Aşıq Şəmşirin 125 illiyi ilə bağlı tədbirlər keçiriləcək - Prezidentdən nazirliyə tapşırıq

img

02-04-2018 [18:21]


Bu gün Prezident İlham Əliyev daha bir sərəncam verib.

Sərəncamda bildirilir ki, bu il Azərbaycan aşıq yaradıcılığının böyük nümayəndəsi, respublikanın əməkdar incəsənət xadimi Aşıq Şəmşirin (Şəmşir Qurban oğlu Qocayevin) anadan olmasının 125 illiyi tamam olur.

Qeyd olunub ki, Aşıq Şəmşir Azərbaycanın çoxəsrlik şifahi sənət ənənələrini layiqincə davam etdirərək meydana gətirdiyi rəngarəng poetik-bədii nümunələrlə milli folklor xəzinəsini daha da zənginləşdirmiş görkəmli söz ustalarındandır. Qədim saz havalarının və dastanların mahir ifaçısı kimi tanınan el sənətkarı daim vətən torpağına bağlı olub, yaradıcılığı boyunca xalqın duyğu və düşüncələrini, yüksək mənəvi keyfiyyətləri və yurdun təbiət gözəlliklərini tərənnüm etmişdir.

Bütün bunlar nəzərə alınaraq,  Azərbaycan ədəbiyyatı və musiqisinin inkişafı sahəsində təqdirəlayiq xidmətlər göstərmiş Aşıq Şəmşirin anadan olmasının 125-ci ildönümünün qeyd olunmasını təmin etmək məqsədi ilə belə qərar  verilib:

1. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Aşıqlar Birliyi ilə birlikdə Aşıq Şəmşirin 125 illiyi ilə bağlı tədbirlər planını hazırlayıb həyata keçirsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham Əliyev

Digər xəbərlər
SON XƏBƏRLƏR