Prokurorluğun müstəntiqi barəsində cinayət izi bazlanılıb

img

11-08-2010 [05:34]


Göyçay Rayon Prokurorluğunun müstəntiqi barəsində cinayət işi başlanılıb. Baş Prokurorluğun mətbuat xidmətindən MİA-ya verilən məlumata görə, xidməti və icra intizamının pozuntusuna, icraatında olan konkret material üzrə araşdırma zamanı qanun pozuntuları və ciddi nöqsanlara yol verdiyinə, əvvələr barəsində tətbiq edilən intizam tənbehi tədbirindən lazımi nəticə çıxarmadığına görə Baş Prokurorluq üzrə 10 avqust 2010-cu il tarixli əmrlə Göyçay rayon prokurorluğunun müstəntiqi Avtandil Babayev tutduğu vəzifədən azad edilib. Baş Prokurorluq tərəfindən Göyçay rayon sakini Nəriman Ağayevin şikayət ərizələri üzrə aparılan araşdırmalarla müəyyən edilib ki, müstəntiq A.Babayev tərəfindən N.Ağayevin qızı Zümrüdün 20 noyabr 2009-cu il tarixdə yaşadığı evdə ölməsi faktı ilə əlaqədar hərtərəfli, tam və obyektiv araşdırma aparılması təmin edilmədiyinə görə material üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qəbul edilən qərar Baş Prokurorluqda əsassız hesab olunmaqla ləğv edilib. Baş Prokurorluğun Prokurorluqda istintaqa nəzarət idarəsi tərəfindən aparılan əlavə araşdırma zamanı, 03 iyul 2010-cu il tarixdə qanunla müəyyən edilən qaydada meyit eksqumasiya olunmaqla, Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi tərəfindən təkrar komisiyon məhkəmə-tibbi ekspertizası keçirilib. Nəticədə Birliyin Göyçay rayon şöbəsinin eksperti E.Əmiraslanov tərəfindən Z.Ağayevanın meyiti daxili müayinə edilmədiyi halda, məhkəmə-tibbi müayinə haqqında akt tərtib edilərkən saxtakarlığa yol verildiyi, həmin aktda müstəntiq A.Babayevin daxili müayinə zamanı iştirakı göstərilsə də, sonuncunun meyitin ilkin daxili müayinəsində iştirak etmədiyi və qeyd edilən pozuntuların aradan qaldırılması üçün vaxtında tədbirlər görmədiyi müəyyənləşib. Baş Prokurorluq tərəfindən eyni zamanda, vəzifə saxtakarlığı faktına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü(vəzifə səhlənkarlığı) maddəsi ilə cinayət işi başlanıb və ibtidai istintaqın gedişində bütün məsələlərə müvafiq hüquqi qiymətin verilməsi təmin olunacaqdır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA