?Taliban? sıralarında döyüzmüz Azərbaycan vətəndazları məhkəmə zalından azadlığa buraxılıblar

img

12-10-2009 [06:44]


Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Əfqan Hacıyevin sədrliyi ilə Əfqanıstanda və Pakistanda qanunsuz silahlı birləşmələrin tərkibində döyüşlərdə iştirak edən 13 Azərbaycan vətəndaşının məhkəmə prosesi başa çatıb. Cinayət işi üzrə təqsirləndirilən Şakir Xanbutov, Araz Kəngərli, Telman İsayev, Tural Sultanov, Cahangir Bağırov, Əyyub Zeynalov, Seymur Əhədov, Emil Mirzəyev, Ceyhun Sadıqov, Şahin Muxtarov, Kəbir Vəlibəyov, Rövşən Paşayev, Vüqar Vəkilov Cinayət Məcəlləsinin 12.1 (Azərbaycan vətəndaşları və Azərbaycanda daimi yaşayan vətəndaşlığı olmayan şəxslər Azərbaycandan kənarda törətdikləri əmələ görə, bu əməl həm Azərbaycanın, həm də ərazisində törədildiyi xarici dövlətin qanunvericiliyinə əsasən cinayət sayılırsa və bu cinayətə görə həmin şəxslər xarici dövlətdə məhkum olunmamışlarsa, bu Məcəllə əsasında cinayət məsuliyyətinə cəlb edilirlər), 279.1 (Azərbaycan qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələr və ya qruplar yaratma, eləcə də onların yaradılmasında və fəaliyyətində iştirak etmə, onları silahla, döyüş sursatı ilə, partlayıcı maddələrlə, hərbi texnika ilə, yaxud əsgəri ləvazimatla təchiz etmə), 318.1 (Azərbaycanın mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçmə), 318.2. (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən, yaxud zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə törədildikdə) 228.1-ci maddələri üzrə (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) ittiham olunublar. Təqsirləndirilən şəxslər 2005-2008-ci illər ərzində hər biri müxtəlif müddətlərdə İranın Zahidan bölgəsindən Pakistana, oradan isə qanunsuz yolla Əfqanıstana keçərək orada fəaliyyət göstərən qanunsuz hərbi birləşmələrdə təlim keçib və döyüşüb. Təqsirləndirilənlər Əfqanıstanda "Taliban" hərəkatının tərkibində yaradılan "Türk camaatı", "Özbək camaatı", "Ceyşul-Mehdi" və başqa hərbi birləşmələrdə təlim keçərək əməliyyatlara qatılıblar. Adıçəkilən şəxslər Azərbaycana qayıtmaq üçün sənədləri qaydasında olmadığı üçün İran-Azərbaycan dövlət sərhədini müxtəlif vaxtlarda qanunsuz keçən zaman Sərhəd Qoşunlarının hərbi qulluqçuları tərəfindən saxlanıblar. Saxlanarkən onların "əl-Qaidə" terror təşkilatı ilə əlaqədə olduqları müəyyən edilib və işin araşdırılması üçün MTN-ə təhvil veriliblər. Məhkəmənin hökmü ilə Araz Kəngərli, Telman İsayev 2 il 6 ay, Tural Sultanov 2 il, Şakir Xanbutov 1 il 6 ay, Cahangir Bağırov, Əyyub Zeynalov, Seymur Əhədov, Emil Mirzəyev, Ceyhun Sadıqov, Şahin Muxtarov, Kəbir Vəlibəyov, Rövşən Paşayev və Vüqar Xəlilov 6 ay müddətinə azadlıqdan məhrum ediliblər. V. Xəlilov istisna olmaqla, 6 ay müddətinə azadlıqdan məhrum edilən şəxslər cəza müddətləri başa çatdığı üçün məhkəmə zalından azadlığa buraxılıblar. V.Xəlilov isə oktyabrın 29-da azad ediləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA