"Azərbaycanın ərazi bütövlüyü təmin olunmadan regionda davamlı sülh və sabitlik mümkün deyil"

img

01-10-2010 [01:56]


Azərbaycan Respublikası xarici işlər nazirinin müavini X.Xələfovun və İsveçrə Konfederasiyasının dövlət katibi P.Maurerin rəhbərlik etdikləri nümayəndə heyətləri İsveçrə Xarici İşlər Nazirliyində növbəti siyasi məsləhətləşmələr aparıblar. MİA-nın xəbərinə görə, məsləhətləşmələr zamanı iki ölkə arasında siyasi, iqtisadi, ticari, mədəni, humanitar münasibətlərə dair geniş fikir mübadiləsi aparılmış, dövlətlərimiz arasında siyasi dialoqun inkişafından və əlaqələrin hazırkı səviyyəsindən məmnunluq ifadə edilib. İqtisadi sahədə əməkdaşlıq üçün geniş potensialın olması fikirini bölüşən nazir müavini və dövlət katibi İsveçrə şirkətlərinin Azərbaycanın qeyri-neft sektorundakı fəaliyyətini yüksək qiymətləndirmişlər. Xüsusilə enerji sektorunda əməkdaşlığın genişləndirilməsi məsələsinə xüsusi diqqət yetirilmişdir. Söhbət zamanı dövlət katibi P.Maurer Azərbaycan şirkətlərini İsveçrəyə sərmayə yatırmağa dəvət etmişdir. Görüş çərçivəsində, regionda vəziyyət, qarşılıqlı maraq kəsb edən beynəlxalq məsələlər müzakirə olunmuş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması barədə ətraflı fikir mübadiləsi aparılmışdır. X.Xələfov həmkarı P.Maureri məsləhətləşmələrin növbəti mərhələsini keçirmək üçün Azərbaycana səfərə dəvət etmişdir. Dəvət məmnuniyyətlə qəbul edilmişdir. X.Xələfov səfər zamanı İsveçrə Konfederasiyasının yeni seçilmiş vitse-prezidenti, Federal Xarici İşlər Naziri xanım M.Kalmi-Rey ilə də görüşmüşdür. Görüşdə iki ölkə arasında münasibətlərin inkişaf dinamikasından razılıq ifadə edilmiş, yüksək səviyyədə aparılan siyasi dialoqdan məmnunluq bildirilmiş və bu istiqamətdə fəaliyyətlərin davam etdirilməsi zərurəti vurğulanmışdır. Eyni zamanda, regionda mövcud olan vəziyyət və dövlətlərimiz arasında münasibətlərin inkişaf perspektivləri geniş müzakirə olunmuşdur. Xanım nazir Azərbaycanın regionda önəmli rolunu xüsusilə vurğulamış və ölkəmizin vacib tərəfdaş olduğunu bildirmişdir. Nazir müavini X.Xələfov Ermənistanın Azərbaycana qarşı təcavüzü və onun ağır nəticələri barədə danışmış, Azərbaycanın ərazi bütövlüyü təmin olunmadan regionda davamlı sülhün və sabitliyin mümkün olmadığını qeyd etmişdir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA