DiN-dən 11 mart aksiyası ilə bağlı bəyanat

img

10-03-2011 [01:01]


Azərbaycan Daxili İşlər Nazirliyi virtual şəbəkədə bir qrup gəncin səslənməkdə olan ?11 mart-Böyük xalq günü? adlı inqilabi çağırışlarına aydınlıq gətirib. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, xalqlar arasında nifaq toxumu səpən, bölücülüyü təbliğ edən yalançı meydan qəhrəmanları, indiki halda radikal müxalifət liderləri siyasi arenada, öz qatarlarının getdiklərinin, arxivin bir küncünə atıldıqlarının fərqində olsalar da, ?bəlkə də qaytardılar? xülyasından hələ də qurtula bilmirlər: ?Hakimiyyət və mənsəb naminə hətta şeytanla da ittifaqa girməyə hazır olan, siyasət səhnəsindəki indiki status-kvolarını, yəni formal mövcudluqlarını çoxdan xaricdəki bəzi bədxah qüvvələrin ianələrindən, qəpik-quruşlarından asılı etmiş radikal müxalifət və onların səhnə dekorasiyası kimi dəyişməz liderləri qarşılarına qoyulmuş məqsədlərə çatmaq yolunda ən böyük maneələrdən birinin daxili işlər orqanlarının olduğunu yaxşı anlayırlar?. Nazirliyin rəsmi saytında verilən bu bəyanatda deyilir ki, bəzi maraqlı xarici qüvvələrin ölkəmizdə sınaqdan keçirməyə cəhd göstərdiyi ?rəngli inqilablar? xülyasının tərəfdarı olan radikal müxalifət ideoloqları və funksionerləri təxminən 6 il öncə parlament seçkiləri ərəfəsində və sonra daxili işlər orqanlarının şəxsi heyətinin növbəti dəfə Azərbaycan dövlətçiliyinə, xalqına, prezidentinə və andına sadiq qaldıqlarının şahidi oldular. İndi Şimali Afrikada baş verən proseslərdən öz dayaz fantaziyaları çərçivəsində yararlanmağa çalışan belə avantüristlər ətraflarında dolanan bir qrup gəncimizi və əcnəbilərin qrantlarından birbaşa asılı olan bir neçə qeyri-hökumət təşkilatını şəxsi ambisiyalarının aləti kimi istifadə etməyə səy göstərirlər. Amma unudurlar ki, əsl Azərbaycan gəncliyi belə avantüralara uyan deyil. ?Təxminən 20 il əvvəl hakimiyyətə gəlib ölkəni vətəndaş müharibəsi təhlükəsi, dağılmış iqtisadiyyat və cinayətkarlığın tüğyan etməsi ilə üzbəüz qoymuş köhnə tanış simalar indi heç nə olmamış kimi, yenə də demokratiyadan, insan hüquqlarından dəm vurur, özlərinin köhnə əməllərindən, hoqqalarından bixəbər gəncləri yanlış səmtə yönəltməyə, onları "stəkanda fırtına" oyunbazlğına cəlb etməyə, qeyri-qanuni aksiyalara çağırmaqla qarşıdurmaya təhrik etməyə çalışırlar. Adətlərinə uyğun olaraq, belə hallarda guya potensial qarşıdurmadan sığortalanmaq, qabaqdangəlmişlik edərək məsuliyyəti hakimiyyət orqanlarının üzərinə qoymaq üçün asayiş keşikçilərinə İnternet vasitəsilə "şanlı" müraciət ünvanlamaqdan belə utanmırlar. Guya tədbirli tərpənən radikal müxalifətin funksionerləri bu düşərgənin mətbəxində hazırlanması şübhə doğurmayan eyni məzmunlu müraciəti bu dəfə gənclərin adından sırımağa cəhd edirlər". Dünyanın ən inkişaf etmiş dövlətlərində də polis asayişi mühafizə funksiyalarını yerinə yetirərək istənilən qanunsuz aksiyanın qarşısını da alır, ictimai qaydanı kobud şəkildə pozan, tabeçilik göstərməyən şəxslərə qarşı fiziki güc də tətbiq edir: ?Əməkdaşlarımız və hərbi qulluqçularımız ölkəmizin suverenliyi, ərazi bütövlüyü uğrunda fədakarlıq göstərib bu yolda qurbanlar verməklə yanaşı, sabitliyin dönməzliyinin təminində, əmin-amanlığın qorunmasında, qanunsuz aksiyaların qarşısının alınmasında hər zaman öz həlledici sözünü demiş və bundan sonra da deyəcəklər. Bunu heç kim, həmçinin Azərbaycan Polisinə ünvanlanmış "şanlı" müraciətin müəllifləri də unutmasınlar?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA