Respublika Prokurorluğu Goranboy Rayon təhsil zöbəsi və orta məktəblərin vəzifəli zəxslərinin korrupsiya cinayəti ilə bağlı rəsmi məlumat yayıb

img

26-09-2009 [12:01]


Azərbaycan Respublika Prokurorluğu Goranboy Rayon təhsil şöbəsi və orta məktəblərin vəzifəli şəxslərinin korrupsiya cinayəti ilə bağlı rəsmi məlumat yayıb. Resrublika Prokurorluğunun mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, Prokurorluğa daxil olmuş müraciət əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində aparılan araşdırma nəticəsində bir qrup Goranboy rayon sakininin orta məktəblərin XI sinif şagirdlərindən buraxılış imtahanları və attestat almaları üçün rüşvət yığılması faktı aşkar olunub. Rayon təhsil şöbəsi və orta məktəblərin vəzifəli şəxsləri tərəfindən vətəndaşlardan kütləvi şəkildə rüşvət yığılmasına dair kifayət qədər sübutlar müəyyən edildiyindən həmin material üzrə bu il iyunun 13-də Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 311.1-ci (rüşvət alma, passiv rüşvətxorluq) maddələrinin əlamətləri ilə cinayət işi başlanıb. İstintaqla müəyyən edilib ki, Goranboy Rayon Təhsil Şöbəsinin müdiri Elmar Əliyev korrupsiya şəbəkəsi yaradaraq, şöbənin metodiki kabinetinin müdiri Faiq Dosiyev və bir sıra məktəb direktorları ilə qabaqcadan əlbir olmaqla cinayət əlaqəsinə girərək, Goranboyun 52 orta məktəbinin və Kəlbəcərin müvəqqəti olaraq bu rayonun ərazisində məskunlaşmış 11 orta məktəb direktorunu cinayətkar niyyətlərinin həyata keçirilməsinə cəlb edib. O, həmin məktəblərin XI sinif şagirdlərindən mərkəzləşdirilmiş qaydada keçirilməsi nəzərdə tutulan test imtahanlarında yüksək bal və attestat verilməsi müqabilində pul yığılmasını təşkil edərək külli miqdarda rüşvət alıb. Belə ki, E. Əliyev təhsil naziri tərəfindən bu il fevralın 11-də təsdiq edilmiş ?Ümumtəhsil məktəblərində, peşə liseylərində buraxılış imtahanları və şagirdlərin sinifdən-sinfə keçirilməsi haqqında? Qaydalarının XI siniflərdə buraxılış imtahanlarının nazirlik tərəfindən tərtib olunmuş test sualları əsasında mərkəzləşdirilmiş qaydada aparılması haqqında mövcud tələblərindən sui-istifadə edərək, buraxılış imtahanları ərəfəsində orta məktəb direktorlarının iştirakı ilə iclas keçirib, imtahanların nazirlik tərəfindən ?çox ciddi? aparılacağını, təhsil şöbəsinin razılığı olmadan heç kimin imtahanları uğurla verib attestat almasının mümkün olmayacağını bildirib. Buraxılış imtahanlarının qeyri-kafi göstəricilərlə yekunlaşacağından narahat olan məktəb direktorları məlum iclasdan sonra E. Əliyevə müraciət etdikdə o, məktəb direktorlarına yaranmış vəziyyətdən çıxış yolu kimi imtahanı müvəffəqiyyətlə verib attestat almaq istəyən XI sinif şagirdlərinin hər birindən 100 manat məbləğində pul yığıb şöbənin metodiki kabinetinin müdiri Faiq Dosiyev vasitəsilə ona çatdırılmasını göstərib. Faiq Dosiyev isə, öz növbəsində, Elmar Əliyevin tapşırığı əsasında məktəb direktorlarından onların şagirdlərdən 50-100 manat həddində topladıqları pulları qəbul edib E. Əliyevə verib. Şöbə müdiri və digərlərinin yuxarıda qeyd olunan cinayət əməllərini törətməsi cinayət işi üzrə toplanılmış təkzibedilməz mötəbər sübutlarla, o cümlədən iş üzrə şahid qismində dindirilmiş 600-dən çox şagird və valideynin, 100-ə yaxın məktəb direktoru və təhsil şöbəsinin məsul işçilərinin ifadələri, Elmar Əliyevin iş və yaşayış yerlərində, digər vəzifəli şəxslərin xidməti otaqlarında aparılmış axtarışlar zamanı rüşvət vermiş şagirdlərin məktəblər üzrə əldə olunmuş siyahıları və digər sübutlarla təsdiq edilib. Belə ki, Goranboy rayonunun 52, Kəlbəcər rayonunun 11 orta məktəb direktoru tərəfindən tərtib olunmuş ayrı-ayrı siyahılarda hər məktəb üzrə rüşvət vermiş şagirdlərin adı və soyadı, onların verdiyi rüşvətin məbləği, rüşvət natura şəklində verilmişdirsə, onun adı (məsələn, xırdabuynuzlu heyvan), həmin qeydlər əsasında rüşvət vermiş şagirdlərin Faiq Dosiyev tərəfindən tərtib olunmuş yekun siyahılarında isə hər məktəb üzrə rüşvət vermiş məzunların ümumi sayı və onlardan toplanılmış rüşvətin ümumi məbləği göstərilib. Həmçinin E. Əliyevin yaşayış və iş yerlərində axtarış zamanı şagirdlərin 1996-2002-ci illərdə orta məktəbi bitirmələrinə dair müxtəlif seriya və nömrəli 44 ədəd yazılmış, 27 ədəd isə boş əsas təhsil haqqında şəhadətnamə və orta təhsil haqqında attestatlar aşkar edilərək götürülüb. Cinayət işi üzrə toplanmış sübutlar əsasında E. Əliyev və metodiki kabinetin müdiri Faiq Dosiyev Cinayət Məcəlləsinin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrarən külli miqdarda rüşvət almağa görə cinayət məsuliyyəti nəzərdə tutan 311.3.1, 311.3.2 və 311.3.3-cü maddələri, Goranboy şəhər 1 nömrəli orta məktəbinin direktoru Xasay Qasımov, Səfıkürd kənd orta məktəbinin direktoru Cəmaləddin Nəsibov, Dəliməmmədli kənd orta məktəbinin direktoru Rövşən Abbasov, Ağamalıoğlu kənd orta məktəbinin direktoru İlqar Əliyev isə Cinayət Məcəlləsinin 311.3.1 və 311.3.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb ediliblər. Təqsirləndirilən şəxslər E. Əliyev, Cəmaləddin Nəsibov, İlqar Əliyev barəsində həbs qətimkan tədbiri, Faiq Dosiyev, Rövşən Abbasov və Xasay Qasımov barəsində isə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib. İstintaqın gedişində Goranboy rayonunun 52 orta məktəbinin şagirdlərindən yığılmış 39.420 manat, Kəlbəcər rayonunun isə 11 məktəbinin şagirdlərindən yığılmış 4.340 manat məbləğində pulun təqsirləndirilən şəxs Elmar Əliyev tərəfindən vətəndaşlara qaytarılması təmin edilib. Həmçinin müəyyən edilib ki, E. Əliyev rayon təhsil şöbəsinin müdiri işlədiyi dövrdə cinayət yolu ilə əldə edilmiş pul vəsaitləri hesabına Goranboy rayonunun Nadirkənd və Ağcakənd kəndlərində iki ev, Gəncə və Bakı şəhərlərində şəxsi mənzillər əldə edib. Elmar Əliyevin törətdiyi cinayətin tamah motivli olması onun rayon təhsil şöbəsinin müdiri kimi fəaliyyət göstərdiyi dövrdə təhsilin inkişafına dövlət büdcəsindən ayrılmış pul vəsaitlərindən səmərəli istifadəsinə əsaslı şübhələr yaratdığından istintaq zamanı təhsil şöbəsinin son 3 ilə dair maliyyə-təsərrüfat fəaliyyətinin yoxlanılması barədə məhkəmənin qərarı alınmış və müvafiq yoxlama təyin edilib. Maliyyə Nazirliyi tərəfindən aparılan təftiş qismən tamamlanaraq müvafiq aktlar istintaqa təqdim edilib. Həmin yoxlama zamanı təhsil şöbəsinin kassasında 31.486 manat məbləğində pul vəsaitinin çatmadığı, təhsil şöbəsinin inzibati binasının və məktəblərin əsaslı və cari təmiri üçün ayrılmış vəsaitdən 142.600 manat pulun saxta sənədlər tərtib olunmaqla mənimsənildiyi, faktiki işləməyən şəxslərin, o cümlədən Azərbaycanın hüdudlarından kənarda olan müəllimlərin adlarına hesablanmış 48.862 manat məbləğində pulun israf edildiyi, şagirdlərin say həddinə görə siniflərin düzgün komplektləşdirilməməsi nəticəsində artıq saxlanılmış 539 sinfə görə 1.241.953 manat məbləğində pulun əsassız ödənildiyi, aylıq əmək haqqı cədvəllərinin yekunlarının düzəliş edilərək artırılması nəticəsində kassadan 169.257 manat məbləğində pulun əsassız silindiyi və s. faktlar aşkara çıxarılıb. Hazırda qeyd olunan hallar üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir. Cinayət işi üzrə bütün halların araşdırılaraq cinayətkar dəstənin digər üzvlərinin ifşa olunub əməllərinə hüquqi qiymət verilməklə obyektiv qərar çıxarılması təmin ediləcəkdir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA