Məzhur rəqqasə Oksana Rəsulova ADU-nun tələbələrinə qiymət verəcək

img

15-04-2011 [02:17]


Azərbaycan Dillər Universitetində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr edilmiş tələbələrin bədii yaradıcılıq festivalı keçiriləcək. ADU-nun ictimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəhbəri Zeynab Kazımovanın verdiyi məlumata görə, aprelin 18-də təşkil olunacaq festivalda universitetin bütün fakültələrindən 27 tələbə iştirak edəcək. Festivalda rəqs, bədii qiraətlə yanaşı, retro və müasir mahnılar da səslənəcək. Tədbirin əvvəlində isə Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən süjet təqdim ediləcək. Tələbələrin bədii yaradıcılıq festivalında onların istedadını xalq artisti, bəstəkar Faiq Sücəddinov, əməkdar incəsənət xadimi, şair Baba Vəziroğlu, Azərbaycan Bəstəkarlar İttifaqının məsul katibi Lalə Hüseynova və beynəlxalq festivalların laureatı, məşhur rəqqasə Oksana Rəsulovadan ibarət münsiflər heyəti üzə çıxaracaq. Qeyd edək ki, Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi 2011-ci il fevralın 10-da Ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü münasibətilə 57/6 saylı qərar imzalayıb. Qərara əsasən, Ümummilli lider Heydər Əliyevin xatirəsinə ehtiram əlaməti olaraq ali məktəb tələbələrini milli vətənpərvərlik, mədəniyyətimizə, incəsənətimizə, milli adət-ənənələrimizə hörmət ruhunda tərbiyə etmək, eyni zamanda incəsənət sahəsindəki istedadlarını üzə çıxarmaq və inkişaf etdirmək məqsədilə 2011-ci ilin mart-aprel aylarında ali məktəblərdə tələbələrin bədii yaradıcılıq festivalı keçiriləcək. Festival qaliblərinin yekun konserti 2011-ci ilin may ayının birinci ongünlüyündə keçiriləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR