Müğənni-bəstəkar Arif Səlimov: "Layiq olduğum yeri tuta bilmirəm, ilan kimi sürünürəm"

img

24-10-2010 [03:24]


9 ilə yaxındır yaradıcılıq fəaliyyəti ilə məşğul olan gənc müğənni-bəstəkar Arif Səlimov məhsuldar işləməsinə baxmayaraq, hələ də geniş kütlə tərəfindən tanınmır. O, populyarlığa aparan yolda qarşıya çıxan əngəlləri aşmağın heç də asan olmadığını deyir. [b]- Az vaxt deyil ki, sənət yolundasınız, nailiyyətlərinizdən razısınız? [/b] - Hər gün Allaha dua edirəm ki, çox tanınım. Amma xalqın içində olmağı sevirəm. İctimai nəqliyyatda gedib-gəlməkdən sıxılmıram. Əslində, az iş görməmişəm. Artıq böyük sənətkarlarla da işbirliyi qura bilmişəm. Dekabrın 23-nə, yəni ad günümə "Yaşayan əfsanələr və yeni səslər" adı altında mənim yazdığım 30 mahnının daxil ediləcəyi iki diskdən ibarət albom hazırlayıram. Bu albomda Flora Kərimova, Gülyaz və Gülyanaq Məmmədova bacıları, Nuriyyə Hüseynova, Xumar Qədimova, Nazpəri Dostəliyeva, Bahar Lətifqızı, Zahidə Günəş, Ziyafət Yaqubova kimi tanınmış müğənnilərin isimləri olacaq. Təəssüf, çoxları bilmir ki, bu mahnıları mən yazmışam, çünki reklamım zəifdir. Amma efir məkanında olmasam da, el şənliklərində, tədbirlərdə iştirakıma görə sənət aləmi məni yaxşı tanıyır. Demək olar ki, bütün canlı korifeylərimizin xeyir-duasını almışam, hətta onlarla eyni səhnəni də bölüşmüşəm. Bircə əlçatmaz Zeynəb Xanlarova qalıb. [b]- Eşitdiyimə görə, səhnədə yeni addımlayan gəncləri dəstəkləməyə çalışırsınız.[/b] - Elədir. Bəlkə də bu, həm də bəstəkar olmağımdan irəli gəlir, yalnız müğənni olsaydım, paxıl olardım. Tanınmamış, amma istedadlı insanlara diqqət yetirməmək düzgün deyil. Çox tanınmamış gənc müğənnilər mahnılarımı oxuyub. Kütləyə tanış deyillər deyə, onlar haqda danışa bilmirəm. İnşallah, hazırladığım albomda ifalarını eşidə biləcəksiniz. [b]- Amma daha çox lirik mahnılar bəstələyirsiniz. [/b] - Özümü lirikada daha rahat görürəm. Bəlkə də seçdiyim şeirlər məni bu istiqamətə yönləndirir. Amma sifarişlə mahnı yaza bilmirəm. Yaşadığım hissləri nota köçürürəm. [b]- Deyəsən, həyatınızda çətin anlar çox olub. [/b] - Çox kövrəyəm. Haqqımda doğru olmayan şayiə eşidəndə belə, uşaq kimi ağlayıram, çünki hər şeyi öz zəhmətimlə edirəm. Kimsə daim xoşbəxt ola bilməz. Ötən il mənim üçün ağır keçdi, atamı itirdim. Sevgi məsələlərində də bəxtim gətirmir, çox aldanmışam. Atalar yaxşı deyib ki, sevənin gözü kor olur. [b]- Şou-biznesdə də aldadanlar az deyil. [/b] - Sözsüz. Bu gün oxumaqdan xəbəri olmayanlar önə çıxırlar, "məndən yoxdur" deyirlər. Mənsə, layiq olduğum yeri tuta bilmirəm, ilan kimi sürünürəm. Şou-biznesə girə-girə gördüm ki, müğənnilərin nə qədər biclikləri var. Gərək kiminsə haqqında bildiyin həqiqəti söyləməyəsən, qalmaqalı da yalandan edəsən. Bəzi müğənnilər ekranda kimisə görəndə haqqında nələr demir, amma rastlaşanda özünü az qala onun doğması kimi aparır. Mən nə qeyri-səmimiliyi, nə də kimdənsə sui-istifadə etməyi bacarmıram. Hətta mahnımı oxuyan ifaçılardan da təvəqqe etmirəm ki, hər yerdə adımı çəksinlər. İndiki dövr isə başqa cür olmağı tələb edir. Əvvəllər tarix səni yazırdı, indi isə gərək sən tarixi yazasan. [b]- Olmaya inqilaba hazırlaşırsınız? [/b] - Qərara almışam ki, dəyişim, media ilə ünsiyyətimi artırım. Düzdür, efirə tez-tezə çıxmağa maliyyə imkanım yoxdur. Sağ olsunlar, bəzən sənət dostlarım mənə təmənnasız olaraq bu şəraiti yaradırlar. Bu yaxınlarda əməkdar artist Mehriban Xanlarovanın dəstəyi ilə "Srace" telekanalında "Sən bir nəğməsən" layihəsinə dəvət aldım. [b]- İndi populyar olanların bir çoxları vaxtilə Sizin kimi imkansız olublar. [/b] - Flora xanım kimi sənətkar mahnımı təmənnasız oxuyubsa, çox şanslıyam. Elə bəstəkarlar var, belə məqamlarda özləri bütün xərcləri çəkirlər. Çirkin yollarla hər şey əldə etmək olar. Mən də müəyyən şeylərin dalınca qaçsaydım, şou-biznesimizin onluğunda olardım. Həyatım boyu nələrinsə üstündən xətt çəkmişəm, çünki ailəmi, anamı düşünmüşəm. [b]- Deməli, nömrə bir olmaq üçün çirkin yollara da əl atmaq lazımdır? [/b] - Demirəm ki, öndə olan bütün sənətkarlarımız çirkin yollarla, əxlaqsızlıqla qabağa gediblər. Amma şou-biznes nümayəndələrinin arasında sənətə əyri yolla gələnlər də var. Bəstələri, özünə görə səsi olan mənim kimi insan niyə üzə çıxa bilmir? Deməyək ki, hamı yaxşıdır. Bəzən pulun olsa belə, hansısa verilişdən dala qayıda bilərsən, çünki bəzi məşhurlar paxıllıqdan istedadlı gənclərin irəli getməsini istəmirlər, onlara maneə yaradırlar. Buna görə də ekranda çox zaman eyni insanları görürük. [b]- Deməli, bu sahədə də monopoliyanın olduğunu təsdiqləyirsiniz? [/b] - Əlbəttə. Bu işin başında duranlar çox təhlükəlidirlər. Onlar üçün insan həyatı heç nədir. Bu yaxınlarda başıma çox pis hadisə gəldi. Bir məclisdə idim. İfalarım bəyənildiyi üçün mənə dəfələrlə pul göndərdilər. Birdən başım fırlandı və huşumu itirdim. Çayıma nəsə qatmışdılar. Onu da deyim ki, içki düşkünü deyiləm. İraq olsun, bəzi müğənnilər kimi məni hansısa məclislərdən sürüyə-sürüyə aparmayıblar. İlk dəfə idi ki, evə özüm deyil, yanımda olan gənc müğənni Səbuhi Əliyevin köməyilə çatdım. Artıq gecə 4-ə yaxın idi. Anam çox qorxdu. Bəlkə də ölə bilərdim. Cibimdə olan 250 manata yaxın puldan başqa hər şey yerindəydi. Heç kimdən şübhələnmədiyim və əlimdə sübut olmadığı üçün polisə müraciət etmədim. Amma bir neçə gün şokda oldum. Yəni böyük olmayan məbləğə görə insan həyatını belə təhlükəyə atmaq olar? Bu mənə ilk xəbərdarlıq idi. Hələ şou-biznesdə böyük işlər görməsəm də, artıq varlığımdan narahat olanlar var. Çünki həm bəstəkar, həm də müğənniyəm, gözəl toy aparıram, məclis əhli ilə asanlıqla ünsiyyət yarada bilirəm, yəni fərqim, bir çoxlarından üstünlüyüm hiss olunur. Maykl Cekson niyə öldü?! Akif İslamzadənin səsi niyə batdı? Belə hallar çox olur. Sənət adamı gərək çox ehtiyatlı olsun. Bu kimi hadisələrdən sonra nömrə bir olmaq istəmirəm. Amma bir şeyi çox arzulayıram. İstərdim ki, dəniz kənarında yerim olsun, oraya piano qoyub, ləpələrin səsinə qulaq asaraq mahnı bəstələyim. Harada imkanlı şəxs görürəm, bu arzumu gerçəkləşdirməsini xahiş edirəm... [b]- Bir müddət öncə əməkdar artist Aybəniz Haşımovaya iradınızı bildirmişdiniz... [/b] - Aybəniz xanımın sənətinə mənfi fikrim yoxdur. Sadəcə, müsahibələrimin birində bildirmişdim ki, niyə görə "Xalq ulduzu" müsabiqəsinin münsiflər heyətində Səkinə İsmayılova, Alim Qasımov, Şəfiqə Axundova kimi böyük sənətkarlar əyləşməyib?! Deməmişdim ki, niyə münsif kürsüsündə məhz Aybəniz xanım əyləşib?! Bir də bildirmişdim ki, Aybəniz xanım dəfələrlə dahi ifaçımız Şövkət Ələkbərovanın adını çəkəndə, Rübabə Muradova, Sara Qədimova, Hacıbaba Hüseynov, Fatma Mehrəliyeva, Nəzakət Məmmədova kimi digər böyük sənətkarlarımızı da unutmasın. Axı, Aybəniz xanım onları da tanıyıb və gərək bu tarixi yaşatsın. Biz gənclər də Aybəniz xanımdan görüb-götürürük, onun davamçılarıyıq, çünki Şövkət Ələkbərovanı, Rəşid Behbudovu görməmişik. Bəlkə də Aybəniz kimilər istəmirlər ki, onlardan sonra biz qalaq, çünki özləri hələ tarixə düşməyiblər. Budur dərdləri. [b]- Amma Sizin özünüzü də milli musiqimizin davamçısı deyil, türk üslubunda oxuyan müğənni kimi tanıyırlar. [/b] - Bəstələrimi dinləyənlər özləri şahidi olurlar ki, mənim mahnılarım muğamlarımıza söykənir və bu ənənəni qorumağa çalışıram. Bir-iki mahnıya görə ifama türk damğası vurmaq düzgün deyil, çünki mən "Oxu tar", "Qarabağ bülbülləri" müsabiqələrində laureat, Bakı şəhərinin mədəniyyət evləri arasında keçirilən müsabiqədə isə qalib olmuşam. İfam milli üslubdan uzaq olsaydı, münsiflər onu dəyərləndirməzdilər. Bu il işıq üzü görən ilk diskimə daxil olan 16 mahnımdan cəmi 2-si türkcə idi. Repertuarımda isə klassik retro mahnılar da var. Sadəcə, türk sənət musiqisinin divası sayılan Bülent Ersoyun repertuarını oxumağım dinləyicilərin daha ürəyincə olur. Hətta ona nifrət edənlər mənim ifamdan sonra bu mahnıların vurğunu olublar. [b]- Yeri gəlmişkən, ilk diskiniz sənətdə uzun illəri arxada qoyandan sonra çıxsa da, elə də tutarlı olmadı. [/b] - Bu fikirlə razıyam. Mahnılarımın aranjemanı, səs effektləri mənim də ürəyimcə deyildi. Təəssüf ki, bunlar da maddiyyatla bağlıdır. Amma növbəti albomumda bu detalları mütləq nəzərə alacam və hər şey yüksək səviyyədə olacaq. [b]- Nə kimi yaradıcılıq yenilikləriniz var? [/b] - Hazırda mərhum şair Təhməz Əvəzoğlunun sözlərinə bəstələyib ifa etdiyim "Bu dünyaya niyə gəldim?" adlı yeni mahnım "Srace" radiosunda təmənnasız olaraq səsləndirilir. Sağ olsunlar. Ağasəlim Çıldağın qızı Sara Səlimovanın sözlərinə yazdığım bir bəstəmi Xumar Qədimova oxuyub. Yaxın günlərdə efirə çıxacaq. Gülyaz xanım və 5 yaşlı Fərid Abbasbəylinin ifasında "Apar məni" adlı mahnım dinləyicilərə yaxşı tanışdır. Hazırda Sürəyya Küskünün sözlərinə "Apar məni 2" də yazılıb. "Mən sevgimin əsiriyəm" adlı mahnımı isə Gülyanaq Məmmədova oxuyub. Milli qəhrəman Mübariz İbrahimova həsr olunmuş, şairə Sürəyya Küskünün sözlərinə yazdığım "Mübariz olaq" adlı mahnımı isə Səbinə Rəcəbovanın yaratdığı yeni "Karvan" qrupu ifa edib. Bu mahnıya klip də çəkilib. Çox güman ki, bu klip Mübarizin doğum günündə onun valideynlərinə təqdim ediləcək və bu, onlara müəyyən qədər təsəlli verəcək. [b]Elşad ÜMİD [/b]

Digər xəbərlər
SON XƏBƏRLƏR
18:13 02.05.2025

Ərdoğan KKTC-yə gedir

12:51 02.05.2025

Sabah yağış yağacaq