MTN Dövlət Sosial Müdafiə Fondunun zöbə müdirini həbs edib

img

24-09-2010 [03:43]


Bu günlərdə Milli Təhlükəsizlik Nazirliyi (MTN) və Baş Prokurorluq tərəfindən birgə həyata keçirilən əməliyyat tədbiri nəticəsində AR Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Qobustan rayon şöbəsinin müdiri Hüseynov Azər Ələkbər oğlu rüşvət alarkən cinayət başında yaxalanıb. MTN-nin İctimai əlaqələr mərkəzindən verilən məlumata görə, Azərbaycan vətəndaşı (həmin şəxsin adı və soyadı özünün xahişi ilə açıqlanmır) MTN-ə ərizə ilə müraciət edərək, DSMF-nin Qobustan rayon şöbəsinin müdiri Azər Hüseynovun uzun müddət onun xəstə anasının adına olan və aylıq pensiya ödənişlərinin alınması üçün nəzərdə tutulan plastik kartı verməkdən imtina etdiyini, kartın yalnız 300 manat rüşvət müqabilində təqdim olunacağını bildirdiyini göstərib. Həyata keçirilən müvafiq əməliyyat-texniki tədbirlər və istintaq hərəkətləri nəticəsində DSMF Qobustan rayon şöbəsinin inzibati binasının xidməti otağında həmin ərizəçidən 200 manat pulu rüşvət alarkən A.Hüseynov cinayət başında yaxalanıb. Keçirilən baxış nəticəsində A.Hüseynovun üzərindən 3 min 420 manat nağd pul, ayrı-ayrı şəxslərin adına olan 6 ədəd plastik kart, habelə şöbənin mühasibatlığında 1436 ədəd plastik kart və həmin kartlara məxsus pin kodlar aşkar olunub. Bununla yanaşı, A.Hüseynovun ərizəçinin anasının iki aylıq pensiya ödənişlərini mənisəməsi faktı da müəyyən edilib. Fakt üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində AR Cinayət Məcəlləsinin 311.1-ci (rüşvət alma) maddəsi ilə cinayət işləri başlanmış və A.Hüseynov təqsirləndirilən şəxs qismində cəlb olunaraq məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. Hazırda iş üzrə intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA