Ramil Usubov Kürdəmir rayon Polis Şöbəsinin rəisini vəzifəsindən azad edib (yenilənib)

img

18-12-2009 [01:24]


?Mehdi Hümbətovun həbsi barədə yayılan məlumatlar həqiqətə uyğun deyil. Sadəcə olaraq, Mehdi Hümbətov bir ay əvvəl nazirin əmri ilə işdən çıxarılıb". Bu sözləri Müstəqil İnformasiya Agentliyinə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidov deyib. DİN sözçüsü M.Hümbətovun işdə yol verdiyi nöqsanlara görə, Kürdəmir rayon Polis Şöbəsinin rəisi vəzifəsindən azad olunduğunu bildirib: "Sabiq polis rəisinin Milli Təhlükəsizlik Nazirliyi (MTN) əməkdaşları tərəfindən həbs olunması barədə yazılanlar isə doğru deyil". Ramil Usubovun əmri ilə polis polkovniki Əliyev Rasim Tələt oğlu bu vəzifəyə təyin edilib. O, bundan əvvəl Ağstafa rayon Polis Şöbəsinin rəisi vəzifəsində çalışıb. Qeyd edək ki, bu gün Azərbaycan Baş Prokurorluğunun mətbuat xidməti ?Azadlıq? qəzetinin 18 dekabr 2009-cu il tarixli sayında ?MTN polis rəisini həbs etdi? başlıqlı məqaləsi ilə bağlı məlumat yayıb. Prokurorluğun məlumatında bildirilir ki, həmin məqalədə Kürdəmir rayon Polis Şöbəsinin rəisi Mehdi Hümbətovun Milli Təhlükəsizlik Nazirliyi (MTN) tərəfindən həbs edilməsi, onun Tərtər rayon Polis Şöbəsinin əməliyyat müvəkkili Zabil İsmayılovun qətlini sifariş verməkdə təqsirləndirilməsi barədə verilən informasiyalar həqiqətə uyğun deyil. "Bununla əlaqədar bildiririk ki, Mehdi Hümbətov heç bir hüquq - mühafizə orqanı tərəfindən həbs olunmayıb və onun barəsində cinayət işi başlanılmayıb", - deyə məlumatda vurğulanıb. Bundan başqa, Baş Prokurorluq tərəfindən aparılan araşdırmalarla müəyyən edilib ki, Tərtər rayon Polis Şöbəsinin əməliyyat müvəkkili Zabil İsmayılovun 6 sentyabr 1996-cı il tarixdə qəsdən öldürülməsi faktı üzrə aparılmış istintaqla cinayətin həmin şöbənin polis nəfəri Azər Mustafayev tərəfindən aralarında baş vermiş şəxsi münasibətlər zəminində törədilməsi təkzibedilməz dəlillərlə tam sübuta yetirilib. A.Mustafayevə 01.09.2000-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Cinayət Məcəlləsinin 94-cü maddəsinin 6-cı bəndi ilə ittiham elan olunmaqla cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün 10 dekabr 1997-ci il tarixdə Ali Məhkəməyə göndərilib. Məhkəmənin 2 fevral 1998-ci il tarixli hökmü ilə Azər Mustafayev 15 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA