmış. İnsanlar onlara nəinki tabe olur, hətta adlarını və səslərini eşitməkdən belə qorxurlar. Bu da həmin İran təzadlarından birisidir.
[b]Tehranda həyat.[/b]
Tehranda həyat çox sönükdür. Şəhər sanki, təzəcə zəlzələdən, bombardmandan çıxıb. İnsanlarda böyük sıxıntı və gərginlik var. Küçə və meydanlarda dini liderlərin nəhəng portretləri asılıb. Hərdən, azan səsləri eşidilir. Amma bu azan nədənsə, İstanbuldakı qədər çox və güclü ifa olunmur. İnsanlarda üzüntü, əzginlik, narahatlıq var. Üzərlərindəki təzyiq hiss olunur. Heç bir yerdə musiqi eşidilmir, ucadan danışıb-gülən yoxdur, sərbəstlik, azadlıq yoxdur. Hərəkətdə olanlar, yəni, işi-gücü olanlar sanki, küçədə görünməmək üçün tələsik ünvan yerinə tələsirlər. İşsiz, bekar insanlar da çoxdur. Əsasən meydanlara yığışırlar: nimdaş paltarlarda, əlləri ciblərində, xəyalları üfüqlərdə. İranda narazı insanlar həddən artıq çoxdur və maraqlı budur ki, öz etirazlarını bildirməkdən o qədər də çəkinmirlər.
Bir talış əsilli, əslən İran Astarasından, Tehranda böyümüş və kiçik bir dükanı olan cavan adamla söhbət etdik. Ölkədə azadlığın olmamasından şikayət etdi. Hazırkı rejimdən, onun islam dini ideyalarından öz hakimiyyəti üçün sui- istifadə etməsindən danışdı. Hədsiz narazı idi. Bildirdi ki, az-çox maddi imkanları olur, ancaq, bu imkanlardan istifadə etməyə, xərcləməyə yer və şərait yoxdur: ?Ölkədə həyat sönüb, sıxıntı şəraiti yaradıblar, azacıq belə, sevinc və şadlığımızı içimizə salmalıyıq. Yalnız, bu hakimiyyətin təbliğatı, sərsəm ideyaları, islam inqilabı və dini qaydaları adlı rənglərlə boyadıqları nağıllara qulaq asmalıyıq. Hamısı yalan, yalan və yalan! 30 ildir 75 milyonluq xalqı dolayıblar. Özləri isə, kefdədirlər. Ayətullahlar yeyirlər-içirlər, istədikləri kimi yaşayırlar. Özləri üçün inqilab keşikçi dəstələri, yalançı ictimai təşkilatlar, ələ baxan kasıb-zəhmətkeş kütlələr düzəldiblər. Lazım olanda onları qabağa verirlər. Öz yaxın adamlarından başqa, burada heç kim iri biznes qura bilməz?.
Bildirdi ki, Bakıdan bir varlı azərbaycanlı məmurun (adını açıqlamırıq. red.) Tehranın mərkəzində hündür bina inşa etmək üçün böyük bir özəl sahəsi vardı. Bu yaxınlarda məhkəmələri işə salıb əlindən aldılar: ?Məhkəmələr tamamilə onlara xidmət edir".
[b]İctimai narazılıq[/b]
Gün ərzində bir sıra sıravi insanlar və ictimai xadimlərlə görüşdə bu cür haqsızlıq və ədalətsizliklər barədə narazılıqların şahidi oldum. Daxilən qəzəblidirlər, mövcud hakimiyyətə qarşı. Artıq, tam başa düşüblər ki, 30 ildən bəri, bir qrup şəxs islam faktorundan istifadə etməklə hakimiyyəti ələ keçirmiş, insanları ildən- ilə aldatmış və ölkəni dünyadan təcrid edib, qapalı həbsxanaya döndərmişlər. Artıq, bütün kartlar açılıb, hər şey ortadadır. Açıq hiss olunur ki, ölkə ictimai gərginliyin son həddini yaşayır. Mənəvi-psixoloji durumundan bilinir ki, insanlara artıq heç nə lazım deyil, beziblər. Onları var- dövlət, maddiyyat maraqlandırmır, kişili-qadınlı, sanki, dəlicəsinə azadlığa susamışlar. İnsanlara sərbəstlik, azadlıq ehtirası hakim kəsilib.
[b]İranda farslar[/b]
Maraqlıdır ki, ölkədə böyük narazılıq məhz, fars əsilli vətəndaşlar arasındadır. Bu qəribə, haqsız quruluşa, sosial ədalətsizliyə, antidemokratik vəziyyətə, yalan üzərində qurulmuş ümidvermələrə qarşı dərin və acı təəssüf hissi var, onlarda.
Qeyd etməliyəm ki, fars əsilli sadə insanlar məndə kifayət qədər müsbət təəssürat yaratdı. Bu neçə illərdəki gərginlik və repressiya altında yenə, öz daxili sabitliklərini, qədim fars mədəni-milli irslərini saxlayıblar. Etiraf edək ki, şərq aləmində fərqlənəcək dərəcədə intellektə, düşüncə və davranış qabiliyyətinə malikdirlər. Görünür ki, bu millət tarixin heç də az olmayan kəsimində inkişaflı sivilizasiya dövrünü yaşaıb.
Bu barədə bir obyektiv müşahidəni də qeyd edim ki, İrandakı sadə fars çoxluğu heç də, söyləndiyi kimi hegemon vəziyyətində deyil. Münasibət və davranışlarında hər hansı bir xüsusi imtiyaz, üstünlük, ərköyünlük hiss olunmur. ?Fars şovinizmi? söyləntisi milyonlarla farsa aidiyyətsizdir. Bu üstünlük amili bir qrup tərəfindən ortaya atılıb, xeyrini də onlar görür. ?Fars rejimi? adlandırılan hakimiyyət milyonlarca sadə farslara digər millətlər üzərində heç bir üstünlük verməyib. Əslində, verməz də! Çünki Rejim yalnız və yalnız Rejim üçün, onu yaradıb idarə edənlər və ona qulluq edənlər üçün qurulur.
Eynilə, Sovet rejimi dövründə də bunu belə görmüşük. Sözdə ruslar hakim millət hesab edilirdi. Ancaq əslində, ölkədə hakim təbəqə yalnız ?Politbüro? və ?partnomenkulatura?dan ibarət idi. Sadə rus çoxluğundan isə, başqa millətlərə qarşı yüksək dözüm, geniş ürək və mədəniyyət tələb olunurdu. Çünki imperya xarakterli diktatura rejiminin xüsusiyyəti budur: sözdə və təbliğatda bir milli-mədəni toplumu aparıcı, nümunəvi çoxluq kimi ortaya atırlar və onun arxasında mənfur siyasətlərini həyata keçirir, öz işlərini görürlər. Rejimin törətdiyi pozuntulardan doğan qınaqlar, narazılıqlar həmin aparıcı topluma yönəlir. Sonda, nəticə etibarilə həmin toplum heç nəsiz qalır və üzərlərində mənəvi məsuliyyət qalır
İranda azərilər
İrandakı azərilərin yaşayış səviyyəsi, açıq demək lazımdır ki, heç də aşağı deyil. Millət özü qoçaqdır, necə deyərlər, daşdan pul çıxarandır. Bir toplum olaraq, üzərlərində ?ideya daşıyıcısı?, ?aparıcı? kimi mənəvi yük yoxdur: ictimai mövqe və ixtisaslarından asılı olmayaraq, bu qarışıq, çətin, keşməkeşli dövrdə ailə-uşaqlarını dolandırmaq üçün bütün işlərdən, imkanlardan yararlana bilirlər. Əslən, zəhmətkeş və işgüzardırlar. Münasibətdə olub, söhbətləşdiyim azərilərin əksəriyyəti, ölkədəki mənəvi-emosional boşluğun, demokratik məhdudiyyətlərin, boğulmuş azadlığın yaratdığı emosional gərginliyi öz gündəlik həyatları üzərində çalışmaqla yayındırır.
Azəri türkləri həm də çoxdurlar. Hətta, Tehran kimi, fars dövləti paytaxtında hər iki-üç nəfərdən birisinin azəri türkü olduğu məlum olur. Səfərim zamanı İranda rəsmilər etiraf edirlər ki, ölkədəki 75 milyonluq əhalinin 40 milyonu azəri türküdür. Həqiqətən, azəri türkləri İranda öz sayına və sayı qədər də, enerji və dinamikliyinə görə nahəng bir milli toplumdur. Bu toplum artımlıdır, hərəkətlidir və bütün məhdudiyyətlərə baxmayaraq, inkişafdadır.
Problem də məhz, İranda yaşayan azəri türklərinin çoxluğundadır. Rejim üçün çox çətindir, dövləti islam dini və fars milli-mədəni ideyaları üzərində qurasan, həm də faktiki olaraq, milli çoxluğu başqa bir millət-türklər təşkil etsin. Bunun üçün ya, dini və milli hegemonluq ideyalarına ehtiyac yaradan avtoritar rejimdən əl çəkilib azad, sərbəst və demokratik bir quruluşa keçilməlidir. Ya da, məcbursan ki, sayca ölkə əhalisinin yarıdan çoxunu təşkil edən bir millətin varlığını, dilini, tarixini və mədəniyyətini inkar edəsən. İki - özəl mənşəyi, tarixi, ənənəsi, dili və mədəniyyəti olan böyük fars və türk millətlərini ?İran milləti? adlı sərsəm bir surroqatda birləşdirəsən: İranda türk yoxdur, onlar iranlıdır, iranlı isə fars dilində danışır, yazıb oxuyur, vəssəlam!
[b]Paradoks![/b]
Bununla da, dünyada çoxluğun azlığa tabe etdirilməsi kimi nadir və süni durum ortaya çıxır. Məhdudiyyətlər də buradan yaranır: türkdilli məktəb açmaq olmaz, türk dilində danışmaq, yazmaq, oxumaq olmaz! Bu təbliğat üçün azərilər içərisindən kiçik bir qism seçilir. Fars üslubunda oxutdurulur, rejim üslubunda tərbiyələndirilib, irəli çəkilir. Nümunə kimi göstərilir ki, azərilər fars dili və mədəniyyətini farsdan da yaxşı bilir və heç, türkcə məktəb açılmasına ehtiyac yoxdur! İran bu ifrat ideyasında Sovet sistemini də ötüb. Sovet rejimi millətlərin varlığını, dilini tanıyırdı və heç vaxt ?sovet milləti? adlı süni milli hibrid ideyası ortaya atmayıb.
İranda azəri türklərinin əsas problemi bax, budur! Bir ölkə içərisindəki milli çoxluq öz dilində danışmaqdan, yazıb-oxumaqdan çəkindirilir. 40 milyonluq milli toplumun, millətin varlığı inkar olunur və unutdurulur. Bu, çətin, analoqu olmayan və risqli eksperimenti tətbiq edən rejim bütün təsir və təzyiq vasitələrini işə salır. Bu isə, o deməkdir ki, İranda yaşayan azəri türkü ikiqat sıxıntı içərisindədir: ümumi İran əhalisinin diktatura rejimindən çəkdiyi repressiya, və üstəlik, milli-etnik məhdudiyyətlər. Belə çıxır ki, azəri türkləri İrandakı ermənilər kimi, 100-150 min sayında kiçik milli azlıq olmalıymış ki, onlara bu məhdudiyyətlər qoyulmasın. Necə ki, oradakı ermənilər bu mənada tam sərbəstdirlər.
Nədir rejimi narahat edən?
Bununla belə, İrandakı azəri türkü toplumu öz yolunda, öz artımında və dinamikliyindədir. Qoyulan məhdudiyyətlər, sıxışdırıcı təsir və təzyiqlər isə, bu böyük toplumu günü-gündən daha əzmkar edir, bərkidir və daha böyük potensial qüvvəyə çevirir. Bu əzmkarlığa stimul verən əsas səbəb isə, təbii ki, Araz çayından
o tayda, cəmi 9 milyonluq soydaşlarının 250 milyonluq Sovet imperiyasından ayrılıb, Azərbaycan adlı müstəqil dövlət qura bilməsidir!
Bəlkə, İran rejimini budur narahat edən? Bəlkə, bu Stimulun zəifləyib sıradan çıxması sərf edir onlara? Bəlkə, bu amildir, Azərbaycanın dövlət müstəqilliyi əldə edəndən bəri, aradakı etimadsızlığı yaradan, səmimi münasibətləri mümkünsüz edən?
Hər halda, İran hakimiyyəti real düşünərsə, anlamalıdır ki, ölkəsindəki nahəng bir Azəri Türkü milli toplumuna qarşı aparılan bu sərt inkar siyasəti, bu alçaldıcı rəftar yalnız, gələcək təhlükəli ictimai partlayışın komponentlərinin artımına xidmət edə bilər.
Tehran, ?Səhər? TV,
03 fevral 2011.
Fevralın 3-ü, cümə axşamı, səhər tezdən İran Dövlət Televiziyasına yollandım. Məlumatlı idim ki, ?Səhər? telekanalı həmin ətrafdadır. Tehran dağətəyi relyefdədir və televiziya dağlıq tərəfdə yerləşir. Çatanda, yüksəklik olduğu üçün güclü qar yağırdı. ?Səhər? TV-ni soruşdum, Dövlət Teleradio Təşkilatı binasını göstərdilər. Sonradan bildim ki, ?Səhər? TV həmin təşkilatın bir bölümüdür və onun həyətindəki binada yerləşir.
Çox narahat idim. İndiki gərgin münasibətlər zamanı Azərbaycandan gəldiyimi bilib, məni içəri buraxacaqlarmı? Bir qədər, Bakıdan bu kanala müsahibələr verdiyimə arxayın idim. Hərgah, sonuncu dəfə hicab məsələsində sözümüz heç, düz gəlməmişdi və müsahibəni dayandırmışdıq. Bir də, 2002-ci ildə Bakı kəndi olan şiəyönlü dindar Nardaranlıların vətəndaş hüquqlarını müdafiə etmişdim, polislə olan qarşıdurmada. Bilirdim ki, İran da onların müdafiə edir və o vaxtlar İran dairələri bununla bağlı mənə təşəkkür də bildirmişdilər.
Giriş postunda polis pasportumu yoxlayıb buraxdı. Əsas giriş-nəzarət binasında isə, örtülü qadınlar oturmuşdu və qeyd edim ki, şəhərdəkilərə nisbətən, bunlar əsl qayda ilə örtülmüşdülər. Adımı, məqsədimi bildirdim, pasportumu təqdim etdim. Dedilər, gözlə, telefonla harasa bildirdilər. Sonra, pasportumu uniformalı təhlükəsizlik əməkdaşlarına ötürdülər. Onlar da, telefonla kimləsə məsləhətləşib, nömrə verdilər ki, daxili telefondan zəng vurun. Telefonla kiminləsə azərbaycanca danışıb vəziyyəti izah etdim. Bildirdi ki, 15 dəqiqə gözləyim. Sonra pasportumu alıb, içəri buraxdılar.
Burada qeyd edim ki, dünyada sərt repressiv rejim kimi tanınmasına rəğmən, İran təhlükəsizlik sistemi o dərəcədə də ayıq və diqqətli deyil. Bu cəhətdən, İran bir çox ölkələrdən, o cümlədən, mən deyərdim ki, Azərbaycandan geri qalır. Mən hələ, bu xidmət üzrə dünyada ən inkişaf etmiş İsraillə heç müqayisə etməzdim. Bunu hava limanı və dövlət televiziyası kimi əsas strateji obyektləri adlamaq timsalında gördüm. Bu da, İran təzadlarından birisidir: maksimum qorxunc görüntü yaratmaq.
?Səhər? TV ilə tanışlıq
Qəbul binasından böyük, parka oxşar bağa keçib xeyli aralıda görünən televiziya binasına tərəf bir qədər gedərkən, gülərüz bir şəxs məni mehribancasına qarşıladı. Bildirdi ki, ?Səhər?-də ?Azəri-TV?-nin müdiri Burhan Heşmətidır. Söhbət edə-edə gəlib, iri olmayan bir binanın qarşısına çıxdıq və bildirdi ki, burada ?Səhər? telekanalı yerləşir. Yaxınlıqda yerləşən, çox da böyük olmayan yarıtikili binanı da göstərdi ki, ?Səhər? TV üçün tikilir və ora köçəcəklər.
Bir neçə kompüter və uzun iclas masası olan iş otağına daxil olduq. Məni telekanalın digər işçiləri ilə tanış etdi: Müctəhid Mehdi-?Səhər? telekanalının baş müdiri (fars əslillidir), Vehruz Naziri-texniki redaktor və başqa əməkdaşlar. ?Səhər? TV-nin yaranma tarixi və strukturları barədə məlumat verdilər.
Bildirdilər ki, ?Səhər? TV İran dövlət tele-radio yayım təşkilatının bir bölməsidir.?Səhər-1? Azəri, Bosniya və Fransa dilində yayımlanır. ?Səhər-2? Kürd, İngilis və Ordu-Pakistan dilində yayımlanır. Qeyd etdilər ki, yerləri darısqaldır, ?Azəri-TV? kollektivi oturub söhbət etdiyimiz otaqda müdirlə birlikdə yerləşir.
Öncə, qısaca məlumat verdilər ki, Azərbaycan dövlətçiliyinə qarşı deyillər; yalnız KİV orqanı kimi müstəqil olaraq, həqiqətləri söyləyirlər; saytlarının Azərbaycanda pozulduğunu bildirdilər və dərhal hansısa yeni saytların adlarını çap edib mənə təqdim etdilər ki, başqa yollarla girmək olar.
?Səhər?lə diskussiya
Sual-cavablarımız məhz, hicab məsələsindən başladı. Suallarım ictimai tədqiqat xarakterli olduğu üçün, qarşı tərəfə ümumi ünvanladım və TV əməkdaşlarından istənilən şəxs cavablandırma imkanına malik oldu. Bu səbəbdən, sual-cavabı şərti olaraq, ?İnteqral? və ?Səhər? arsındakı müsahibə kimi qeyd edirəm.
?İnteq?: Az əvvəl, Azərbaycan barəsində həqiqətləri yayımladığınızı söylədiniz. Bununla belə, Azərbaycan ərazisinə yayımladığınız verilişlərdə bu ölkədə baş verən prosesləri şərh edərkən, birtərəfli və hətta, qızışdırıcı mövqe sərgiləyirsiniz. Bunu necə başa düşək??
?Səhər?: Biz hər tərəfin fikrini işıqlandırırıq.Yay vaxtı Azərbaycan məktəblərində vahid məktəbli forması və qızlara hicab qadağası ilə bağlı tamaşaçılarımız narazılıq bildirdilər və bunu işıqlandırdıq. 2-3 ay sonra, təhsil naziri Misir Mərdanovun hicab qadağası barədə fikirlərini efirə verdik. Sonra dindarlar Qədir bayramında Təhsil Nazirliyi qarşısında piket keçirdilər, onu da işıqlandırdıq. DAK-ın Bakıda İran Səfirliyi qarşısındakı piketini də işıqlandırdıq. Bütün bunlar, heç də, Azərbaycanın işinə qarışmaq deyil?.
?İnteq?: Azərbaycandakı hicab probleminə İrandan çox yüksək səviyyədə reaksiya verildi. Bu doğrudurmu?
?Səhər?: Bəli, bizim yüksək dini liderlərimiz, ayətullahlarımız reaksiya verdilər. Ayətullah Məkarim Şirazi hicab qadağasını tənqid etdi. Ayətullah Nuvi Həmədani ?məktəbli forması-hicab? məsələsini araşdırıb fitva verdi. Ayətullah Cəfər Sübhani prezident İlham Əliyevə bununla əlaqədar məktub yazdı.
?İnteq?: Fitva maraqlıdır. Nə ilə nəticələndi?
?Səhər?: Qərar belə oldu ki, qızlar məktəbdən qalmasınlar, həm də hicabdan da qalmasınlar.
?İnteq?: Yəni bu o deməkdir ki, qızlar məktəbə buraxılsın, özü də hicabla! Təhsil nazirliyi vahid, hicabsız məktəbli forması qaydası təyin etmişsə, bu fitva dövlətin qayda-qanununun əksinə deyilmi? Ümumiyyətlə, bir ölkənin din xadiminin, ayətullahın başqa bir ölkədəki dövlət-vətəndaş münasibətləri barədə belə açıq qərar çıxarmağa ixtiyarı varmı? Bu həmin dövlətin daxili işlərinə qarışmaq deyilmi?
?Səhər?: Bu, heç də belə deyil. Ayətullahlar Azərbaycana qarşı yalnız təklif formasında iradlarını bildirmişlər. Ancaq əslində, İranda onlar fikirlərini tələb formasında bildirirlər. Bu insanlar yalnız əmr edirlər.
?İnteq?: Əgər İranda ayətullah Azərbaycandakı məsələni araşdırıb fitva vermək iqtidarındadırsa, bu o demək deyilmi ki, Azərbaycanda ayətullahların qərarlarına tabe dərəcəsində təsir altında olan dini təbəqə və cərəyanlar mövcuddur?
?Səhər?: İran, islam dini dəyərləri üzərində qurulan dövlətdir. Azərbaycandakı dini qadağalar təbii, İranda əks-təsir yaradır. Hicabı qadağan etmək, İslam Pariyası üzvlərini həbs etmək, Fatimeyi-Zəhra məscidinə qarşı hərəkətlər arı pətəyinə çöp uzatmaq deməkdir. İranda Xomeyni inqilabı da bu cür başlayıb. Dini dəyərlərə qarşı təhqirlər həmişə partlayış yaradır. Bu, bütün dünyada belədir. Azərbaycanda səhv hərəkət edirlər, hicab məsələsində. Rabitə nazirinin peyk ?tarelkalar?ı qadağası da səhvdir. Çox səhvlər var.
?İnteq?: Dünən mən Tehranın mərkəzində oldum. Müşahidə etdim ki, hər 10 qadından təxminən 7-8- i normal örtülmür. Saçlarının üçdə ikisi görünür. Özləri də cins şalvarda və dar gödəkçədə. İstərsiniz, birlikdə gedək müşahidə edək. Qonşu ölkədə baş örtüyü barədə bu qədər narahatçılıq keçirən dövlətin özündə qadınlar normal örtülmür. Bəs, bu nə deməkdir? Buna nə cür fitva verir, ayətullahlar?
?Səhər?: Biz onları örtülü saymırıq, tam müsəlman saymırıq...
?İnteq?: Onlar da, açıq-aydın hiss olunur ki, örtülməkdən beziblər. Qəlbən qəbul etmirlər İran dövlətinin dini qaydalarını. Görürsünüzmü, İran inqilabının gətirdiyi çadra örtüyü, indi, adi örtük səviyyəsində qəbul edilmir...
?Səhər?: Bilirsiniz, doğrudan da əvvəllər tələblər çox sərt idi. Son dövrlər artıq, dövlət səviyyəsində belə, sərtlik göstərilmir. İndi siğə adı ilə yeni tanış olan kişi və qadınlar 1 saat, ya 3 gün gedib bir-biri ilə yaşaya bilərlər. Artıq məlum olur ki, sərtliklə heç nə əldə etmək olmur.
?İnteq?: Onda belə çıxır ki, İran hakimiyyəti son zamanlar xeyli yumşalıb. İndi dini qaydalara riayət etməyənlərə yox, yalnız, hakimiyyətə qarşı çıxanlara sərtlik göstərir. Əvvəllər axı, hər iki sahə üzərində sərt nəzarət var idi. Yəni hazırda hakimiyyətin başı siyasilərlə, öz varlığını saxlamaqla bərk qarışıb?
?Səhər?: Sualınızın bu cür qoyuluşunu qəbul etmirik. İranda hakimiyyət möhkəmdir, narahat deyil. İran xalqı onun tərəfindədir. Bəli, bizdə müxtəlif provokasiyalara qarşı sərtlik var. İslam dəyərlərinə isə, əksəriyyət hörmət edir, etməyən isə, Allah qarşısında cavab verəcək.
?İnteq?: İranda demokratiyanın vəziyyətinin də yaxşı olmadığı müşahidə olunur. Hakimiyyətə müxalif fikirli insanlar repressiya olunur. Dinc etiraz aksiyaları dağıdılır. ?Səhər? bunları da işıqlandırıb yayımlayırmı? Nədənsə, rast gəlmirik buna.
?Səhər?: Bizdə xalq yekdilliklə İslam inqilabına hörmətlə yanaşır. Müxalifət yoxdur. Sadəcə xarici qüvvələrin, ABŞ, Britaniya dövlətlərinin təsiri və dəstəyi ilə araqarışdıranlar, ictimai təlatüm törətmək istəyənlər var. Onları da dövlət orqanları yerində oturdur.
?İnteq?: Bilmirəm, İranda necədir bu vəziyyət: elə bir mətbuat orqanı varmı ki, İran dövlət rəhbərliyini açıq tənqid etsin? Azərbaycanda mətbuatın fəaliyyətinə müəyyən əngəlliklər olsa da, dövlət rəhbərliyinə qarşı sərt tənqidlər yer alır. Cəmiyyətdə bunu müsbət də, mənfi də qarşılayanlar var. Ancaq, başqa bir ölkədən Azərbaycana yayımlanan televerilişdə prezidentin görüntülərinin faşist simvolikası fonunda verilməsi, birmənalı olaraq, bütün cəmiyyət tərəfindən qəbul edilmədi. Bu ifrat addımda sizin TV hətta, İranda Azərbaycana qarşı çıxan bütün təbəqələrdən öndə getdi. Bunu, necə izah edərdiniz?
?Səhər?: Həmin veriliş səhv gedib. Bu, Türkiyədə keçirilən piketdəki plakatdan götürülmüşdü. Biz adətən, müəyyən həddi saxlayırıq. Bakıda İslam Partiyasının sədri Hacı Mövsüm prezident İlham Əliyev haqqında çox sərt danışdı. Biz heç, bu tənqidin hamısını efirə vermədik.
?İnteq?: Maraqlıdır ki, Bakıda, Azərbaycanda türklərlə bağlı dini problem yarananda, məsələn, türk məscidi bağlananda, İran tərəfdən səs gəlmir. Ancaq ölkədə İrana bağlı dini qurumlarla problem yaranan kimi, sistemli şəkildə, İran və Azərbaycan tərəfdən məlum təbəqələr bir ağızdan, xorla etiraz hərəkətlərinə başlayırlar. Xüsusilə də, İranda təhsil almış azərbaycanlı tələbələr aktivləşirlər. Bu, o demək deyilmi ki, bütün bunlar İran tərəfdən eyni mərkəzdən idarə olunur?
?Səhər?: Yenə bəyan edirik ki, İran İslam Respublikası dini dəyərlər üzərində qurulub. Bakıda, Astarada, Gəncədə İslam Partiyası üzvləri həbs ediləndə İranada partiyalar reaksiya verdi. İslam Alyansı və başqa təşkilatlar, deputatlar sərt reaksiya verdilər. Bu, belə də olmalıdır. Məşhəddə, Qumda təhsil alan azərbaycanlı tələbələrin sayını, adını, yerini səfirlik də, hökumət də, Allahşükür Paşazadə də bilir. Bunlar dini universitetlərdir. Burada dini təhsildir, qorxulu, gizli heç nə yoxdur. Necə ki, Amerikaya göndərirlər, ondan niyə qorxmurlar? Azərbaycanda da iranlı tələbələr təhsil alır, Tibb Universitetində, ?AZİ?-də, tarix fakültəsində.
?İnteq?: Ancaq nədənsə, Bakıdan İrana dönən iranlı tələbələr heç də Bakının, Azərbaycanın təəssübünü çəkmirlər.
?Səhər?: Deyə bilmərik. Ola bilsin, İran təhsil sisteminin gücündəndir, bu.
?İnteq?: Bayaqdan söhbət edirik. Açığı, məndə belə təsəvvür yaranır ki, sanki, telekanal yox, hakimiyyət partiyasını təmsil edən siyasi qurumdayam. Ancaq inciməyin. ?Səhər? telekanalı müstəqil KİV orqanıdır. Olmazmı ki, bir qədər dini təbəqələrdən, hökumət üzvlərindən, deputatlardan fərqli mövqe sərgiləyəsiniz Azərbaycana olan münasibətlərdə? Olmazmı ki, müstəqil KİV orqanı kimi, bir qədər yumşaq və barışdırıcı mövqe sərgiləyəsiniz?
?Səhər?: Çox doğrudur, bir-birini söyməklə heç nəyə nail olmaq olmaz. Oturub danışmaq lazımdır ki, vəziyyətdən necə çıxasan. Dünya səviyyəsinə bu konflikti çıxarmaq olmaz. Azərbaycan və İrandan aidiyyətli tərəflər görüşüb danışmalıdırlar. Onu da bildirək ki, İranda müstəqil yayım kanalı yoxdur və ola da bilməz. Bizdə ?Səda?-radio və ?Səma?-televiziya birgə təşkilatı var. Onun da tərkibində 105 radioteleviziya qurumu var. ?Səhər? bu 105-dən birisidir.
?İnteq?: İran həmişə qeyd edir ki, Azərbaycanla dostdur, qardaşdır. Azərbaycan ABŞ və digər superdövlətlərin İrana qarşı sanksiyalarına heç vaxt qoşulmayıb. Azərbaycan öz ərazisində İrana qarşı hərbi əməliyyatların planlaşdırmasına razılıq verməyib. Ancaq, Azərbaycan torpaqlarını işğal edən, bizimlə müharibə şəraitində olan düşmən Ermənistanla İran sıcaq əlaqələrdədir. İran bununla ermənilərə dirçəlmə, güclənmə şansı qazandırır. Ermənistanın neft naziri İrana gəlib boru çəkilişi barədə müqavilə imzalayır. ?Səhər? televiziyası isə, bunu geniş formada Azərbaycan ərazisinə yayımlayır. Bu zaman Azərbaycan cəmiyyətində İrana qarşı hansı münasibət yaranır, təsəvvür edirsinizmi?
?Səhər?: Bəli, yayımlamışıq. Ermənistanın neft naziri gəlmişdi. İranın iqtisadi və s. sahələrdə Ermənistanla əlaqələri Azərbaycana nisbətdə cüzidir. İranın neft naziri Kazımi Bakıya gedib, rəsmi sənəd imzaladı, İlham Əliyevlə görüşdü. Biz bunu kifayət qədər işıqlandırdıq. Ancaq, Azərbaycan KİV-ləri bizim neft nazirimizi az işıqlandırdı. Balans saxlamırlar. Ermənistanda İrana qarşı KİV antitəbliğatı yoxdur. Lakin, ?Olaylar? İA, ?Ayna? qəzeti, ?Mediaforum?, ANS telekanalı, Sabir Rüstəmxanlı bunu edir. Bu bizə qarşı təpkidir. Siyasi spekulyasiya ilə, təpki ilə bu məsələ həll olunmaz.
?İnteq?: Dünən Tehranı gəzdim. Maşallah, əhali çoxdur. Nə qədər olar, ümumi İranda əhali?
?Səhər?: 75 milyondan çoxdur.
?İnteq?: İranda azərilər də çoxdur, sizcə, onların sayı nə qədər olar?
?Səhər?: (Öz aralarında fars dilində hesabladılar). Təqribən 40 milyona çatıb.
?İnteq?: Özünüzün etirafınızdan məlum olur ki, azəri türkləri İranda artıq, milli çoxluq təşkil edir. Belə bir özəl dili, mədəniyyəti, tarixi, ənənələri olan çoxluğun ölkədə məktəbi yoxdur. Bakıda, Azərbaycanda ictimaiyyəti İranla bağlı narahat edən ən problemli tərəf budur. Sizcə bu paradoks deyilmi?
?Səhər?: Bu sual Azərbaycanda var, burada yoxdur. Bu ciddi ictimai tələb deyil. İranda azərilər var ki, fars dili və ədəbiyyatını farslardan yaxşı bilir. Burada ümumi İran milləti var və onun da ümumi dili farsidir. Məktəb olmasa da, İranda azəri dili üçün kurslar var. Kurslara da gələn yoxdur. Heç talışların da məktəbi yoxdur.
?İnteq?: Azəri türkcəsi 40 milyonluq böyük milli toplumun dilidir. Bu, həmin topluma hörmətsizlikdir və içəridə etiraz hissini gücləndirən amildir. Bu dil həm də dünyada yüz milyonlarla türkün ümumi dilinin bir qoludur. Baxın, sizdən şimalda, qərbdə, şərqdə neçə-neçə ölkədə bu dildə danışılır, dövlətlər qurulub, cəmiyyətlər idarə olunur. Bu həqiqəti hansısa ideyalarla inkar etrmək olarmı?
?Səhər?: İrandakı azərilər xalqla tam inteqrasiya olunub, qarışıblar. Vahid bir millət şəklində.
?İnteq?: İranda cəmisi 100-200 min erməninin öz məktəbləri var. Belə çıxır ki, sərbəst, azad olmaq üçün azsaylı olmaq daha sərfəli imiş? Bəs, İranda bu ermənilər inteqrasiya olunmurlar?
?Səhər?: Onlar bir qədər, özünütəcrid durumundadırlar. Ümumiyyətlə, açıq danışsaq, biz onları İranda aşağı sort təbəqə sayırıq.
?İnteq?: Maraqlıdır, azsaylı, aşağı sort, amma, sərbəst və azad...
[b]Sonrakı təəssürat.[/b]
Bu yerdə, söhbətin məntiqsiz və absurd nöqtəyə çatmasından məni gülmək tutdu, onlar da mənə baxıb gülüşdülər. Nə izah etsinlər? Bu problemləri onlar yaratmayıb axı! Heç, yaradan özü bunun izahını verə bilmir, bu yazıqlar neyləsin? Bir dövlətin ki, mərkəzi informasiya və ideologiya vasitəsinin məsul işçiləri dövlət hakimiyyətinin apardığı siyasətə izah verə bilmir, onda, milyonlarla yazıq, sadə vətəndaş neyləsin, nə düşünsün?
Haqsızlıq və zorakılıq həmişə məntiqsizlik üzərində qurulur və sonu da, komik faciə ilə bitir. Tarixən, insan ən faciəli dövrünü onda yaşayır ki, ətrafında və üzərində baş verən müəmmalı, məntiqsiz proseslərə gülməli ya, ağlamalı olduğunu müəyyən edə bilmir. Komik faciə bax, budur! Hansı ki, İran xalqı onu yaşayır!
Söhbətin sonunda məni axşamkı ?Kompas? televerilişinə çıxış üçün dəvət etdilər. Bildirdilər ki, bu günlərdə ?Kompas? yalnız, hər axşam Misir inqilabı barədə veriliş yayır. Ancaq, bu axşam mənim üçün vaxt ayırmaq istəyirlər. Çıxışımın montaj oluna biləcəyindən ehtiyat edib, mədəni imtina etdim. Günorta naharına dəvət etdilər. Tədqiqatımın davamı və deputatlar, din xadimləri ilə görüşdə köməklik edə biləcəkləri ümidi ilə münasibəti davam etmək üçün razılaşdım.
Nahar, televiziya təşkilatının həyətindəki yeməkxanada Tehran plovu ilə baş tutdu. Mənim payıma düşən 100 min tüməni (9 dollar) özüm ödəməkdə yüngül cəhd göstərdim, qoymadılar, amma, çox da təkid etmədim. Maraqlı idi, mənimlə 15 dəqiqə əvvəl sorğu-sualda çəkişən azəri əsilli əməkdaşlar nahar vaxtı elə bil, tamamilə başqa idilər. Onlarda bir sadəlik, mehribançılıq və dərində, açıq-aydın olmasa da, türk təəssübkeşliyi hiss etdim. Görünür ki, az əvvəlki görüşdə, sadəcə, gündəlik yaşamları, maaşları, perspektivləri əvəzində tələb olunan vəzifə və funksiyalarını yerinə yetirirmişlər. Deyəsən, İranda ?rejim tərəfdarı? söhbəti də nisbi imiş!
Ayrılarkən, elə yanımda, mobil telefonlardan Təbrizin deputatı Fərhənginin və Ayətullah Sübhaninin köməkçilərinə zəng vurub, mənim üçün görüş təyin etdilər.
[b]Uğurlu başlanğıc![/b]
Səfərim uğurlu başlamışdı. Axşamadək Tehranı gəzdim, yenə, bir sıra maraqlı insanlarla görüşdüm. Axşam Bakıya, səfərimin ilk günləri və ?Səhər? telekanalında görüşüm barədə qısa informasiya göndərdim. Zəng vurub, köməkçimə tapşırdım ki, bunu bir neçə qəzet və informasiya agentliyinə ötürsün. Bu həm, səfərimə olan ictimai münasibəti bilməyim, həm də, sonrakı günlərdə qalıb tədqiqat aparmağım üçün lızım idi. Həmin gecə köməkçim bildirdi ki, lazısmi informasiya və xahişləri redaktorlara çatdırıb. Bəziləri deyib baxarıq, bəziləri söz veriblər.
Belə planlaşdırdım ki, səhəri günə Bakıya olan geriyə biletimi qaytarım. Bir neçə gün də qalıb, İran ictimai və dövlət xadimi ilə görüşüm, sonra çalışıb, müxalifət liderləri Müsəvi və Kərrubi ilə görüşüm. Belə hesab etdim ki, bir sıra tanınmış şəxslərlə ardıcıl görüşlərdən sonra İran hakimiyyəti mənim müxalifət liderləri ilə görüşməyimdə qadağaya əl atmaz.
[b]Bakıdan antidəstək...[/b]
Ertəsi gün cümə idi. İş günü deyildi və həmin gün dini lider Xamenei camaat namazını aparacaqdı. İmkan düşmüşkən, bu prosesi də müşahidə etmək istədim. Səhər durub, qəzetlərimizin saytlarına baxdım. Heç bir saytda informasiyaya rast gəlmədim. Hətta, güvəndiyim qəzetlər də, bunu etməmişdilər. Qəribə idi. Elə bil ki, nədənsə, hansısa qüvvədən çəkinmişdilər, hansısa mərkəz bunu qadağan etmişdi.
Daha bir y?rə zəng vurub, anladım ki, doğrudan da belədir. Narahat qaldım, niyə? Çox maraqlıdır. İrana etdiyim səfər zəhmət və risq hesabına başa gəldiyi, yalnız vətən və dövlət təəssübü missiyası daşıdığı və Azərbaycana qarşı haqsız təhdidlərin ifşasına yönəldiyi halda, burada nə problem var ki, ona Bakıdan iqnorə dərəcəsində münasibət yaranıb?
Bundan əvvəl, daha ziddiyyətli konfliktlərin araşdırılması üçün müxtəlif ölkələrdə oldum, belə bir problem yaşanmadı. İranla olan son çəkişmələrlə bağlı, Bakıda Parlamentdən tutmuş, ictimai təşkilatlara kimi, hamı fikrini bildirir. Bu barədə yazan, danışan, piket keçirən kim, söyüb-söylənən kim! Belə çıxır ki, bizdə vətənpərvərlik də monopoliyadadır? Bunun üçün də, xüsusi icazə almalı, xüsusi standartlara uyğun gəlməlisən?
[b]...qarışıq fikirlər...[/b]
Görəsən, Bakıda kimləri narahat edir mənim bu tədqiqatlarım? Bəlkə bu bir fürsətdir, arzuedilməz müstəqil tədqiqatçını ?ümummilli mənafeyə xəyanət? adı ilə ləkələmək üçün? Fikirlərim xeyli qarışdı. Dərhal, düşündüm: yaxşı ki, ?Səhər? TV-nin ?Kompas? verilişinə qatılmamışam. İran tərəfi çıxışımı montaj edib, bu tərəfin əlinə fürsət verərdi! Sonra, hətta, onu da fikirləşdim ki, düzmü etdim, gedib, ?Səhər? TV-in əməkdaşları ilə plov yedim? 100 faiz bunu da biləcəklər! Bu, 9 dollarlıq plov da, Bakıda, məxfi orqanlarımızdakı onsuz da, dolmuş ?dösye?mə əlavə ediləcəkmi? ?Plov komparamatı? nəsə, komik çıxdı, öz-özümə gülümsədim və bir qədər yüngülləşdim...
Artıq, uçuşun vaxtına az qalırdı. Qərar qəbul etməliydim ki, qalmalı yoxsa, getməliyəm. Düşündüm ki, bu əhval və narahatlıqla işi davam etdirmək çətin, üzüntülü olar. Üstəlik, tərslikdən, dişim də şişmişdi, yaman incidirdi. ?Səhər? TV müdiri Burhan bəyə zəng vurub təcili Bakıya getməli olduğumu dedim. Bildirdi ki, təəssüf edir, artıq sabaha görüşlər danışılıb, razılaşdırılmışdı?
[b]...və geriyə dönüş.[/b]
Hava limanına bir İraq əsilli, yarımsaqqallı tanış şəxsin maşınında getdim. Əslən ərəb idi. Bir az ingilis sözləri bilirdi. Bir neçə il idi gəlmişdi İrana və farsı təzə öyrənirdi. Davranışından, çox arxayın idi. Yol boyu cümə namazında Xameneinin Misir inqilabı barəsində nitqinə qulaq asırdı radioda. Kobudcasına yol qaydalarını pozur, qabağına keçən istənilən maşına siqnal verir, əl uzadıb üstlərinə qışqırırdı. Maraqlı gəldi ki, bu necə gəlmədir ki, yerlilər üzərində hegemonluq edir. Sonra öyrəndim ki, bunun səb?bi var, özü də ictimai-siyasi.
Sən demə, bu şəxs İraqdakı şiə məzhəbli, iranpərəst ərəblər qrupundandır. Bunlar kütləvi şəkildə İrana gəliblər. Onlara burada hər cür şərait yaradılıb, imtiyazlar verilib. Dedi ki, burada ağa kimi yaşayırlar, ancaq, gizlin İraqa gedib-gəlirlər, İraqda hökumət tərəfindən təqib olunurlar. Aydın olur ki, bu insanları İran dövləti İraqdakı proseslərə təsir üçün bəsləyir. Eynilə, hər cür imkan və vasitələrlə Fələstində, Livanda, Bəhreyndə, Səudiyyə Ərəbistanında və s. ölkələrdə şiə toplumlarını dəstəklədiyi kimi.
Bir az da dərin münasibət zamanı aydın oldu ki, İran hakimiyyətinin təmin (hətta, silahlarla) və tənzim etdiyi həmin qeyri-iranlı dəstələr həm də, daxili etirazların yatırılması üçün nəzərdə tutulub. Bax belə...
Tehran hava limanı sərhəd keçidində zabit yenə pasportumu vərəqlədi. Bu dəfə artıq məndə, onun başını qatıb, fikrini yayındırmağa həvəs və stimul qalmamışdı. Axırıncı səhifədə İsrail vizasını görüb, elə bil ki tok vurdu onu, dik atıldı. Pasportu götürüb, idarə ofislərinə doğru qaçdı. İki nəfər zabitlə qayıtdılar, çantamı götürüb yoxlamağa apardılar. Sorğu-suala tutdular. Başa salmaq istədim ki, tədqiqatçıyam, İsrailə ?Mavi Mərmərə? insidentini araşdırmaq üçün getmişdim. Telefonumu, fotoaparatımı aldılar, xeyli məsləhətləşmədən sonra hər şeyi qaytarıb, uçuşa icazə verdilər. Sonra gördüm ki, telefondakı nömrələr, fotoaparatdakı şəkillər silinib. Doğrusu, qısa müddətdə elə bir vacib şəkillər çəkmək imkanım da, olmamışdı.
[b]Bakıda[/b]
Bakı aeroportunda problem olmadı, girişim normal, mülayim və maneəsiz keçdi. Qayıdan kimi, həmin qaranlıq fikirlərə son qoymaq üçün, qabaqlayıcı tədbir olaraq, tez, səfərim və onun mahiyyəti barədə qəzetlərin birisinə müsahibə verdim. Bakıdakı İran səfirliyinə rəsmi məktub yazıb Tehran aeroportunda baş vermiş problemlə bağlı etiraz bildirdim. İrana ?Səhər? TV rəhbərliyinə də zəng vurub, bu barədə narazılığımı bildirdim. Xahiş etdim ki, araşdırma aparsınlar. Təəssüf bildirib, araşdırma aparacaqlarını dedilər, amma, çətin...
Təəssüflənirəm ki, tədqiqat səfərimi yarımçıq dayandırmışam. Zəhmət və çətinliklə, belə bir, ziddiyyətli dövrdə İran kimi ölkəyə daxil olub fəaliyyətə başlamışdım... Ancaq yenə, xeyli məlumatlar, nəticələr əldə olundu. Bununla belə, fürsət düşən kimi, yenidən İrana gedib tədqiqatımı tamamlamaqda qərarlıyam.
Səfərimin azmüddətli və yarımıçıq olması və tam ictimai tədqiqat aparılmadığı səbəbindən, konkret nəticələrə gəlmək mümkünsüzdür. Buna görə də, bəmin səfəri xırda detalları ilə təqdim etməklə, məsələni, hörmətli oxucuların öz mühakiməsinə saxladım.
Bununla belə, İranda tədqiqat səfərimlə bağlı əldə etdiyim bir mütləq nəticəni bölüşmək istərdim:
İran, Azərbaycanın daxili işlərinə qarışıb, örnək olub, yol göstərə biləcək sonuncu dövlətlərdəndir!
01- 04 Fevral, 2011.
Bakı - Tehran -Bakı