04-12-2009 [04:36]
Milli Təhlükəsizlik Nazirliyi (MTN) narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə istiqamətində bu günlərdə həyata keçirilən növbəti əməliyyat tədbirləri nəticəsində İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə narkotiklərin daşınması ilə məşğul olan şəxslər ifşa olunaraq zərərsizləşdirib.
MTN ictimai əlaqələr mərkəzindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, ümumilikdə 183 kiloqramdan artıq narkotik vasitə aşkarlanaraq götürülüb. Məlumatda bildirilir ki, Milli Təhlükəsizlik Nazirliyi və Rusiya Federasiyasının Narkotiklərin Dövriyyəsinə Nəzarət Xidməti tərəfindən birgə keçirilmiş əməliyyat-axtarış tədbirlərinin növbəti mərhələsində Azərbaycan Respublikasının vətəndaşları Möhsümov İsgəndər Məhərrəməli oğlu və Mirzəyev Vaqif Südeyf oğlunun Rusiya Federasiyasına göndərdikləri 91 kiloqram 300 qram narkotik vasitə olan həşiş Mahaçqala şəhərində aşkarlanıb.
Məlum olub ki, İsgəndər Möhsümov və Vaqif Mirzəyev hazırda şəxsiyyətləri istintaqla araşdırılan İran vətəndaşları ilə birlikdə tərəvəz məhsullarının daşınması üçün hazırlanmış taxta platformaların içərisində külli miqdarda narkotik vasitələri Moskva şəhərinə göndərmək üçün Rusiya Federasiyasının vətəndaşı Xasbulatov Maqomedşapi Maqomedtahiroviçin idarə etdiyi ?VOLVO? markalı ağırtonnajlı avtomobilə yükləyiblər.
MTN əməkdaşlarının da iştirak etdikləri birgə əməliyyat tədbirləri nəticəsində adları çəkilən şəxslər yaxalanıb, həmin avtomobil Rusiyanın Mahaçqala şəhərində saxlanılıb və baxış zamanı qeyd olunan narkotik vasitələr aşkarlanaraq götürülüb.
MTN-in keçirdiyi digər əməliyyat tədbiri nəticəsində qaçaqmalçılıq yolu ilə narkotik vasitələrin daşınması üzrə daha bir cəhdin qarşısı alınmışdır. Belə ki, Azərbaycan Respublikasının vətəndaşı Fərəcov Natiq Müzəffər oğlu, hazırda şəxsiyyətləri istintaqla araşdırılan İran İslam Respublikasının vətəndaşları və qeyriləri qabaqcadan əlbir olaraq satış məqsədilə külli miqdarda narkotik vasitələri qaçaq yolla gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirərək İrandan Azərbaycan ərazisinə gətiriblər.
Əvvəlcədən əldə edilmiş razılığa əsasən, Natiq Fərəcovun sifarişi ilə İran vətəndaşları həmin narkotik vasitə olan həşiş qətranını qaçaq yolla Astara rayonu istiqamətindən Pəlikəş kəndinə keçirib, orada Natiq Fərəcova təhvil veriblər. Əməliyyat-axtarış tədbirləri nəticəsində Natiq Fərəcov Astara rayonunun Şüvi kəndi ərazisində saxlanılıb və ondan 16 kiloqrama yaxın narkotik vasitə olan həşiş qətranı aşkar olunaraq götürülüb.
MTN-in keçirdiyi başqa əməliyyat tədbiri nəticəsində qaçaqmalçılıq yolu ilə narkotik vasitələrin daşınması üzrə yeni bir cəhdin qarşısı alınıb. Belə ki, Azərbaycan Respublikasının vətəndaşları Ələkbərov İlham Arif oğlu, Fətullayev Valeh Telman oğlu, İmanov Zamin Xudasat oğlu, şəxsiyyətləri istintaqla araşdırılan İran vətəndaşları və qeyriləri qabaqcadan əlbir olaraq satış məqsədilə külli miqdarda narkotik vasitələri qaçaqmalçılıq yolu ilə gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirərək İrandan Azərbaycan ərazisinə gətiriblər.
Müəyyən edilib ki, 2009-cu ilin noyabr ayının əvvəllərində İlham Ələkbərov İran Astara şəhərinə səfər edərək, orada hazırda şəxsiyyəti istintaqla araşdırılan bir nəfər İran vətəndaşı ilə görüşüb və onunla cinayət əlaqəsinə girərək satış məqsədi ilə İrandan Azərbaycana külli miqdarda narkotik vasitələrin gətirilməsi barədə razılaşıb.
