14 hakim yol verdikləri qanun pozuntularına və kobud nöqsanlara görə cəzalandırıldı

img

28-12-2009 [07:07]


Bu gün Ədliyyə naziri Fikrət Məmmədovun sədrliyilə Məhkəmə-Hüquq Şurasının iclası keçirilib. Şuradan Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, iclasda İnzibati-Prosessual Məcəllənin qəbul edilməsindən irəli gələn məsələlər, o cümlədən yeni məhkəmələrin yaradılması, hakim kadrlarına ehtiyac, bu sahədə zəruri təşkilati tədbirlər və s. müzakirə edilib. Qeyd olunub ki, hakim kadrlarına ehtiyac nəzərə alınaraq, cari ildə hakimliyə namizədlərin seçimi aparılıb, çoxmərhələli prosedurlar nəticəsində 80 nəfər hüquqşünas hakim vəzifəsinə hazırlanmaları üçün təlimlərə cəlb ediliblər. Hazırda inzibati icraatla bağlı həmin namizədlər və aidiyyəti hakimlər üçün ayrıca təlimlər keçirilir, onlar üçün xaricə tədris səfərləri təşkil olunur, digər tədbirlər görülür. Tədbirdə vurğulanıb ki, Azərbaycanda həyata keçirilmiş hüquqi islahatlar zamanı insan haqlarının müdafiəsinə xüsusi əhəmiyyət verilərək, əməliyyat-axtarış, təhqiqat və ibtidai istintaq orqanlarının qəbul etdiyi qərarların qanuniliyini təmin etmək məqsədilə məhkəmə nəzarəti institutu təsbit olunub, həbs qətimkan tədbirinin seçilməsi məhkəmələrin müstəsna səlahiyyətinə aid edilib. Lakin ümumiləşdirmə göstərib ki, bəzi hakimlər tərəfindən səmərəli məhkəmə nəzarəti həyata keçirilməyib, bu sahədə kobud qanun pozuntularına yol verilib. Bundan əlavə, iclasda qətimkan tədbirlərinin ən ciddi növü olan həbsin cinayət prosessual qanunvericiliyin tələbləri və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsi nəzərə alınmadan əsassız seçilməsinin, bu işə formal münasibət bəslənilməsinin yolverilməz olması qeyd edilib. Həbs qətimkan tədbiri seçilərkən insan hüquq və azadlıqlarının qanunsuz məhdudlaşdırılmasına, prosessual pozuntulara və digər kobud nöqsanlara yol verdiklərinə görə 14 hakim barədə intizam icraatları başlanılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA