MTN H.Əliyev Fondu adından istifadə edən qrup üzvlərini həbs edib

img

21-12-2009 [04:47]


Milli Təhlükəsizlik Nazirliyi (MTN) tərəfindən həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində, ayrı-ayrı vətəndaşların etibarından sui-istifadə etmə və aldatma yolu ilə dələduzluqla məşğul olan Azərbaycan Respublikasının vətəndaşlarından ibarət bir qrup şəxs ifşa olunaraq yaxalanıblar. MTN ictimai əlaqələr mərkəzindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, müəyyən edilib ki, əvvəllər dələduzluq cinayətinə görə məhkum olunmuş - 1948-ci il təvəllüdlü Seyidov Kamil Mirvəli oğlu, 1967-ci il təvəllüdlü Hüseynov Arif Xəlil oğlu, 1975-ci il təvəllüdlü Abbasov Anar Gürşad oğlu, həmçinin 1981-ci il təvəllüdlü Vəliyev Muxtar Seyfəddin oğlu, 1956-ci il təvəllüdlü Qasımov Nadir Hilal oğlu, 1957-ci il təvəllüdlü Rəhimov Rövşən Əliyar oğlu və 1952-ci il təvəllüdlü Ələkbərov Vaqif Qoçu oğlu qabaqcadan əlbir olaraq dələduzluqla məşğul olublar. Belə ki, onlar bir qrup şəxs halında Muxtar Vəliyevə məxsus tikinti-inşaat işlərinin layihələşdirilməsi üzrə fəaliyyət göstərən ?Master-Dizayn? şirkətinin texniki imkanlarından istifadə edib hazırladıqları saxta müqavilə və layihələri təqdim etməklə Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyəti ilə məşğul olan çoxlu sayda iş adamına guya, Heydər Əliyev Fondu və ayrı-ayrı dövlət orqanları tərəfindən maliyyələşən müxtəlif tikinti sifarişlərinin veriləcəyi barədə yalan vədlər verib aldatma yolu ilə həmin şəxslərin əmlaklarını ələ keçirərək, onlara külli miqdarda ziyan vurublar. İstintaqın hazırkı mərhələsində qrupun üzvləri tərəfindən son iki ildə müxtəlif vaxtlarda həmin iş adamlarından təxminən 809 min AZN və 300 min ABŞ dolları məbləğində pulun dələduzluq yolu ilə ələ keçirildiyi müəyyənləşdirilib. Faktla bağlı Milli Təhlükəsizlik Nazirliyi İstintaq Baş İdarəsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda ziyan vurmaqla dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə) maddəsi ilə cinayət işi başlanılmış, Seidov Kamil Mirvəli oğlu, Hüseynov Arif Xəlil oğlu, Abbasov Anar Gürşad oğlu, Qasımov Nadir Hilal oğlu, Vəliyev Muxtar Seyfəddin oğlu, Rəhimov Rövşən Əliyar oğlu və Ələkbərov Vaqif Qoçu oğlu təqsirləndirilən şəxs qismində cəlb olunaraq, məhkəmənin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilib. Adları qeyd olunan şəxslərin dələduzluq əməllərindən zərər çəkmiş digər vətəndaşlardan Milli Təhlükəsizlik Nazirliyinə və onun ərazi orqanlarına müraciət etmələri xahiş olunur (əlaqə telefonu: 405-99-99). İş üzrə bütün halların araşdırılması üçün zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA