ABŞ-ın xarici siyasətdə diplomatik gedişləri bir çox hallarda hərbi müdaxiləsindən daha effekli və təsirli olur.
Amerikanın dövlət katibi Con Kerri ilə Rusiya xarici işlər naziri Sergey Lavrov arasında Suriyada atəşkəsə dair ilkin razılığa gəlindiyi və bunun nəticəsində prezidentlər Barak Obama və Vladimir Putinin yaxın günlərdə görüşəcəkləri haqda fikirlər dolaşmaqdadır. Atəşkəsin ABŞ və Rusiya üçün nə qədər arzuolunan olduğunu söyləmək çətin olsa da, bölgə ölkələri, xüsusən də Türkiyə üçün Suriyada axıdılan qanın durdurulması vacib məsələdir. Lakin hazırda Türkiyənin Suriyaya təsir imkanları demək olar ki, tamamilə əlindən alınıb. Yəni Ankara istəsə belə Suriyada baş verən hadisələrə nə diplomatik yolla, nə də hərbi yolla birbaşa müdaxilə edə bilməyəcək.
Aydın olan bir məsələ var, o da Suriya dövlətinin və Suriya xalqının bir daha əvvəlki firavan və sabitliyinə qovuşa bilməyəcəyidir. Hətta, Suriyanın 5 il öncəki sərhədlərinin özünə qaytarılacağ belə mümkünsüz hala gəlib. Çünki artıq Suriyanın taleyini suriyalılar, hətta region dövlətləri deyil, ümumiyyətlə Suriya ilə heç bir sərhədi olmayan ABŞ və Rusiya həll edir. Belə olduğu halda hər iki dövlət şübhəsiz ki, öz çıxarlarına uyğun olan qərarlar qəbul edərək, status-kvonu saxlamağa çalışacaqlar.
Həm Amerika, həm də Rusiya Yaxın Şərqdə öz maraqlarına uyğun strateji hədəfləri olan dövlətlərdir. Hazırkı situasiyada isə strateji keçid nöqtələrinə nəzər yetirdikdə (həm bölgə, həm də dünya üzrə) aydın görünür ki, Rusiya ilə müqayisədə Amerikanın nəzarət imkanları daha qabarıq və aktiv formadadır. Bunun davamaı olaraq, Ağ Ev əlində olan təsir imkanlarını, Kremlə uduzmaq istəmir.
Həmin keçid nöqtələri içərisində neftin və birjanın Amerika kontrolunda olması, həqiqətən də Rusiyanın bölgədəki rıçaqlarının zəif olmasından xəbər verir. Bu da faktdır ki, V.Putinin Suriyaya birbaşa hərbi müdaxiləsi ABŞ-ın bölgədə olan təsir imkanlarını əlindən almağa hesablanmışdı. V.Putinə görə aqressiv siyasət nəticəsində öz ölkəsi üçün yaxınlaşan təhlükəni Suriyada önləməklə yanaşı, daxildə olan reytinqini saxlayacaq və ən əsası da Amerikanın çıxarlarına zərbə vuraraq bölgədən uzaq tutmağa nail ola biləcəkdi. Eyni zamanda rus lider ABŞ-ın əl-qolunu kəsmək üçün Bəşər Əsədin, bölgənin önəmli müttəfiqlərindən sayılan İranın, Livanda yerləşən Hizbullah kimi döyüşçü bir təşkilatın dəstəyinə də arxalanırdı. Fəqət bunlar Rusiyanın bölgəyə tam nəzarət etməsi üçün yetərli deyildi. Ona görə ki, əgər Rusiyanın lehinə ən böyük dəstəyi mobil qüvvə olaraq bölgədə təkcə İran verirdisə, bir zamanlar "Həlim İslam” dövlətləri olaraq adlandırdığı və Amerikanın öz oxundan çıxmış Birləşmiş Ərəb Əmirliyi, Səudiyyə Ərəbistanı, Bəhreyn, Qatar, Küveyt, Misir və Türkiyə kimi tərəfdaşlar ABŞ-ın yanında yer almışdı. Hansı ki, 24 noyabr hadisəsi olmasaydı R.T.Ərdoğan iqtidarının Amerika ilə bir sırada duracağı müəyyən qədər sual doğura bilərdi. Çünki zaman-zaman R.T.Ərdoğanın Avropa Birliyinə o cümlədən də ABŞ-a yönəlik sərt ittihamları, Qərbin AK partiya iqtidarına olan etibarını zəiflətmişdi. Əslində Türkiyə prezidenti R.T.Ərdoğanın ötən il V.Putinlə görüşərkən "Bizi Şanxay Təşkilatına üzv edin ki, AB-dən xilas olaq” deməsi Türkiyənin Qərbdən üz çevirdiyi anlamına gəlirdi.
V.Putin isə Ərdoğanın məlum fikrini düzgün qiymətləndirə bilmədi. Əksinə, xəbərdarlıqlara rəğmən Türkiyənin hava məkanını dəfələrlə pozmaqda davam etdi ki, nəticədə məlum hadisələr baş verdi. Hərbi təyyarə olayından sonra isə V.Putin səhvlərini düzəltmək əvəzinə Ankara ilə münasibətləri alt-üst etdi ki, bu da yenidən Türkiyənin Qərblə bir sırada durmasına gətrib çıxardı. Düşünmək olar ki, SU-24 təyyarəsinin Türkiyə sərhədini dəfələrlə pozması Moskvanın Ankaraya qarşı yürütdüyü yanlış siyasət idi.
Bölgədə və dünyada aparılan nüfuz mübarizəsində Rusiyanın, Amerika qarşısında ən zəif cəhətlərindən biri də Moskvanın öz siyasətini diplomatik deyil, hərbi aqressiya ilə yaymağa cəhd etməsidir. Hərbi aqressiya isə dünya dövlətlərində əks aqressiya ilə qarşılanmaqla yanaşı, həm də Rusiyanın kifayət qədər siyasi, iqtisadi, maliyyə və hərbi itkiləri deməkdir.
Amerika isə heç bir siyasi, iqtisadi, maliyyə və hərbi itkilərə məruz qalmadan xarici siyasətdəki strategiyaları dəqiq nişan almaqla diplomatik kanallar vasitəsilə susdurur. Hətta ABŞ-ın xarici siyasətdə diplomatik gedişləri bir çox hallarda hərbi müdaxiləsindən daha effekli və təsirli olur. Buna görə də Suriyada atəşkəsə nail olunması yenə ən çox Amerikanın işinə yarıyacaq. Çünki bölgədə baş verən hadisələrin, qlobal müstəviyə keçməsi ABŞ-ın hadisələrə nəzarət etmə imkanını itirə bilər. O səbəbdən Suriyada status-kvonun əldə edilməsi Amerkanın bölgədə olan nəzarət imkanlarını əldə saxlamaqla yanaşı, həm də Rusiyanın başını Suriyada qatmaqla məşğul ola biləcək. Belə olduğu təqdirdə Amerika "başı qarışmış” olan Rusiyanın qulağının dibində - Ukraynada "Saakaşvili Layihəsi”ni rahat şəkildə plana uyğun olaraq həyata keçirəcək. Rusiya isə Suriya adlı dərin bataqlıqdan şıxış yollarını aramaqla məşğul olacaq.
Elçin ABDULLAYEV