Aysel Teymurzadə: ?Mənim nə varlı əmim, nə qohumum, nə sponsorum var?

img

04-02-2011 [01:34]


Bu günlərdə hakim Yeni Azərbaycan Partiyasına üzv olan, ?Eurovision-2009? yarışmasının üçüncüsü Aysel Teymurzadə maraqlı müsahıbə verib. Tanınmış gənc müğənninin ?Qafqazinfo?ya eksklüziv müsahibəsini sizə təqdim edirik. - Bu günlərdə hakim Yeni Azərbaycan Partiyasına üzv oldunuz. Siyasi partiyaya üzv olmaq fikriniz haradan yarandı? - Ümumiyyətlə, bu fikir məndə yaydan var idi. Atam da çoxdan YAP-ın üzvüdür. Doğulandan ailəmdə Vətənə sevgi görmüşəm. Evimizdə həmişə Azərbaycan bayrağı asılıb. Deyirlər ?Ot kökü üstə bitər?. Bizim nəslimiz elə vətənpərvər nəsildir. Atam elə bir vətənpərvərlik tədbiri olmayıb ki, orda iştirak etməsin. Biz Həsən bəy Zərdabi nəslindənik. Atam uşaq evlərindən cəbhə bölgələrinədək hər yerdə olub və çox zaman məni də özü ilə aparıb. Mən yayda atama dedim ki, YAP-a üzv olmaq istəyirəm. Yanvarın əvvəllərində isə bu istəyimi rəsmiləşdirərək müraciət etdim. Onlar da Gənclər Günündə məni sevindirərək bir hədiyyə etdilər. Söylədilər ki, mən artıq üzv oldum. Mənim üçün çox sevindirici hal oldu. YAP-a üzv olmaq balaca bir şey deyil. Necə ki, ?Eurovision? yarışmasında da bu məsuliyyəti daşıyırdım, indi də elədir. - Siravi üzv olacaqsınız, yoxsa hansısa hədəfləriniz var? - Yox, təbii ki, mən adi üzv kimi kifayətlənmək fikrində deyiləm. Mən partiyanın ictimai-siyasi işlərində yaxından, fəal iştirak edəcəyəm. Sıradan birisi olmaq istəmirəm. Hansısa layihələr olduqda mən də qoşulacağam. Hər şeyin necə olacağını isə zaman göstərəcək. - ?Eurovision? milli seçim turlarını izləyirsinizmi? - Son vaxtlar vaxt tapıb televiziyadan izləyə bilmirəm. Amma internetdən baxıram. - Sizin dəstəklədiyiniz namizəd varmı? - Nə keçən il, nə də bu il mən öz favoritimin adını çəkmədim. Mənim üçün fərqi yoxdur, kim seçilirsə seçilsin. Əsas odur ki, o, Azərbaycanın adını təmsil edəcək. - Builki iştirakçılara baxanda nə düşünürsünüz, heç olmasa Sizin uğurunuzu təkrar edəcəklərimi? - Hələlik biz bilmirik builki müsabiqədə nələr olacaq, necə olacaq. Amma mən yenə də konkret ad deməyəcəyəm. Beşlikdə olanların hamısını tanıyıram. Çoxları ilə uşaqlıqdan da bir yerdə olmuşam. Amma ad çəkməyəcəyəm. Mən çox istəyirəm ki, indiki təmsilçilərimiz bizdən də yaxşı nəticə əldə etsin. Onlarda gərək buna inam olsun. Birinci özlərinə inansalar, hamı da onlara inanacaqdır. Biz çıxış edəndə elə insanlar var idi ki, heç ürəkdən istəmirdilər. Amma onlar düşünmürdülər ki, axı biz Azərbaycanı təmsil edirdik. Düşünürdülər ki, əgər Aysel gedirsə, qoy yer tutmasın. Yenə də şükürlər olsun ki, məni dəstəkləyənlərin sayı daha çox idi. Mən Safuranı da dəstəkləyirdim, builki iştirakçını da dəstəkləyəcəyəm. - Hazırda nə ilə məşğulsunuz? - Mən son 6-7 aydır ki, uzaqlaşmışam. Nə televiziyada, nə mətbuatda görünmürəm. Uzun fasilədən sonra bu mənim birinci müsahibəmdi. Problemlər haqqında danışmaq istəmirəm. Amma çoxlu çətinliklərlə üzləşmişəm. Çətinlik bundan ibarətdir ki, mənim nə varlı əmim, nə qohumum, nə sponsorum var. Belə olsaydı inanın ki, hər gün efirlərdən düşməzdim. Aysel özünə çətin yolu seçib. Amma bilirəm ki, bu düzgün yoldur. Mən asan yolla getmək istəmirəm. Halal yola daha üstünlük verirəm. Buna baxmayaraq, mən gözləyirəm. Çünki kim yaxşı şeylər gözləyirsə, mütləq olur. Öz gücümlə istəyirəm irəli gedim, heç kimin gücü ilə deyil. - Ailə qurmaq fikriniz varmı? - Heç belə bir fikrim yoxdur. Dünya şöhrətli müğənni Ledi Qaqanın bir fikrindən xoşum gəlmişdi. O, belə bir söz demişdi ki, əgər iki seçim qarşısında qalırsınızsa ? oğlan yoxsa karyera? O zaman karyeranı seçin. Çünki karyera durub deməyəcək ki, mən daha səni sevmirəm. Əvvəlcə işi görmək lazımdır, sonrası özü həll olunacaq. Mən indi dostlarım, tanışlarımda belə şeyləri çox görürəm. Oğlanlar deyirlər ki, oxuma. Qəbul etmirlər həyat yoldaşları müğənni olsun. İndi uşaqlıqdan istədiyin, arzuladığın nəyisə onlara qurban vermək olmaz. - Toylara gedirsinizmi? - Heç bir toyda iştirak etmirəm. Bunu mən özüm istəmirəm. Amma mənə çox təkliflər gəlir. Mən cəmi bir dəfə toyda iştirak etmişəm. O da xeyriyyə toyunda olub. Kimsəsiz gənclərin toy mərasimi idi. - Yaradıcılığınızla bağlı hansı yeniliklər var? - Hal-hazırda ?Azərbaycan? mahnısını hazırlayıb bitiririk. Sözləri Cəlal Qurbanov, musiqisi Hüseyn Abdullayevin olan mahnı artıq hazır olub, bitməkdədir. Ya bu ay, ya da gələn ay klipini çəkdirəcəyik. Bu sıradan bir vətənpərvər mahnı olmayacaq. Tezliklə radiolarda və televiziyalarda görəcəksiz. Orda həm Ulu Öndərdən, həm müharibədən və həm də digər məqamlar yer alıb. Düşünürəm ki, bu mahnı illərlə seviləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:16 14.05.2025

Tramp Qətərə gəlib