Nalbandyan BMT-nin sammitində Qarabağdan danızıb

img

22-09-2010 [01:57]


Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan BMT-nin Nyu-Yorkda keçirilən Minilliyin inkişaf məqsədlərinə həsr olunmuş sammitində çıxış edib. Ermənistanın kütləvi informasiya vasitələrinin yaydığı məlumata görə, işğalçı ölkənin naziri çıxışında iddia edib ki, Azərbaycanın BMT-nin prinsiplərinə zidd hərəkətləri regional stabilliyə və təhlükəsizliyə təhdiddir. ?Azərbaycan güc tətbiq edilməməsi və onun tətbiqinə təhdidlərdən imtina barədə razılaşmanın əldə edilməsi təklifini rədd etməkdə davam edir. Bu, gələcək nəsilləri müharibədən qorumaq üçün yaradıcıların birləşdiyi BMT-nin prinsiplərinə ziddir. Bu gün biz Azərbaycanın hərbi mövqeyinin, onun hərbi büdcəsinin artmasının, hərbi ritorikasının və təxribatının şahidi oluruq. Bu isə regional təhlükəsizliyə və stabilliyə təhlükə yaradır?, deyə Nalbandyan bildirib. Onun sözlərinə görə, silahlanmanın genişlənməsi nəinki dünyanın təhlükəsizliyinə, o cümlədən sosial və iqtisadi inkişafa təhlükə törədir. ?Biz minilliyin inkişafı məqsədlərinin həyata keçirilməsində əldə olunmuş nailiyyətlərdən danışarkən, dünya icitmaiyyətinin diqqətindən kənarda qalan xalqlar var. Dağlıq Qarabağın əhalisi öz ərazisində daha münasib həyat şəraitinin yaradılması və insan hüquqlarının müdafiəsinin təmin edilməsi üçün maksimum işlər görür. Və bunu dünya ictimaiyyətinin köməyi olmadan edir. Dağlıq Qarabağ müvafiq yardım proqramlarını gözləməkdə davam edir?, deyə Nalbandyan bildirib. Qeyd edək ki, Edvard Nalbandyan Nyu-Yorkda ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb. Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elxan Poluxov isə ANS-ə bildirib ki, Edvard Nalbandyan Elmar Məmmədyarovdan sonra çıxış edib. Erməni nazirin çıxışı cavab xarakteri daşıyıb. Xatırladaq ki, Ermənistanla Azərbaycan arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi nəticəsində yaranıb. Hazırda Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində Azərbaycan torpaqlarının 20 faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan silahlı qüvvələrinin işğalı altındadır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA