19-01-2018 [15:03]
Zahid ORUC,
Millət vəkili
****
Yəməndə çarşablı və hicablı taborun etiraz aksiyası dünya mediasının nəzərindən niyəsə yan keçdi.
Lakin bu haqda bir az sonra.
Almaniyada nasional-sosialistləri hakimiyyətə gətirəndə Adolf Hitler tiraniyası yalnız kişi ordularının üzərində qərar tutacağına əmin deyildi. Faşizmin dərin kök atması və insanların bətninə düşərək, münbit zəmində böyüməsi üçün alman qadınını öz müqəddəs sosial missiyasından çıxarmaq tələb olunurdu. "Kinder, kürche, kirche-uşaq, mətbəx, kilsə” şüarını ideal ailə modeli sayan böyük bir toplum mənəvi metamorfozaya uğrayaraq, yaxınlaşmaqda olan apokalipsisdən xəbər verirdi.
Liderlərini sevən və Fürerə sonsuz inamına görə ölümə hazır olan minlərlə fraunun ölüm eskadronlarına çevrilərək, döyüş səngərlərinə atılması nəinki bir xalq, o cümlədən bəşəriyyət üçün yaxşı heç nə vəd edə bilməzdi. Təəssüf ki, nasizmin simasını təşkil edən holokostlar, osvensemlərdə rol almaqdan qətiyyən çəkinməyən qadınlar öz həmcinsləri ilə yanaşı, Reyxin cəsədlər üzərində qurulmuş imperiyasının vizit kartları sayılırlar. Bəli, neyləmək olardı, dövr beləydi. Kim daha amansız olurdusa, onu sosial-dini-cinsi fərqindən asılı olmayaraq, mükafatlandırırdılar.
Zərif qadın simaları edam konvenyerlərini işə salarkən qəddarlaşır, öz mübhəmliyini və təravətini itirir, beləcə, canlı aləmi yaratmaq və var etmək təyinatından uzaq düşürdülər. Ona görə də müharibəni kişi sənəti sayanlar qadın üzlü konslagerləri, "köməkçi batalyonlar”ı və adamları diri-diri yandıran domna sobalarını hansı əllərin qaladığının üzərindən sükutla keçə bilməzlər. Arxa cəbhənin - evin, ailə qalasının istilik, rahatlıq və hüzur mənbəyi dönüb olmuşdu "ölüm mələyi”…
Budur, üstündən 70 il keçəndən sonra faşizmin irsini yaşadan dövlətlər yenidən meydanlara "Kalaşnikov” avtomatı ilə silahlanan qadın və uşaqları itələyiblər. Baxın o körpələrə, hələ qabıqdan yenicə çıxmış o məsum balaların "evcik oyunları” necə qorxulu olurmuş. Fürer yolunda qurban gedənlərin əməlləri ondan böyük ideallara tapınanların timsalında yaşayır və inkişaf edir. Peyğəmbər torpağında, onun müqəddəs buyruqları naminə ölməyə hazır olanların bir dəstəsi "qara çadraları” əsl zirehə çevirərək, döyüşə atılıblar. Axı "Allahü-əkbər”in sədaları din libaslarını hərbi mundirlərə dəyişənlərə daha böyük güc verir.
Elə bil ağızlarından hələ süd iyi kəsilməyənlər barıt qoxusundan ötrü susayıblar. Dünyanı hansı gözəlliyin xilas edəcəyini deyirdi böyük Dostoyevski? Dünənə qədər məktəb və mədrəsələrdə müqəddəs kitabların ayələrini höccələyənlər indi "ölüm marşları” oxuyur. Onların "cihad müharibəsi” dərslərini harada öyrəndiyini isə soruşmağa heç lüzum yoxdur.
Yəmən torpaqlarında yüz illərdi ki, müxtəlif tayfa və birliklərin yaşamaq uğrunda mübarizəsi gedir. 33 illik avtoritar idarəçilikdən sonra 25 milyonluq bir xalqın qalxıb Əli Abdullah Salehi hakimiyyətdən devirməsi xoşbəxtlik əvəzinə bəla gətirib və son 7 ildir ABŞ, Səud Krallığı və İran arasında gedən savaşın mərkəzində minlərlə adam can verir.
500 min kvadrat kilometrdən artıq əraziyə malik olan və müxtəlif təbii sərvətlərlə zəngin torpaqların üstündə bir vaxtlar Osmanlı və İngilis imperiyaları öz xanədanlarını qurmuşdular. Lakin zəif dövlətçilik ənənələri və əhalinin hədsiz yoxsulluğu üzündən orada sabit rejim formalaşdırmaq mümkün olmadı.
İndi isə Salehidən sonra qaçmış prezidenti taxt-taca oturtmağa çalışan, lakin Yəmən dövlətini özündən hər zaman zəif və asılı görmək istəyən Səud Krallığı ilə ölkədəki şiə azlığı üzərindən Yaxın Şərqdə möhkəmlənməyə çalışan və inqilab, nüfuz, maraqlar uğrunda çarpışan İran arasında əsl qanlı döyüşlər gedir. Elə üsyançı əhalinin ideologiyası və bayrağı da sanki İslam Xilafətinin dövrünü xatırladır. Şiələr onların mübarizələrinə bir vaxtlar başçılıq edən və 2004-cü ildə qətlə yetirilərək müqəddəsləşdirilən Hüseyn əl Husinin adı ilə silaha sarılıblar. Hərçənd savadsız kütlələrin nəzərində indiki husilərlə imam Hüseyn arasında bir əməl, iman və ruh birliyi mövcuddur. Ona görə də Livanın Hizbullahı, Fələstinin HƏMAS-ı, İraq və Suriyada Əl Qüds ordularını silahlandırıb dünyadakı yerini qorumağa çalışan Xamenei İranı döyüşün ön cəbhəsinə indi də "niqablı bombaları” atıb. Doğrusu, İŞİD virusunun heç vaxt məhv olmayacağını və onun qara bayrağını öz çarşabları ilə canlarında daşıyanların böyük ordusu ilə əhatə olunduğunu deyənlər qətiyyən yanılmayıblar. Zülmət və buxov içərisində yaşayan xalqların hamısı kiminsə ideologiyasının və mənafeyinin əsiri olmağa məhkumdur.
Tarixin döyüş salnamələrini yaradan ədiblər belə qadın sifətlərini yalnız o vaxt yada salıblar ki, cəmiyyətin ölmüş hisslərini oyatsınlar. Lakin indi əksinə, dünyaya "sülh kitabı” gətirənlərin öz vətənlərində gözəllik və ilham mənbəyi olan zəif məxluqların əlləri tətikdədir. Paris və Berlindəki həmyaşıdları kimi qayğısızlardan fərqli olaraq müsəlman qadını və qızı əminamanlığı kitabda deyil, "Kalaşnikov avtomatı”nın lüləsində görür. Qara çarşabın əsarətində inildəyənlər əsl həqiqətdə orta əsrdən 21-ci yüzilə heç keçməyiblər. Çünki zəka və şüur hələ də peyğəmbər zamanının pislikləri içərisində qalıb.
Dünyada bir qayda olaraq məscidlərə, kilsələrə qarşı vandalizm hər zaman pislənilir. Bəs "Allah evi”ni silah cəbbəxanasına və təlim düşərgəsinə çevirənlərin cəzası, sizcə, nə olmalıdır? Ağzı dualı imamlarımız hazırladıqları kamikadzeləri min illərdi ki, cənnətə göndərməkdən yorulmadılarmı?
Bəs kral və ayətullahların övladları niyə onların sırasında deyillər? Halbuki sərvətləri ilə saray dustağına dönmüş vəliəhdlər niqabla silahı, hicabla qılıncı birləşdirərkən inandıqları qüvvəyə qarşı küfr etdiklərinin fərqindədilər. Amma kimsə döyüşüb, həmişə ölməlidir axı.
Görün, islam qadınını hansı obraza gətirib çıxardılar. İranın "Səhər” kanalı ilə dünyaya nümayiş olunan bu səhnələr az sonra milyonlarla kütləni etiraza gətirmək üçün təbliğat ürünü kimi müqəddəsləşəcək və sizin indi ekranlarda gördüyünüz o çocuqlar sabahın qara haşiyələrində "Zeynəb” deyə ağı söyləyənlərin sitayiş obyektinə dönəcəklər. Onda nümayişkəranə şəkildə kəsilən başları və üstündə diyirlənən hicabları görəndə analıq missiyası daşıyan dünya qadınının Yer üzünə "son” gətirəcəyinə əmin olarsız.
Gəlin, qəbul edək ki, dövlətsiz torpaq vətən olmaqdan çıxır. O üzdən ərəb qızlarını silahla küçələrə atan və onu dünya müsəlmançılığının simasına çevirənlər qətiyyən Sorbonnaya və Kembricə bir sənalı, mədinəli, təbrizli övrətini göndərməzlər. Çünki çadra köləliyindən işığa çıxan və elm alan fidanlar gələcəkdə despot hakimiyyətlərinə təhlükə törədəcəklər. Haqqını dərk edən və savadlı qadın hərbi taborlarda yer alanda silahını birinci öz istismarçılarına qarşı çevirəcək.
Gerçəkdənmi din xilas edir, yoxsa, səngər qazmağa, təlim keçməyə, barıt qoxusunu üstünə tökməyə təşfiq edir? Çətin sualdır. Kim inkar edə bilər ki, ərəb qadını min illərdi namaz üstündəki dualarla bir-birinin qanını içən oğulları dünya gətirməkdən usanmır. İndi də rollar dəyişib, sadəcə ana bətnlərindən birbaşa qadın batalyonları və taborlar doğulur. Çıxın qarşılayın.
Tarixçilər yaxşı bilir, 1944-cü ildə faşizmə qarşı ikinci cəbhəni açmağı hər vəchlə ləngidən və Stalini katolik dünyasının lideri Papa 12-ci Piylə görüşə çağıran Uinston Çörçillə sovet rəhbəri nə demişdi. Guya Avropada humanizm duyğusunu gücləndirmək üçün kilsələrə getməyin və rahiblərlə görüşməyin faydasını sübut etmək istəyən Britaniya Baş naziri Kobadan elə bil dərs almışdı ki, ömürlük onu yaddan çıxarmazdı. Stalin Çörçilldən soruşmuşdu ki, Vatikanın diviziyalarının sayını bilmir, neçədir?
Bəli, indi rahibə qadınlar da müharibəyə fitil qoyur, islam anası da savaş istəyir. Yer üzünün əşrəfi olmaqdan daha yuxarı rütbələr varmış, sən demə.
Hicablı qadın və qızların silahlı qələbəsi dinin, insanlığın və bəşəriyyətin ən böyük məğlubiyyəti olar!
Mia.az
"ARB kanal"da aparıcı ilə müğənni mərcləşdi - 50 min manata
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Hikmət Hacıyev BMT Baş katibinin köməkçisi ilə görüşüb - FOTOLAR
Məşhur müğənni narkotiklə tutuldu - FOTOLAR
Rusiya MN açıqladı: "Daha iki yaşayış məntəqəsini ələ keçirdik"
Sumqayıtda qaziləri aldadan şəxs qandallandı
"Sədərək"in sahibinin oğlunun evində nə baş verib? - 803 minlik qalmaqalla bağlı yeni xəbər var
Aygün Bəylərin bacısı: “Ləmanın üzr videosunu mənə göndərdilər” - "Bu cür insanlara baş qoşmuruq"
İlham Əliyev Bolqarıstan Prezidenti birgə bəyanat verdi, yeni sənədlər imzalandı - FOTOLAR (Yenilənib)
Azərbaycanla Türkiyə arasında bir sıra sənədlər imzalanıb - SİYAHI
“Müsavat Partiyası heç vaxt hakimiyyətlə..." - İsa Qəmbər iqtidarla gizli mandat bazarlığına gedib?
Azərbaycan Premyer Liqası: növbəti turun təqvimi açıqlanıb
Prezident İlham Əliyev sərəncam imzalayıb - TƏLTİF
TƏBİB-in hüquq departamentinə yeni müdir təyin edilib
Bolqarıstan prezidenti Şəhidlər xiyabanını ziyarət edib
Şəhid Habil İsmayılov Lənkəranda dəfn olunub
Yağışlı hava davam edəcək - Xəbərdarlıq
Türkiyə META-nı cərimələdi - 1,2 milyard
25 minə yaxın şagird Azərbaycan dilindən imtahan verəcək
Qadın qılığında ölkədən qaçmaq istəyən şəxs saxlanılıb - FOTO
Ramiz Mehdiyevə gizli məktubu üzə çıxan sabiq deputat: "Biz bu şantajçıları çoxdan udmuşuq"
Paşinyan Moskvaya gedib - Putinlə görüş olacaq
Baham adaları Fələstini dövlət kimi tanıyıb - Bəyanat
"Əvvəllər deputat olmaq fikrim var idi, indi yoxdur" - Rasim Balayev
Prokurorluq protest verdi, Ali Məhkəımə rədd elədi - General və sabiq rəislərin cinayət işi üzrə daha bir qərar verildi
Sakit okeandakı adada daha bir güclü zəlzələ olub - 6,1 bal gücündə
Məhkəmə Anar Məmmədli barədə daha bir qərar verdi
İsrail ordusu Livana daha 18 zərbə endirib
Sabahın hava proqnozu açıqlandı
Misirlə sərhəddə savaş: 35 fələstinli öldürülüb
Növbədənkənar parlament seçkiləri: AXCP, Müsavat... - Hansı partiyalar iştirak edəcək? (AÇIQLAMALAR)
Azərbaycan və Bolqarıstanın birinci xanımlarının görüşü olub
"Qarabağ" və "Neftçi" klubları cəzalandırılıb
DİM sədrindən imtahanlarla bağlı açıqlama: "Bundan sonra həmin nisbətlər yavaş-yavaş dəyişəcək"
Milli Məclis özünü nə vaxt buraxacaq? - Yeni iddia yayıldı
Partiya qərargahı atəşə tutulub
Nəsimi rayonunda futbol turniri keçirilib - FOTOLAR
Türkiyədə başsız meyit tapılıb - Kəllə hələ də axtarılır (FOTO)
Masallıda əməliyyat: saxlanılanlar var - FOTO
ABŞ-dan bir ilk - İsrailə bomba göndərilməsi təxirə salınıb
Ankarada daha 15 FETÖ üzvü saxlanılıb