BQXK erməni əsirliyində olan Azərbaycan hərbçiləri ilə görüzüb

img

27-10-2010 [03:11]


Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələri erməni əsirliyində olan Azərbaycan hərbçiləri ilə görüşüblər. BQXK-nın Bakı ofisinin yayım şöbəsinin rəhbəri İlahə Hüseynovanın verdiyi məlumata görə, komitənin Ermənistan nümayəndəliyinin əməkdaşları erməni əsirliyində olan Azərbaycan hərbçilərinə və bir nəfər mülki şəxsə baş çəkiblər. Beynəlxalq qurumun nümayəndələri həmin şəxslərin saxlanma şəraiti və fiziki durumu ilə maraqlanıblar. Xatırladaq ki, Azərbaycan Ordusunun kiçik çavuşları Roman Hüseynov cari ilin 27 avqust tarixində, Anar Hacıyev isə 2009-cu il mayın 10-da Ermənistan silahlı qüvvələri tərəfindən əsir götürülüb. Daha bir Azərbaycan vətəndaşı, mülki şəxs, 1963-cü il təvəllüdlü Tağıyev Eldar Heydər oğlu 2009-cu il dekabrda Tovuz rayonunun Əlibəyli kəndi istiqamətində erməni hərbçiləri tərəfindən girov götürülüb. Azərbaycanda isə hazırda 6 erməni əsiri var. İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır. BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA