Ramil Usubov zəhər-rayon polis orqanlarının fəaliyyətindəki nöqsanlara dair tapzırıqlar verib

img

01-12-2009 [07:05]


Dekabrın 1-də Daxili İşlər Nazirliyində (DİN) "Daxili işlər orqanlarında kargüzarlıq işinin təşkili"nə və "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizədə əməliyyat işinin, digər xidmət sahələri ilə qarşılıqlı əlaqələrin vəziyyəti"nə həsr olunmuş geniş kollegiya iclası keçirilib. Müstəqil Informasiya Agentliyi DİN-ə istinadən xəbər verir ki, Respublikanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov müzakirəyə çıxarılan hər iki məsələnin aktual olduğunu, daxili işlər orqanlarının fəaliyyəti ilə bağlı mühüm sahələri əhatə etdiyini bildirmişdir. O, demişdir ki, sənədlərlə işin təşkili, onların uçotunun, müvafiq jurnal və kitablarda qeydiyyatın dəqiq və dolğun aparılmasında, əmr və göstərişlərin icraata verilməsində müvafiq Təlimat və qaydalarla müəyyən edilmiş tələblərə riayət olunması orqan və hissələrdə idarəçiliyin sistemli şəkildə həyata keçirilməsində, həmçinin məlumat təhlükəsizliyinin təmin edilməsində böyük əhəmiyyət kəsb edir. Nazir qüvvə və vasitələrin narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizəyə düzgün istiqamətləndirilməsi, o cümlədən əməliyyat aparatı ilə işin və xidmətlərarası qarşılıqlı əlaqələrin məqsədyönlü təşkilinin son nəticədə insanların hüquq və azadlıqlarının, həyat və sağlamlığının, milli genofondun qorunmasında, eləcə də ağır cinayətlərin və əməliyyat şəraitinə neqativ təsirin qarşısının alınmasında başlıca şərtlərdən biridir. Narkomanlıq və narkotiklərin qanunsuz dövriyyəsilə bağlı problemlərin hər bir ölkə qarşısında çox ciddi vəzifələr qoyduğunu xatırladan general-polkovnik Ramil Usubov son illər narkotiklərə qarşı mübarizənin əvvəlki dövrlərlə müqayisədə daha səmərəli təşkil olunduğunu, 2008-ci ilin müvafiq dövrü ilə müqayisədə cari ilin ötən dövründə qanunsuz dövriyyədən daha çox narkotik vasitənin çıxarılmasının bu sahədə tədbirlərin sistemli və məqsədyönlü şəkildə həyata keçirilməsinin göstəricisi kimi qiymətləndirmiş, bununla bərabər əldə edilmiş nəticələrin mövcud reallığı tam əks etdirmədiyini diqqətə çatdırmışdır. Göstərilən istiqamətlərdə bir sıra uğurlarla yanaşı, bəzi şəhər-rayon polis orqanlarının fəaliyyətində hələ də ciddi nöqsan və çatışmazlıqların mövcudluğu, onların konkret həlli yolları göstərilməklə ilin sonunadək aradan qaldırılmasının vacibliyi vurğulanmışdır. Gündəlikdəki birinci məsələ barədə DİN Katibliyinin rəisi, polis general-mayoru Nazim Əliyev məruzə ilə çıxış etmişdir. O demişdir ki, ölkə Prezidentinin 27 sentyabr 2003-cü il tarixli fərmanı ilə təsdiq olunmuş ?Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair Təlimat?, habelə ?İcra intizamının möhkəmləndirilməsi və icraya nəzarətin təşkilinin təkmilləşdirilməsi tədbirləri haqqında? 26 oktyabr 2006-cı il tarixli fərman sənədlərlə işin və idarəçilik fəaliyyətinin məqsədyönlü tənzimlənməsində əhəmiyyətli rol oynamaqla icra intizamına nəzarət sahəsində konkret vəzifələri müəyyən etmişdir. Xidməti fəaliyyətdə rəhbər tutulan bu normativ hüquqi-aktların tələbləri DİN rəhbərliyinin daim diqqət mərkəzində saxlanılmış, aidiyyəti fərman və sərəncamlarını, Nazirlər Kabinetinin qərarlarının, vətəndaşların müraciətlərinin icra vəziyyəti mütəmadi təhlil edilmiş, bu vacib məsələlərə dair ayrı-ayrı Kollegiya iclaslarında və əməliyyat müşavirələrində zəruri qərarlar qəbul olunmuşdur. ?Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2005-2008-ci illər üçün Dövlət Proqramı?nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına, eləcə də Nazirliyin 2008-ci il tarixli müvafiq əmri ilə elan olunmuş Kollegiya qərarına uyğun olaraq, ötən ilin noyabrında ?Elektron Sənəd Dövriyyəsi? sisteminin mərhələli tətbiqinə başlanılmış və artıq Nazirliyin Mrkəzi Aparatında, Bakı Şəhər Baş Polis İdarəsində və paytaxtın polis idarələrində sənədlərin ötürülməsi elektron variantda həyata keçirilir. Eyni zamanda, adları çəkilən strukturların 120 əməkdaşı sistemin iş prinsipləri və işləmə qaydaları ilə tanış edilmiş, 52 əməkdaş Nazirlikdə keçirilən təkmilləşdirmə kurslarına cəlb olunmuşdur. Bildirilmişdir ki, informasiya kommunikasiya texnologiyalarının tətbiqi üzrə həyata keçirilən bu və digər tədbirlər nəticəsində, təkcə cari ilin ötən dövründə Nazirliyə ünvanlanmış 35 mindən artıq sənəd və müraciətin, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından və Nazirlər Kabinetindən daxil olmuş 265 qanun, fərman, sərəncam və qərarın qeydiyyatının aparılması, rəhbərliyə məruzə edilməklə aidiyyəti xidmətlərə göndərilməsi, həmçinin nəzarətə götürülmüş 5.202 sənəd və müraciətin vaxtında icrası təmin edilmişdir. Nəzarət mexanizminin gücləndirilməsi həm də, vətəndaşların ərizə və şikayətlərinin baxılması kimi mühüm fəaliyyət sahəsində də əhəmiyyətli irəliləyişlərə səbəb olmuş, başqa sözlə yuxarı dövlət orqanlarına, o cümlədən Prezident Administrasiyasına ünvanlanan ərizələr ötən illə müqayisədə təxminən 15 faizədək azalmışdır. Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi, polis general-mayoru Həzi Aslanov gündəlikdəki ikinci məsələ ilə əlaqədar məruzə ilə çıxış edərək bildirmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə, eləcə də qaçaqmalçılığına qarşı mübarizədə həyata keçirilən bu və digər təşkilati tədbirlərlə yanaşı, əməliyyat-xidməti fəaliyyətdə mühüm əhəmiyyət kəsb edən əməliyyat işinin təşkili, təkmilləşdirilməsi, xidmətlərarası qarşılıqlı əlaqələrin məqsədyönlü qurulması da diqqət mərkəzində olmuşdur. Həyata keçirilən kompleks təşkilati tədbirlərin nəticəsində qanunsuz dövriyyədən əvvəlki illərdən fərqli olaraq daha çox narkotik vasitə çıxarılmışdır. Belə ki, 2006-cı ildə 251,5 kiloqram, 2007-ci ildə 336,7 kiloqram, 2008-ci ildə 651,5 kiloqram, 2009-cu ilin 10 ayında isə ötən ilin müvafiq dövrü ilə müqayisədə qanunsuz dövriyyədən çıxarılmış narkotik vasitələrin ümumi çəkisindən 1,7 dəfə çox- 993,9 kiloqram narkotik vasitə götürülmüşdür. Qanunsuz kultivasiya olunan və yabanı halda bitmiş 1300 tona yaxın narkotik tərkibli bitki yaşıl kütlə halında məhv edilmişdir. Cari ilin 10 ayı ərzində narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı 2710, o cümlədən satış məqsədilə 1024 fakt aşkar edilmişdir ki, bu da 2008-ci ilin müvafiq dövrü ilə müqayisədə 12 faiz çoxdur. Həmin dövrdə 326 kiloqram narkotik vasitənin qaçaqmalçılıq yolu ilə respublikaya gətirilməsinin qarşısı alınaraq 48 xarici ölkə vətəndaşı cinayət məsuliyyətinə cəlb edilmişdir. Müzakirələrdə çıxış edənlər görülmüş işlər barədə danışmış, mövcud nöqsan və çatışmazlıqların ilin sonunadək aradan qaldırılacağına söz vermişlər. İclasa yekun vuran daxili işlər naziri, general-polkovnik Ramil Usubov gündəlikdəki hər iki məsələ üzrə polis orqanları tərəfindən görülən işlərin ümumən qənaətbəxş olduğunu qeyd edərək, mövcud problemlərin, nöqsan və çatışmazlıqların aradan qaldırılması yollarına dair konkret tapşırıq və tövsiyyələrini vermişdir. İlin başa çatmasına 1 ay qaldığını xatırladan DİN rəhbəri hər iki istiqamətdə səylərin daha da artırılmasının, ağır və xüsusilə ağır cinayətlərin açılmasına, axtarışda olanların tutulmasına bütün qüvvə və imkanların səfərbər olunmasının, əməliyyat işinin səmərəsinin yüksəldilməsinin, icraatdakı cinayət, axtarış və əməliyyat-axtarış işlərinin bir daha öyrənilməsinin, onlar üzrə zəruri hərəkətlərin həyata keçirilməsinin, habelə müvafiq uçot sənədlərinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə vaxtında təqdim olunmasının vacibliyini vurğulamışdır. Qarşıdan gələn bələdiyyə seçkilərinə toxunan nazir bu ümumdövlət əhəmiyyətli tədbirin də əmin-amanlığın, ictimai asayişin yüksək səviyyədə qorunduğu şəraitdə keçiriləcəyinə, qanunvericiliklə üzərlərinə qoyulan məsul vəzifələrin öhdəsindən polis orqanlarının uğurla gələcəyinə ümidvar olduğunu bildirmişdir. Bu gün ölkəmizdə gedən geniş quruculuq işlərinin, sosial rifaha və iqtisadiyyatın inkişaf etdirilməsinə yönəlmiş tədbirlərin möhtərəm Prezidentimiz cənab İlham Əliyevin apardığı siyasətin məntiqi nəticəsi olduğunu deyən cənab Ramil Usubov əsasını ulu öndərin qoyduğu bu strateji kursun xalqımız tərəfindən dəstəkləndiyini, dayanıqlı sabitliyin yaradılmasında, cinayətkarlıqla uğurlu mübarizədə daxili işlər orqanlarının fəaliyyətinin dövlət başçımız tərəfindən dəfələrlə yüksək qiymətləndirildiyini, həmçinin belə fədakar xidmətdən bu yaxınlarda keçirilən sorğuda rəyi soruşulan vətəndaşlarımızıın böyük əksəriyyətinin razı qaldığını xüsusi vurğulamışdır. Ali diqqət və qayğının növbəti əyani təzahürü kimi cari il ərzində də ərazi polis orqanları və Daxili Qoşunlar üçün müxtəlif təyinatlı obyektlərin tikildiyini, şəxsi heyətin iş, məişət şəraitinin və sosial müdafiəsinin daha da yaxşılaşdırılması üçün önəmli addımların atıldığını diqqətə çatdıran general-polkovnik Ramil Usubov bu siyasətin davamlı olacağına, şəxsi heyətin isə möhtərəm Prezidentimizin diqqət və qayğısına layiqli xidmətlə cavab verəcəyinə əminliyini bildirmişdir. Nazir, general-polkovnik Ramil Usubov əmin olduğunu bildirmişdir ki, şəxsi heyət cari ili də yüksək göstəricilərlə başa vuracaq, ölkəmizin inkişafının və qüdrətlənməsinin əsas şərtlərindən olan sabitliyin dönməzliyinin təmini, habelə dövlətin və vətəndaşların qanuni mənafelərinin hüquqazidd əməllərdən etibarlı qorunması üçün möhtərəm dövlət başçımız tərəfindən qarşıya qoyulmuş bütün vəzifələrin layiqincə yerinə yetirilməsi məqsədilə qüvvə və bacarığını əsirgəməyəcəkdir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA