Atasından 36 min dollar qoparmaq məqsədilə yalandan oğurlandığını bildirən gənc həbs edilib

img

22-09-2009 [03:04]


Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi və Baş Prokurorluğu Azərbaycan paytaxtında baş vermiş dələduzluq və yalan xəbər vermə cinayəti barədə rəsmi məlumat yayıb. Respublika Baş Prokurorluğunun mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, 2009-cu il sentyabrın 18-də Bakı şəhər sakini Səlim Ağayev şikayət ərizəsi ilə Xətai rayon Polis İdarəsinin 36-cı Polis Bölməsinə müraciət edərək, paytaxtdakı ticarət mərkəzlərindən birində ticarətlə məşğul olan, 1973-cü ildə anadan olmuş oğlu İlqarın naməlum şəxslər tərəfindən oğurlanması və azadlığa buraxılması müqabilində ailə üzvlərindən 36.000 ABŞ dolları tələb olunması barədə məlumat verib. Faktla bağlı dərhal Xətai rayon Polis İdarəsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.1-ci (adam oğurluğu) maddəsi ilə cinayət işi başlanılıb, daxili işlər və prokurorluq orqanlarının əməkdaşlarından ibarət istintaq və əməliyyat-axtarış qrupu yaradılıb. İstintaq araşdırmaları ilə müəyyən edilib ki, İlqar Ağayev dələduzluq yolu ilə valideynlərindən külli miqdarda pul vəsaiti ələ keçirmək məqsədilə, sentyabrın 17-də özünə məxsus mobil telefondan bacısı Mehriban Ağayevanın telefonuna mesaj göndərərək, guya naməlum şəxslər tərəfindən oğurlandığını və azadlığa buraxılması üçün ondan 36.000 ABŞ dolları tələb edildiyini bildirib. Bundan sonra o, sentyabrın 17-dən 20-dək olan müddətdə bacısı Mehriban Ağayevanın mobil telefonuna bir neçə mesaj göndərməklə pulun hazır olub-olmaması ilə maraqlanıb və sonuncu sentyabrın 20-də İlqara pulun hazır olduğunu və birlikdə lazım olan yerə çatdırıla biləcəyi barədə mesaj göndərib. Lakin İlqar birlikdə gedəcəkləri halda oğurlandığı şəxslər tərəfindən öldürüləcəyini bəhanə gətirərək, bacısının bu barədə təklifini rədd edib və ona yenidən mesaj göndərərək Bakıxanov qəsəbəsi ərazisində - 235 saylı marşrut mikroavtobuslarının sonuncu dayanacağında görüşmələrini və onlardan pulu alıb həmin şəxslərə verdikdən sonra evə buraxılacağı barədə məlumat verib Həmin gün saat 15 radələrində İlqar, bacısı və atası ilə əvvəlcədən müəyyənləşdirdiyi yerdə görüşərək onlardan 30.000 ABŞ dollarını qəbul edib Həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində o, yaxalanıb ə nömrələri qabaqcadan qeyd edilmiş 30.000 ABŞ dolları məbləğində əskinaslar onun üstündən götürülüb. Cinayət işi 20 sentyabr 2009-cu il tarixdə Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq etmə) və 296.2-ci (bilə-bilə yalan xəbərçilik etmə) maddələrinə tövsif olunmaqla İlqar Ağayev həmin maddələrdə nəzərdə tutulan cinayət əməllərini törətməkdə şübhəli bilinərək tutulub. İstintaq zamanı İlqar Ağayev ifadəsində guya ayrı-ayrı şəxslərə olan borclarını qaytarmaq məqsədi ilə belə bir addım atdığını bildirməklə, əslində heç kəs tərəfindən oğurlanmadığını və ondan pul tələb edilmədiyini göstərib. 21 sentyabr 2009-cu il tarixdə İlqar Ağayev təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Cinayət Məcəlləsinin qeyd edilən maddələrində nəzərdə tutulan ittiham elan edilib və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. Hazırda cinayət işi üzrə Xətai rayon prokurorluğunda ibtidai istintaq davam etdirilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA