DiN: "Bütün strateji obyektlər yüksək səviyyədə mühafizə olunur"

img

12-04-2011 [01:11]


Bakıda və respublikanın digər ərazilərində bütün strateji obyektlər, o cümlədən metro stansiyaları müasir texniki vasitələrlə təchiz edilmiş polis və digər hüquq-mühafizə orqanları tərəfindən yüksək səviyyədə mühafizə olunur. Bunu Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov bildirib. Rəis müavini ölkədə ictimai asayişin qorunmasında, baş verə biləcək terror aktlarının qarşısının qabaqcadan alınmasında vətəndaşların hüquq-mühafizə orqanları əməkdaşlarına köməyini zəruri sayır. "Bu işdə vətəndaşlar da hüquq-mühafizə orqanlarına kömək etməlidirlər. Vətəndaşlar ayıq-sayıq olmalıdır, şübhələndikləri hadisələr, əşyalar barədə Daxili İşlər Nazirliyinin 102, Fövqəladə Hallar Nazirliyinin 112 xidmətlərinə zəng edərək məlumat verməklə hüquq-mühafizə orqanlarına kömək etmiş olarlar", - Zahidov deyib. Dünyanın heç bir ölkəsinin terrordan sığortalanmadığını deyən nazirlik rəsmisi bildirib ki, Azərbaycan 1988-ci ildən bu vaxtadək dəfələrlə bədxah qonşularımız tərəfindən təşkil olunan terror aktları ilə üzləşib. Minskdəki merto stansiyasında baş vermiş partlayışdan təəssüflənən Zahidov bildirib ki, ölkəmizin müharibə şəraitində olması, əvvəllər terror təhlükəsi ilə üzləşməsi ictimai asayişin və vətəndaşların təhlükəsizliyinin təmin olunması istiqamətində bütün hüquq-mühafizə orqanlarını birgə səmərəli fəaliyyət göstərməyə vadar edib və bu iş bu gün də davam etdirilir. Aprelin 11-də Minsk metropoliteninin "Oktyabrskaya" stansiyasında partlayış baş verib. Son məlumatlara görə, 12 nəfər həlak olub, 149 nəfər yaralanıb. Onlardan 22-nin vəziyyəti ağırdır. Belarus Baş Prokurorluğu baş verən hadisəni terror aktı kimi qiymətləndirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA