Son 6 ayda 23 prokurorluq əməkdazı intizam qaydasında cəzalandırılıb, 2-si orqandan xaric olunub

img

07-08-2009 [08:09]


Bu gün Azərbaycan Respublikasının Baş Prokurorluğunda prokurorluq orqanları tərəfindən 2009-cu ilin birinci yarımilində ?Prokurorluq haqqında? Qanunda nəzərdə tutulmuş fəaliyyət istiqamətləri üzrə görülmüş işlərin vəziyyəti və həmin məsələnin bölgə müşavirələrində müzakirələrinin nəticələrinə həsr olunmuş əməliyyat müşavirəsi keçirilib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, əməliyyat müşavirəsində çıxış edən Baş prokuror Zakir Qaralov 2009-cu ilin birinci yarımilində Azərbaycan Prokurorluğu orqanları tərəfindən digər hüquq mühafizə, məhkəmə və ədliyyə orqanları ilə əlaqəli şəkildə ictimai-siyasi sabitliyin və əmin-amanlığın qorunması, cinayətkarlığa, o cümlədən, mütəşəkkil cinayətkarlığın təhlükəli təzahürlərinə qarşı mübarizənin gücləndirilməsi, vətəndaşların hüquq və azadlıqlarının etibarlı müdafiəsinin təmin edilməsi, ?Prokurorluq haqqında? Qanunda nəzərdə tutulmuş istiqamətlər üzrə fəaliyyətin səmərəliliyinin artırılması məqsədilə bir sıra məqsədyönlü tədbirlərin görülməsi təmin edilib. Digər hüquq mühafizə orqanları, ilk növbədə, Daxili İşlər və Milli Təhlükəsizlik nazirlikləri ilə qarşılıqlı əlaqəli birgə fəaliyyətin nəticəsidir ki, 2009-cu ilin birinci yarımilində əvvəlki hesabat dövrü ilə müqayisədə respublika üzrə qeydə alınmış qəsdən adam öldürmə, adam oğurluğu, hədə-qorxu ilə tələb etmə, dələduzluq, quldurluq, yetkinlik yaşına çatmayanlar tərəfindən törədilən cinayətlərin sayı əhəmiyyətli dərəcədə azalmış, adamların girov götürülməsi kimi cinayətlər ümumiyyətlə qeydə alınmamış, törədilmiş 11180 cinayətin təxminən 86,0 faizinin açılması təmin edilib. Mütəşəkkil cinayətkarlığın ən təhlükəli təzahürlərindən olan korrupsiya cinayətlərinə qarşı mübarizənin gücləndirilməsi istiqamətində zəruri tədbirlərin görülməsi təmin olunur. Bu sahədə ixtisaslaşdırılmış qurum olan Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsi tərəfindən 2009-cu ilin birinci yarımilində rüşvətlə bağlı, vəzifədən sui-istifadə etmə, vəzifə səlahiyyətlərini aşma və bu xarakterli digər faktlar üzrə 99 şəxs barəsində 55 cinayət işinin istintaqı tamamlanaraq aidiyyəti üzrə baxılması üçün müvafiq məhkəmələrə göndərilib. Qeyd edilib ki, ?Dövlət və bələdiyyə əmlakının və vəsaitlərinin idarə olunması sahəsində korrupsiya ilə əlaqədar hüquqpozmalara qarşı mübarizənin gücləndirilməsi haqqında? Azərbaycan Respublikası Prezidentinin 22 iyun 2009-cu il tarixli Fərmanının və onun icrası qaydasında verilmiş Baş Prokurorluq üzrə müvafiq əmrin tələblərinə qeyd-şərtsiz əməl edilməklə, korrupsiya hüquqpozmalarına qarşı kəsərli mübarizənin təmin olunması qarşıda duran əsas vəzifələrdəndir. Keçiriləcək yoxlamalar üzərində çox ciddi nəzarət mexanizminin yaradılması, sui-istifadə hallarını istisna edəcək prinsipiallıq şəraitinin formalaşdırılması təmin olunmalıdır. Bu məsələ ilə əlaqədar qarşıda duran əsas vəzifələr cənab İlham Əliyevin siyasi iradəsinə müvafiq olaraq, dövlət və bələdiyyə əmlakının və vəsaitlərinin idarə olunması sahəsində korrupsiya hüquqpozmalarına qarşı zəruri tələblər səviyyəsində kəsərli mübarizə aparılması, qeyd olunan sahələrdə hüquqpozmalar barədə daxil olan hər bir müraciət üzrə hərtərəfli, obyektiv və tam araşdırmaların həyata keçirilməsi yolu ilə qanun pozuntularına qarşı mübarizənin gücləndirilməsi, yoxlamaların təşkili və keçirilməsinə məsul olan prokurorluğun müvafiq qurumları və əməkdaşları tərəfindən sui-istifadə hallarına və qanunsuz hərəkətlərə yol verilməsinin qarşısının dərhal alınması, insan hüquq və azadlıqlarının hərtərəfli qorunması, yoxlamaların keçirilməsinin bütün mərhələlərində şəffaflığın təmin edilməsindən ibarət olmalıdır. Müşavirədə qeyd edilən Fərmanın prokurorluq orqanlarında ətraflı öyrənilməsi və geniş əhali kütlələri arasında izahı istiqamətində görüləcək işlər barədə tapşırıqlar verildi. Əməliyyat müşavirəsində həmçinin cinayətkarlığa qarşı mübarizə ilə əlaqədar əldə edilmiş uğurlarla yanaşı, bu sahədə mövcud olan mənfi təzahürlərin aradan qaldırılması, artım tendensiyası müşahidə olunan cinayətlərin profilaktikası istiqamətində həyata keçiriləcək qabaqlayıcı tədbirlərin səmərəliliyinin yüksəldilməsinin zəruriliyi vurğulanıb. Nəzərə çatdırılıb ki, cari ilin birinci yarımilində prokurorluq orqanları tərəfindən görülmüş işlərin vəziyyəti təsdiq edilmiş qrafikə uyğun olaraq bölgələr üzrə keçirilən əməliyyat müşavirələrində müzakirə edilib. Bölgə müşavirələrinin yeni məzmunda keçirilməsində əsas məqsəd ilk növbədə, müzakirələrin tabe struktur qurumların bütün əməkdaşlarının iştirakı ilə aparılması, habelə bu sahədə işin təşkilinə görə Baş Prokurorluğun Kollegiya üzvlərinin məsuliyyəti və fəallığının artırılsı ilə əlaqədar olub. Azərbaycan Respublikası Baş prokurorunun müavinlərinin, Baş Prokurorluğun Kollegiya üzvlərinin sədrliyi və tabe şəhər və rayon prokurorluqlarının bütün əməkdaşlarının iştirakı ilə Gəncə, Sumqayıt və Mingəçevir şəhərləri, Sabirabad, Şamaxı, Cəlilabad və Ağcabədi rayonlarında keçirilmiş geniş əməliyyat müşavirələrində hesabat dövründə görülmüş işlərin real vəziyyəti, mövcud nöqsanlar və çatışmazlıqların yaranma səbəbləri hərtərəfli və prinsipial təhlil edilmiş, ?Prokurorluq haqqında? Qanunda nəzərdə tutulmuş fəaliyyət istiqamətləri üzrə işin səmərəliliyinin artırılması, tabe struktur qurumların fəaliyyəti üzərində Baş Prokurorluğun nəzarətinin daha da təkmilləşdirilməsi, prokurorluq orqanlarında xidməti, icra və əmək intizamının daha da yüksəldilməsi üçün konkret tədbirlər müəyyənləşdirilmişdir. Tabe prokurorluqların bütün əməkdaşlarının iştirakı ilə keçirilən əməliyyat müşavirələrində qaldırılan və işin səmərəliliyinə mənfi təsir göstərən problemlərin aradan qaldırılması və həlli vacib məsələlərin tənzimlənməsi istiqamətində qarşıda duran konkret vəzifələr müəyyənləşdirilmiş və Baş Prokurorluğun əlaqədar struktur qurumlarına müvafiq tapşırıqlar verilib. Prokurorluq orqanlarının fəaliyyətində mövcud olan neqativ təzahürlərə qarşı aparılan prinsipial mübarizənin nəticəsi olaraq, hesabat dövründə müxtəlif pozuntulara və qanunsuzluqlara yol verən 23 prokurorluq əməkdaşının intizam qaydasında cəzalandırılması, o cümlədən, 2 əməkdaşın prokurorluq orqanlarından xaric olunması diqqətə çatdırılmaqla, xidməti, icra və əmək intizamının daha da yüksəldilməsi üçün zəruri tədbirlərin görülməsi bütün tabe prokurorlardan tələb edilib. 2009-cu ilin birinci yarımilində prokurorluq orqanları tərəfindən görülmüş işlər və bu məsələnin bölgə müşavirələrində müzakirə nəticələri barədə Baş prokurorun birinci müavini Rüstəm Usubov tərəfindən ətraflı məlumat verilmiş, Baş Prokurorluğun Kollegiya üzvləri - Təşkilat-analitik idarəsinin rəisi Əzizağa Həsənov, Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin rəisi Kamran Əliyev və Dövlət ittihamının müdafiəsi üzrə idarənin rəisi İlqar Cəfərov çıxış ediblər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA