Kitab Klubunda Asif Atanın ?Yollazan Aqibət? kitabının təqdimat törəni keçirildi

img

06-04-2011 [03:58]


Asif Atanın Mütləqə İnam Ocağı Çiçək ayının 5-i, 33-cü ildə (aprel, 2011) ?Bakı Kitab Klubu?nda Asif Atanın ?Yollaşan Aqibət? kitabının təqdimat törənini keçirdi. Törəndə ayrı-ayrı elm adamları, musiqişünaslar, ziyalılar, mətbuat və televiziya nümayəndələri iştirak etmiş, Asif Atanın ömür yolundan, onun Amalından, yaratdığı dəyərlər sistemindən bəhs edilmişdir. Tədbiri Ocaq Yükümlüsü Soylu Atalı giriş sözü ilə açdı. Çağımızda kitab hadisəsi önəminin azaldığını və onun önəminin artması üçün çabalar göstərildiyini dedi. Asif Atanın müəllif kimi təqdim olunmadığını və Onun 60-cı illərdən başlayan ciddi mücadiləsindən danışdı. Moskvadakı Qorki adına Ədəbiyyat İnsititutunda təhsil illərindən başladığı axtarışlarını dilə gətirdi: ?Orada Asif Ata əslində özünütəhsillə məşğul olub. Dünya ədəbiyyatını, tarixini, dinləri, fəlsəfəni, musiqini öyrənib. Öyrəndikdən sonra qərara gəlib ki, Azərbaycanla ciddi məşğul olmaq gərəkdir. Azərbaycanı heç kim ciddi öyrənməyib. Asif Ata Azərbaycanı ayrıca öyrənmək qərarına gəldi, addımı dala qoymadı, içində tapdı həqiqətini, həqiqətlə bir oldu. Nə qədər gərgin olsa da həqiqətinə sadiq oldu. Asif Ata ?Azərbaycanımız ? Azərbaycanlığımız? dəyər sistemini yaratdı. Onun əsasında dedi ki, Azərbaycan xüsusi hadisədir. Heç bir xalqın dəyərlərini inkar eləmədən Azərbaycanı təsdiq elədi...? Ocaq Yükümlüsü Asif Atanın 45 kitab yazdığını və anlamlarına görə 13 cilddə təsnifatlaşdırıldığını dedi. ?Yollaşan Aqibət? kitabına daxil olan ?Atalıq Xilqəti?, ?Ömrüm-Günüm?, ?Bədiiyyat? və ?Muğam Fəlsəfəsi? kitablarının olduğunu dedi: ?Muğam Fəlsəfəsi? kitabı Asif Atanın doktorluq işi idi. Sovet dövründə onun çapına yasaq qoydular. Azərbaycanın bir çox öndə gedənləri sübut eləməyə çalışırdılar ki, muğam fəlsəfə deyil... Muğam həmişə xalqın içində yaşayan və sabaha gedən prosesdir. Muğam Asif Atanın dəyərlər silsiləsində təsbit edilən dəyərlərindən biridir... Azərbaycan böyük dəyərləri olduğu halda özünə sahib çıxa bilmir. Siyasi, coğrafi pərakəndəlik hökm sürür. Xalqın içində dəyər sistemi, mədəniyyəti formalaşmalıdır ki, xalq öz içində onu tapsın, xalqın həyat tərzinə çevrilsin. Başqa, yad dəyərlər xalqımızın içinə daxil olub etnik kimliyimizə müdaxilə eləməməlidir. Biz Asif Atanın yolunu, işini təkcə kitablarının ərsəyə gəlməsi ilə davam eləmirik. Bölgələrdə, kəndlərdə onun işini həyata keçiririk. Kitab təqdimatı da onun işlərinin tərkib hissələrindən biridir?. Uluyurd prinsipləri ilə yükümlü Abil Ulusoy gələnləri salamladı. ?Muğam Fəlsəfəsi?nin yazıldığı andan onunla tanış olduğunu dedi. Ata ilə təmaslarından, söhbətlərindən danışdı: Muğamın fəlsəfə olduğu haqqında ilk dəfə yazıldığını qeyd etdi: ?Asif Ata sənətə baxışında, sənət adamında xanəndəliyin 3 keyfiyyətini qeyd edirdi: Sənətkarda təbii hiss, təbii ağıl və təbii sənət olmalıdır. Hər şeydə bir təbiilik olmalıdır, Ata təbiri ilə desək. Açımı ? müqəddəs, kamilliyə çağıran sənətində yaşayan və sənət vasitəsilə Azərbaycanın bütövlüyünü yaşadan. Muğamı izhar eləmək ? Muğamla bir olmaqdır, insanı ləyaqətə çağırmaqdır. Cəmiyyət adamı olmamalısan, heç bir fəxri ad çərçivəsinə sığmamalısan. Çünki Muğam yolu ? İnsanın Tanrıçılığı, Allahçılığı yoludur. Muğamı oxuyan da o halda olmalıdır. Muğamı heç nəyin ayağına vermək olmaz. Muğam ümumbəşəri bir mahiyyət daşıyır. Musiqişünas Səadət Təhmirazqızı hamını salamladı: ?Unudulmayan insan burda xatırlanır. Asif Ata ziyalı, filosof kimi xatırlanıb və xatırlanacaq. Onun yaddaşlarda yaşayan çox qiymətli fikirləri var. Bu fikirlər dərin olduğundan onu dərk etmək çətindir?. Səadət xanım Asif Atadan rübailər söyləyərək fikirlərini əsaslandırdı: ?Asif Atanın fəlsəfəsi haqqında çox danışmaq olar. Mən musiqi verilişləri hazırlayıram və hər zaman da Atanın fikirlərinə istinad etmişəm. Asif Atanın Muğama qayıdış adlı yazısında bir fikir var: ?Ömür sona yetən zaman tapşırırıq körpələrə əsilliyi, məğrurluğu, kamilliyi?. Kamillik sözü sonda gəlir. Muğamın mahiyyətini ifa edir bu sözlər. Asif Atanın ?Rast? muğamına verdiyi qiymətə baxın: muğamın ülviliyi üç amillə izah edilir. Birincisi, ülvilik nədədir ? dünya ilə insanın varlığı; ikincisi, dünya ilə insanın varlığının təsdiqi; üçüncüsü, dünyadan kənarlaşma, yəni ilahi hisslərə qovuşma. Bu fəlsəfi mahiyyəti Asif Ata kitabında açır. Muğam xalqın sərvətidir. Əsrlərin sınağından çıxıb əbədi yaşayacaq. Əslən Güneydən araşdırmaçı-yazar Ağşın Ağkəmərli də belə böyük bir hadisə münasibətilə toplaşmağın özünü hadisə hesab eləyərək qeyd etdi ki, ?Bizim məqsədimiz, ümumiyyətlə, ondan ibarətdir ki, tarixi torpaqlarımızı bərpa eləyək, tarixi-milli mədəniyyətimizi təkrar həyata keçirək və bütövlüyümüzü yaradaq. Bu bütövlüyümüzün mahiyyətində duran üç amil var. O üç amilin biri torpağımızdır, torpaqda var olan mədəniyyətimizdir və dünyabaxışımızdır. Şübhəsiz ki, biz uzun müddət ərzində dövlətçiliyimizi, demək olar ki itirmişik. Muğam Fəlsəfəsi, Asif Atanın baxışı bizim kimliyimizi özümüzə qaytarır. Kimliyimizi qaytarmasında millətləşməyə doğru bir proses yaranır. O prosesin nəticəsində dövlətləşmə əmələ gəlir. Dövlətləşmənin nəticəsində bütövləşmə yaranır. O bütövləşmənin yaranması üçün, Azərbaycanın tarixi torpaqlarını bərpa eləmək üçün, didərgin düşmüş xalqlarımızı yenidən özünə qaytarmaq üçün şübhəsiz ki, dilimiz, musiqimiz xüsusi yer tututr. Azərbaycan Musiqi Akademiyasının müəllimi Ariz Abduləliyev belə bir tədbirdə iştirak etməsindən məmnunluğunu ifadə elədi. ?Muğam Fəlsəfəsi? kitabının nəşr olunmasının uzun tədqiqatların nəticəsi olduğunu dedi. O, Asif Atanın dərs dediyi illərdə proqramda olmayan Şərq fəlsəfəsindən, hec bir yerdə deyilməyən Muğam Fəlsəfəsindən danışdığını qeyd elədi. Ariz bəy Avropada da muğam tədqiqatının aparıldığını qeyd elədi: ?Muğam yalnız Şərqə aid hadisə deyil, dünyaya aid hadisədir. Şərq fəlsəfi fikrinin Qərb fəlsəfi fikrinə təsiri hər zaman olmuşdur. Şərqdə bəşəri fəlsəfi ideyalar inkişaf etmişdir... Muğamda şöbə var ? xanəndə həmişə başladığı yerə qayıdır ki, bitirsin ? bunun özü fəlsəfi ideyadır. Muğamda daha dərin fəlsəfi mənalar var... Azərbaycan fəlsəfi düşüncəsi, Şərq düşüncəsini ifadə edən Asif Atanın bu kitabı işıq üzü görüb. Bu kitab əlimizdən tutacaq, həm dərs vəsaiti olacaq, həm də alimlər üçün gələcəkdə gözəl tədqiqat əsəri olacaq?. Memar Səyavuş Dadaşov dəyərlərimiz haqqında danışdı: ?Türk mədəniyyətinin dörd qanadı var ? xalça dili, miniatür dili, muğam dili və poeziya dili. Bunlar türk təfəkkürünün məhsuludur. Ağa mədəniyyətlər ki, ağalıq eləmək istəyirlər, onları öyrənirlər ki, ağalıq eləsinlər... Muğamı xalqın əlindən ala bilməyiblər. Xalq yaşadıb bunu. Xalqın aparıcı insanları əsərlər yaradıblar. Dahi insanlar bunun kitablarını yazıblar, yaradıblar. Muğam bizə bəxş olunan elə bir hadisədir ki, insanları dəyişdirə bilir. İnsanların sifəti dəyişir. Keçmişin ruhu, qüvvəsi buna təsir edir. Asif Ata ən böyük yükü eləyib. Muğam fəlsəfəsinin üstünə bu, baza kimi yatacaq. Asif Ata ?Bilik? cəmiyyətindəki görüşlərində özü bu muğamları çalırdı. Çox maraqlı ifalar idi. Muğam ? təbiətin, mücərrəd, ideal qüvvə, kod sistemi qoyub ki, onu yaşada bilir. Əxlaqi-mənəvi irsdir ki, bu xalqı özünə qaytarır. Bu bizim mədəniyyətimizin əsasıdır. Bu məclisə yığışmışıqsa, deməli, onu itirməmişik. Çox sağ olun ki, burdasınız?. Ocaq Yükümlüsü Soylu Atalı çıxışlardan sonra bəzi fikirlərini bölüşdü: ?Muğamın ifası olsa da, Muğamın fəlsəfəsi yazılmırsa, o, davam edə bilmir. Xalq 100 ildi yaşayır, necə yaşayır?! Özünəməxsusluğu nə dərəcədədir, nə dərəcədə onun yeri var dünyada? İfaçılığı heç vaxt inkar eləmək olmaz. Xalqımız gözəl muğam çalır. O, bir məqamdır. Amma xalqın həyat tərzinə çevrilmir o ? nədi o dəyişikliyi yaradan? Muğama qulaq asanda nə kapitalizmi, nə də sosializmi görürsən. Muğamı Asif Ata pillə hadisəsi adlandırır. Çox möhtəşəm ifaçılıq yaranmalıdır ? Nəsimidən oxumaq lazımdır. Ali söz lazımdır. Ə. Vahiddən nə qədər oxumaq olar? Hərcayi sözlər xalqın ruhunu ifadə eləmir. Ali sözlə səsin vəhdəti yaranmalıdır. Niyə xanəndələr Nəsimidən oxumurlar ? çünki Nəsimi deyir ki, ?Həqq mənəm?. Nəsimi xalqın ruhundan gəlib. Nəsimidən deyəndə muğam göylərə qalxır, onda o əsilləşir. Muğam ali söz yaratmalıdır. Xalqı sarsıtmaq lazımdır. Mədəniyyətlərin üstümüzə gəlişi var. Saz çalanların çox olması sazçılığın inkişafı deyil. Gərək saz onun ömründə ölməsin. Muğam onu ifa eləyənin ifasında, ömründə ölməsin. Xalqın içini göstərmək üçün Asif Ata öz Fəlsəfəsini yaradıb?. Rəssam Vaqif Ucatay ?Ürəyinizdə Günəş olsun!? deyərək sözünə başladı: ?Mən o xoşbəxt insanlardanam ki, mənim Asif Ata ilə 7 il ünsiyyətim olub. Ucatay adını mənə Asif Ata verib. Onu görən andan vuruldum o insana. Babək haqqında danışırdı görüşdə. Mənim ifadə edə bilmədiklərimi deyirdi. Onu tanıyandan sonra mənim Leninqraddakı müəllimlərim toz oldu getdi gözümdə... Soylu qardaş deyir ki, adi söz oxumamaq lazımdı. Rəssamlıqda da bu belədir ? rəssamlıqda da təsvirçilik var. Azərbaycanın görəcəyi çox işlər var. Rəssamlığın qarşısında da böyük işlər var. Nə qədər ki, özgələrə, özgə peyğəmbərlərə rəhbər deyəcəyik, bundan da pis günə qalacağıq. Nə qədər ki, Asif Ataya qayıtmayacağıq, mənim xalqım öz zirvəsində olmayacaq. Asif Atanın belə bir dəyərli kitabının çapdan çıxması böyük hadisədir. Bu gün əslində bizim bayramımızdır, mübarək günümüzdür. Asif Atanı biz dərk etsək, başqaları da dərk edəcəklər... Atamız var olsun! Millətimiz var olsun! Asif Ata Günəşimizdi, o Günəş daim bizi işıqlandıracaq?. Şairə Əzizə Ağahüseynqızı duyğularını bölüşdü, Vətənlə bağlı agrılarını, nisgilini dilə gətirdi. Asif Atanın Rübailərindən dedi. Ziyalı Surxay Qocayev Asif Ata Ocağına, Asif Ata ideyasına yığılmağın sevincini bölüşdü. Kitabın ərsəyə gəlməsini sevindirici hal kimi qeyd elədi. Zəhməti olanlara şəxsən öz adından minnətdarlığını bildirdi. Güney Azərbaycanla bağlı ağrılarını dilə gətirdi, Azərbaycanın Bütövlüyü haqqında arzusunu bölüşdü. Tədqiqatçı ziyalı Rafiq Ələsgərov tədbirin keçirilməsindən məmnunluğunu ifadə elədi. Törən muğam üçlüyünün müşaiyəti ilə həyata keçdi. Birinci Respublika Muğam müsabiqəsinin laureatı, Akademik Opera və Balet Teatrının solisti İlkin Əhmədovun ifasında muğamlar dinlənildi. Mütləqə İnam Ocağının Yükümlüsü Soylu Atalı Azərbaycan Televiziyasına və İctimai televiziyaya Asif Atanın ömrü, işi, kitabı haqda müsahibə verdi. Kitabın təqdimatı iştirakçılarda yüksək əhval doğurdu və Azərbaycan xalqının milli dəyərlərindən biri olan muğam hadisəsinin Asif Ata tərəfindən fəlsəfə olaraq mənalandırılması diqqətləri özünə cəlb etdi. Sonda iştirakçılara Asif Atanın ?Yollaşan Aqibət? kitabı, Ocağı mahiyyət etibarilə ifadə edən digər ədəbiyyatlar hədiyyə edildi.

Digər xəbərlər
SON XƏBƏRLƏR