Bundan sonra, İlham Ələkbərov yaşadığı Lənkəran şəhərinə qayıdıb, bu cinayətkar razılaşma barədə tanışı Zamin İmanova məlumat verib və ona İrandan göndəriləcək narkotik vasitələri almağı təklif edib, sonuncu da buna razılığını verib. İlham Ələkbərov bu barədə İranda narkotik vasitələri sifariş verdiyi şəxsi məlumatlandırıb və həmin şəxsin təklifinə əsasən, İlham Ələkbərov Zamin İmanovla birlikdə İrana gedərək, orada narkotik vasitələri qaçaq yolla Azərbaycana keçirəcək şəxslə görüşüblər.
Sonuncu 50 kiloqram həşiş və 5 kiloqram tiryək göndərəcəyinə söz verib, lakin əvvəlcədən beh qismində onlardan 10 min ABŞ dolları tələb edib. İlham Ələkbərov və Zamin İmanov onun təklifi ilə razılaşaraq, Azərbaycana qayıdıblar. Zamin İmanov tələb olunan pulun bir hissəsini hazırlayıb, çatışmayan hissəsini isə İlham Ələkbərovun ona borc verdiyi qızıl zinət əşyalarını satmaqla 10 min ABŞ dolları toplayaraq İranın Astara şəhərinə getmiş və pulu orada sövdələşdikləri şəxsə çatdırıb geri qayıdıb.
Əvvəlcədən əldə olunmuş razılığa əsasən, hazırda şəxsiyyətləri istintaqla araşdırılan İran vətəndaşları İlham Ələkbərovun və Zamin İmanovun sifariş verdikləri narkotik vasitələri motorlu qayıqda Xəzər dənizi ilə Azərbaycan Respublikasının Astara rayonunun Nərimanabad kəndi yaxınlığına gətiriblər. İlham Ələkbərov dostu Valeh Fətullayevlə birlikdə həmin kəndin yaxınlığında, Xəzər dənizinin sahilində iranlıların qayıqda dövlət sərhədini pozaraq qaçaq yolla gətirdikləri narkotik vasitələrin qablaşdırıldığı kisələri onlardan təhvil alıblar. İlham Ələkbərov və Valeh Fətullayev həmin kisələri kənarda onları gözləyən Zamin İmanovun idarə etdiyi ?VAZ-21012? markalı avtomaşının yük yerində gizlədiblər.
MTN tərəfindən keçirilmiş çevik əməliyyat-axtarış tədbirləri nəticəsində qrupun üzvləri yaxalanmış, avtomaşına keçirilmiş baxış zamanı oradan 50 kiloqramdan artıq həşiş və 5 kiloqrama yaxın tiryək aşkar edilərək götürülüb.
Keçirilən digər əməliyyat tədbiri nəticəsində qaçaqmalçılıq yolu ilə narkotik vasitələrin daşınması ilə məşğul olan növbəti qrupun üzvləri ifşa olunaraq yaxalanmışlar. Belə ki, Azərbaycan Respublikasının vətəndaşları - Həmdəmov Hacıəmin Hacımurad oğlu, Həmdəmov İntizar Hacıağa oğlu, şəxsiyyətləri istintaqla araşdırılan İran vətəndaşları və qeyriləri qabaqcadan əlbir olaraq satış məqsədilə külli miqdarda narkotik vasitələri qaçaq yolla gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirərək İrandan Azərbaycan ərazisinə gətiriblər.
Müəyyən edilib ki, əvvəllər narkotik vasitələrin qanunsuz dövriyyəsi və qaçaqmalçılığı faktına görə məhkum olunmuş İntizar Həmdəmov təxminən 2009-cu ilin oktyabr ayında bir nəfər İran vətəndaşı ilə əlaqə yaradaraq, ona qaçaq yolla Azərbaycan Respublikası ərazisinə narkotik vasitələr gətirməsini sifariş verib. Həmin narkotik vasitələrin təhvil alınmasını isə qardaşı oğlu Hacıəmin Həmdəmova tapşırıb.
Hacıəmin Həmdəmov da öz növbəsində İrandan qaçaqmalçılıq yolu ilə Azərbaycana gətiriləcək külli miqdarda narkotik vasitənin təhvil alınmasını təşkil edib. Bundan sonra, həmin iranlı 21 kiloqramdan artıq narkotik vasitə olan həşiş qətranını qaçaq yolla Astara rayonu istiqamətindən Azərbaycana gətirib. MTN-in həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Hacıəmin Həmdəmov saxlanılıb, baxış zamanı 21 kiloqramdan artıq narkotik vasitə olan həşiş qətranı aşkarlanıb.
Bütün faktlar üzrə cinayət işləri başlanılıb.
Cinayət işləri üzrə bütün halların araşdırılması, bu hüquqazidd əməllərin digər iştirakçılarının ifşası üçün zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.