15-03-2011 [01:00]
Bu adı mediada tez-tez eşitməsək də, futbol ictimaiyyəti onu çox yaxşı tanıyır. Futbolçu kimi "İnşaatçı"yla ölkə kubokunu başı üzərinə qaldırmış müsahibim, müxtəlif vaxtlarda "Neftçi", OİK, "Rəvan" kimi klubların da şərəfini qoruyub. Məşqçi kimi onlarla uğurun müəllifi olan Adil Mahmudov 1976-cı ildə anadan olub. Elə məşq prosesində baş tutan söhbətimizə Adil müəllimin futbolçu karyerasını bitirməsi və məşqçiliyə başlamasından başladıq.
- Futbolçu kimi son klubum Bakı "Dinamo"su olub. Ondan sonra bir il ölkə futbolsuz qaldı. Amma bununla yanaşı 1996-98-ci illərdə həvəskar məşqçi kimi fəaliyyət göstərmişəm. 1998-ci ildən isə "Təhsil" Respublika İdman Mərkəzində rəsmi olaraq məşqçilik fəaliyyətinə başladım. Ölkə futbolsuz qalandan sonra çox pis olmuşdum və qərar verdim ki, karyeramı bitirəcəyəm. 26 yaşımda karyeramı başa vurdum.
- Məşqçilik sizinçün peşədir, hobbidir, yoxsa qazanc mənbəyidir?
- Peşəmdir. Etiraf edirəm ki, həm də çörək ağacımdır, biznes sahəmdir. Dolanışığım burdan çıxır. Nəyim varsa məşqçilikdir. Mən əhatə edən nə varsa, futbolla bağlıdır. Məhz məşqçiliyin sayəsində bir sıra dövlət orqanları rəhbərləriylə, vəzifəli şəxslərlə münasibətim var.
- Məsələn?
- Ad çəkməyək.
- Onların adını hansısa cinayətə, terror hadisəsinə görə çəkmirsiniz ki...
- Tək bir faktı deyim. Mən Moskvada olanda Moskvanın o zamankı meri Yuri Lujkov dedi ki, mən Azərbaycanda belə futbolun, məşqçiliyin olduğunu bilməzdim.
- Moskvada nə yarışı idi?
- 25 ölkənin iştirakıyla 17 yaşlılardan ibarət milli komandaların yarışı keçirilirdi. Bir növ kiçik dünya çempionatı kimi bir şey. Həmin vaxt millimizin baş məşqçisiydim. Yuri Lujkov oyunumuzu görəndən sonra uşaqlara, mənə təşəkkürünü bildirdi və çay süfrəsi arxasında maraqlı söhbətimiz oldu. Həmin yarışda dünyanın rəmzi yığması seçildi və mən də həmin yığmaya məşqçi təyin olundum.
- Lujkov kifayət qədər maraqlı adamdır...
- Elədir. Hətta o məndən öz dilimizdə soruşdu ki, "necəsən". Orada dünya yığmasıyla Moskva meriyasının işçiləri arasında yoldaşlıq görüşü keçirildi.
- Bu gün məşqçi Adil Mahmudov necə dolanır?
- Min şükür Allahıma. Amma məni bundan əlavə narahat edən bir şey var-uşaq futbolumuz daha da yaxşı ola bilərdi.
- Əvvəl futbolçular şəraitsizlikdən gileylənirdilər. İndi isə bu problem yoxdur. Amma veteran futbolçular bildirirlər ki, mövcud şəraitlə futbolçularımız veteran həmkarlarından daha zəif çıxış edirlər. Bu fikir doğrudur, yoxsa sadəcə nəsillərin mübarizəsi?
- Razıyam ki, bu gün çox gözəl şərait var. Hətta bir neçə klubun uşaq komandalarının beynəlxalq oyunlarda iştirakı üçün heç bir problem yoxdur. Məsələn may ayında "İnter"in 1999 təvəllüdlü yeniyetmələri Soçiyə beynəlxalq turnirə yollanacaqlar. Bir şey idə deyim ki, bu gün "Təhsil" İdman cəmiyyətləri arasında, "İnter"sə klublar içərisində birincidir. Çünki hər ikisinin yüksək şəraiti və peşəkar rəhbərliyi var. Amma 10 il əvvəl valideynlər, məşqçilər pul qoyub uşaqları yarışlara göndərirdilər. Təəssüf ki, bu gün vaxtilə uşaq futbolunda əmək qoyan, əziyyət çəkən məşqçilər kənarda qalıb.
- Onlardan biri də sizsiniz...
- 13 ildir ki, uşaqlarla işləyirəm. Amma indi tamam başqa, əziyyəti olmayan "mütəxəssis"lər peyda olub. İslam Kərimov, Ələkbər Cəfərov, Ağamusa Bağırov, Adil Mahmudov, Rəhman Tağıyev kimi əziyyəti olan insanlar var. Rəhman Tağıyev yeganə azərbaycanlıdır ki, 14 dəfə Qranatkin turnirinin iştirakçısı olub. Bu adam uşaq futbolunda "əjdaha"dır. Tərlan Əhmədov, Cavid Hüseynov kimi oyunçuları o yetişdirib.
- Adətən futbol məktəblərindən söz düşəndə deyirlər ki, Gəncə-Tovuz məktəbi daha güclüdür. Səbəb nədir?
- Bu saat bütün bölgələr aktivdir. Niyə Sumqayıt futbolu da güclü olub ki. Deyərdim ki, Qusardan da istedadlı oyunçular çıxır. Hazırda Kamran Nurəhmədovun oğlu Kamil Nurəhmədov var ki, 1991-ci il doğumludur, yaxşı fiziki keyfiyyətləri var. Premyer-liqaya əsas namizəd olan "Abşeron" klubunda çıxış edir.
- 13 ildir ki, bu işlə məşğulsunuz. Hansı tanınmış yetirmələriniz var?
- Şəhriyar Rəhimov, Anar Məhərrəmov, Mirhüseyn Seyidov ilk addımlarını mənim rəhbərliyim altında atıblar. "Neftçi"nin və milli komandamızın müdafiəçisi Ruslan Abışovun yetişməsində türk mütəxəssis Uğur Çalışla birgə müəyyən rolum olub. "Abşeron"un futbolçuları Emin Hüseynov, Ramil Nuriyev, U-17-nin futbolçusu Mənsur Nəhavəndi, "Neftçi"dən Eşqin Quliyev mənim yetirmələrimdir.
- Bir az da gənc futbolçuların tez parlayıb və tez də sönməsindən danışaq. Niyə belə olur?
- Hər futbolçunun öz bəxti, taleyi var. Heç kim bilməzdi ki, Rivaldo kimi futbolçu necə sönəcək. Amma deyim ki, bizdə Avropa səviyyəli oyunçular var.
"Bizdə menecerlər yatır, dünya menecerləri isə bütün günü axtarışdadır"
- Kimlər? İstərdim ad çəkəsiniz. Belə deyək, heç olmasa Avropanın ortabablarından olan "Vilyareal", "Tottenhem" kimi klublarda oynamaq mümkündürmü?
- Yox, yox. Elə bir oyunçu yoxdur. Bilirsiniz, bizdə menecerlər yatır, dünya menecerləri isə bütün günü axtarışdadır. Onlar çalışırlar ki, ucuz və keyfiyyətli futbolçu tapsınlar. "Milan" kimi mötəbər akademiyaya malik olan komandanın menecerləri Azərbaycanda akula kimi işləyirlər. Məsələn, bu ayın 19-27 aralığında "Milan kamp" keçiriləcək. Buradakı yaxşı oyunçuların içindən 1-2 nəfər ən yaxşısını seçirlər. Burda seçilən oyunçu İtaliyada özünü doğrultsa, komandada saxlanılır. Onlar hətta Afrikada işləyirlər, gecə-gündüz yatmırlar. Bu dəqiqə Gürcüstanda "Ayaks"ın menecerləri axtarışdadırlar.
- Bayaqkı fikrinizi davam etdirərdiniz. Yəni hansı futbolçularımız Avropada oynaya bilər?
- Mahir Şükürov "Anji"də oynayır. Məsələn, Kamran Ağayev "Beşiktaş" kimi komandanın qapısını rahatlıqla qoruya bilər. Hərtərəfli hazırlıqlı oyunçudur.
- Əfran İsmayılov, Ruslan Abışov oynaya bilərlərmi?
- Özlərindən asılıdır. Avropada futbolçunu izləyən menecerlər baxırlar ki, o bir oyunda neçə səhvə yol verir.
- Bu uşaqların içindən Rəşad Sadıqov, Mahir Şükürovdan daha artıq futbolçular çıxa bilərmi?
- Mümkündür. Məsələn, Təbriz Həsənovun yıdığı U-17 çox güclüdür.
- Amma bir neçə gün əvəl U-19 həvəskar komandayla 2:2 oynadı. Burada söhbət millinin 2 qol vurması yox, iki top buraxmasından gedir...
"90-cı illərin milli komandası daha güclüydü"
- Bəlkə də güclü komanda olub. Məsələn, o vaxt Mahir Şükürovu Karlos Alberto Torres birinci dəstədən milli komandaya dəvət eləmişdi. Ona görə deyirəm ki, bizim görə bilmədiyimiz çox oyunçular var.
- İndiki milli komanda, 2000-ci və 90-cı illərin milli komandası. Hansı daha güclüdür?
- Biz o zaman yalnız Bakı çempionatında oynayırdıq. Amma indi Bakı, bölgələr, respublika çempionatı, beynəlxalq turnirlərdə iştirak edir. Həm də bizim dövr müharibə vaxtına düşdü, yarışlar dayandırıldı. Etiraf edirəm ki, 90-cı illərin milli komandası daha güclüydü. Amma indiki milli ən güclüdür, oyun təcrübələri çoxdur.
- Amma ötən il Türkiyəyə qalib gəlməyimizi saymasaq, ilboyu heç bir nəticə olmadı...
- Biz Fransada turnirdəydik. Yarışdan qayıdandan sonra "Şəfa"dan kənara çıxmadıq. Amma mənim əlaqələrim var və bilirəm ki, onlar ilboyu Avropada yarışlarda iştirak elədilər.
- Yenədəmi tapşırıqlar olur ki, kimlərsə əsas heyətdə oynamalıdır?
- İndi yox, əvvəl olub. Artıq hər kəs dərk edir ki, futbol kollektiv oyundur. Etiraf edirəm ki, mən də zəif turnirlərdə, yoldaşlıq görüşlərində həmin oyunçulara şans vermişəm.
- Legioner məşqçilərdən danışaq. Niyə klublarımız onlara daha çox güvənirlər?
- Bir neçə klub işbirliyi təklif elədi. Almaq istədiyim əməkhaqqını açıqlayanda razı olmadılar. Dedim ki, onda gedin xarici məşqçi gətirin. Şəxsən mən həmin məşqçini dəfələrlə udmuşam.
- Bizdə klublar məşqçini tez-tez dəyişirlər, güvənmirlər. Məsələn, Ferqyusonun "Mançester Yunayted"də çalışdığı 25 ildə komanda 10-cu yerdə də gedib komanda. Amma ona inanıblar....
- Ona görə də onlar "Mançester Yunayted"dir də. Onlar səbri eləməyi bacarır. Məsələn, mən "Bakı"dan qovulan Şaferin məşqlərinə baxmışam və çox səviyyəli məşqçilərdən biridir. Bakın Visente Del Boske klubda heç nə edə bilmədi. Amma İspaniya millisinə dünya çempionluğunu qazandırdı.
""Muğan"ın baş məşqçisi Bəhmən Həsənov C kateqoriyasıyla bütün klublara qan uddurur"
- MOİK hazırda sonuncu pillədədir. Baş məşqçi Ramil Əliyevin isə cəmi 27 yaşı var. Amma nəzərə alaq ki, bu komanda hansısa bölgəni deyil, ölkənin rəmzlərindən biri sayılan ordunu təmsil edir...
- Futbolda hər şey olur.
- Bir il ola bilər, 15 il yox.
- Mən bu işə qarışmaq istəmirəm. Ramil çox güclü mütəxəssislərdən biridir. Sadəcə nəsə çatmır.
- Nə əcəb "A" kateqoriyalı məşqçi ola-ola böyük komandalara getmirsiniz?
- İtaliyada 2500 Pro dərəcəli məşqçi var. Bu saat Pro dərəcəli iki yuqoslav məşqçi iş axtarır və mənə müraciət ediblər. "Muğan"ın baş məşqçisi Bəhmən Həsənov C kateqoriyasıyla bütün klublara qan uddurur.
- Premyer-liqa komandalarını çalışdıra bilərsiniz?
- Əlbəttə. Sadəcə, Azərbaycanda gərək adamın adamı ola. Menecerlər kor deyillər ki, göstəricilərimi görürlər və bu nailliyyətlər də ora göydən düşməyib. Deməli istəmirlər.
- Məşqlərinizi izləmişəm və bilirəm ki, məşq prosesində çox sərtsiniz... Nəticələrinizin sirri də bundadırmı?
- Bəlkə də.
- Məşqçi işlədiyiniz dövrdə yaddaqalan hesab etdiyiniz bir hadisə danışın.
- "İnter"i çalışdırarkən çempionatın finalında "Neftçiylə qarşılaşdıq. Hamı İslam Kərimovun rəhbərlik elədiyi komandanı favorit görürdü. O zaman Qurban Qurbanov "İnter"də idman direktoruydu. Oyun çox ağır keçdi və biz 3:1 hesabıyla qalib gəldik. Təsəvvür edin ki, 2500 nəfər oyunu izləyirdi. Bu rekord göstəricidir.
- Sizcə idmançıların bu qədər təminatlı olması doğrudurmu?
- İdmançı nə qədər çox qazansa, o qədər yaxşıdır. Çünki canını istismar edir və onun pulunu kəsmək günahdır. İstənilən vaxt ürəyi dayana, şikəst ola bilər.
- Ev işlərinə necə zaman ayırırsınız?
- Günüm meydançada keçir. Evə axşam saat 10-da çatanda sevinirəm.
- Bildiyimə görə, xarici klublar sizinlə maraqlanır...
- Hə. Artıq bir-iki rus menecerlə işləyirəm və gələcəkdə çox güman ki, Rusiyanın klublarından birində çalışacağam. Rusiya millisinin məşqçilərindən biriylə tanışlığım var.
- Düşünürsünüz ki, burada yetərincə qiymətləndirilmirsiniz?
- Bəli.
- Aylıq məvacibiniz nə qədərdir?
- Azərbaycanda yerli uşaq futbolu məşqçiləri 5-6 yüz dollar məvacib alır. Amma legioner məşqçilər 2500-10000 min arasında alırlar. Amma bayaq dediyim turnirin 1/4 finalına qədər irəliləyib, yalnız heyəti "San Paulu" və "Palmeyras" kimi güclü komandaların oyunçularından təşkil olunmuş Braziliya millisinə uduzmuşam. Bu da bir ilkdir.
- İslam Kərimov, Adil Mahmudov kimi mütəxəssislər ....(sözümü kəsir)
- Adamlar var ki, bizim işimizi, yerli məşqçiləri gözdən salır. Şəxsən mənim iki tələbəm- Şəhriyar Rəhimov və Asif Mirili "İnter"in heyətind MDB çempionu olub . Bir tələbəm-Elnur Əhmədov isə çimərlik futbolunda Avropa çempionatının bürünc medalını qazanıb. Bu mənim futbolumuza verdiyim töhvələrdir. Yığmalarda isə tələbələrim onlarladır.
- Yetirmələrinizdən razısınız?
- Sağ olsunlar arada zəng edirlər, əhvalımı soruşurlar.
- Uşaq məşqçiləri həm də onları pis vərdişlərdən çəkindirməlidirlər....
- Çox olub ki, siqaret çəkən yerdə tutmuşam. Valideynlərinin dediyindən sonra atmayıb, amma mən demişəm, siqareti tərgidib. Nəzərə alaq ki, biz bayrağımızı daim yüksəkdə tutan idmançılar yetişdiririk.
- Novruz bayramı ərəfəsindəyik. Həmkarlarınıza, xalqımıza nə sözünüz var?
- Fürsətdən istifadə edib futbolumuzda zəhməti olan məşqçiləri, futbolçularımızı, təbrik edirəm. AFFA prezidenti Rövnəq Abdullayevi və federasiyanın bütün işçilərinə cansağlığı, müvəffəqiyyət arzulayıram. Onun və baş katib Elxan Məmmədovun futbolumuzun inkişafında xidmətləri danılmazdır. İnanıram ki, "Ədalət" qəzetini oxuyan aidiyyətı şəxslər mənim və adını çəkdiyim digər məşqçi yoldaşlarım haqda ədalətli qərar çıxaracaqlar. Fikrimcə, dediklərim kiminsə vicdan nöqtəsinə toxunacaq. Çünki hamı futboldan qaçanda İslam Kərimov və Adil Mahmudov 11 şirvana futbolçu yetişdirirdilər. Doğrudur, sağ olsunlar valideynlər də kömək edirdiər. İnşallah hər kəs arzusuna çatsın. Sizin də kollektivi təbrik edirəm.