MTN və Baz Prokurorluq 17 il əvvəl Yardımlıdakı ağır qətl hadisəsi ilə bağlı birgə məlumat yayıb

img

25-09-2009 [03:41]


Milli Təhlükəsizlik Nazirliyi və Baş Prokurorluq 17 il əvvəl Yardımlı rayonunda baş vermiş xüsusilə ağır qətl hadisəsi ilə bağlı birgə məlumat yayıb. Milli Təhlükəsizlik Nazirliyinin İctimaiyyətlə Əlaqələr Mərkəzindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, həyata keçirilən əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində 17 il əvvəl törədilməklə bağlı qalmış xüsusilə ağır cinayətin üstü açılıb. Məlumatda bildirilir ki, 1992-ci ilin noyabr ayında Yardımlı rayonunun Honuba kəndində kənd sakinləri Ağamalı Bəhmənov əmisi oğlanları Fərail və Xubiyar Bəhmənovlarla qabaqcadan əlbir olub, bir qrup şəxs halında cinayət əlaqəsinə girərək ağır cinayət törədib. Belə ki, onlar Ağamalı Bəhmənovla bir evdə yaşayan bacısı İradə Bəhmənovanı əxlaqsız hərəkətlər edərək hamilə olmasından şübhələndiklərinə görə qətlə yetiriblər. Fərail və Xubiyar Bəhmənov, həmçinin Ağamalı Bəhmənov İradəni yaşadıqları evdə başına bağladığı şalla boğaraq qısqanclıq zəminində qəsdən öldürüb və cinayətin izini itirmək məqsədilə meyiti həyətin kənarındakı ayaqyolunun yanında torpağa basdırıblar. Faktla bağlı Yardımlı rayon Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən adam öldürmə) və 120.2.8-ci (təqsirkar şəxs üçün aşkar surətdə hamilə vəziyyətində olan qadını öldürmə) maddələri ilə cinayət işi başlanıb. İstintaq zamanı Ağamalı Bəhmənov və əmisi oğlanları Fərail və Xubiyar Bəhmənovlar cinayət işi üzrə verdikləri ifadələrində törətdikləri cinayət əməllərini etiraf ediblər. 23 sentyabr 2009-cu il tarixdə Ağamalı, Fərail və Xubiyar Bəhmənovlar Cinayət Məcəlləsinin qeyd edilən maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə məhkəmənin qərarı ilə barələrində həbs-qətimkan tədbiri seçilib. Hazırda cinayət işi üzrə Yardımlı rayon Prokurorluğunda ibtidai istintaq davam etdirilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA