MTN-də izgəncə faktı

img

26-07-2009 [06:07]


[b]Sülhəddin Əkbər: "Polis işçilərinin MTN-nin rəhbərliyinə gətirilməsi ilə iş mexanizminin dəyişməsi mümkündür" [/b] Radikal dini qruplaşmanın üzvü İlkin İsmayılova Milli Təhlükəsizlik Nazirliyinin (MTN) istintaq təcridxanasında dəhşətli işgəncə verilməsi ilə bağlı məlumat bir müddət öncə "Bizim Yol" qəzetində dərc olunmuşdu. İ.İsmayılov bu açıqlamanı Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə vermişdi. Sonradan məhkəmənin qərarı ilə MTN rəhbərliyi məsələni araşdıraraq, təqsirləndirilən şəxsə işgəncə verilmədiyini bəyan etdi. MTN-nin verdiyi məlumata görə, İ.İsmayılov cinayətdən yaxa qurtarmaq və səs-küy yaratmaq üçün özünü ülgüclə doğrayıb. Əslində işgəncə faktını təkzib edən MTN rəhbərliyi təcridxanada nəzarətin olmadığını etiraf edib. Bəs görəsən, MTN-nin təcridxanasında özünə qəsd etmək bu qədər asandırmı? Yaxud belə bir hadisə baş veribsə, təcridxana rəhbərliyi, nəzarətçilər məsuliyyət daşımırmı? Məsələylə bağlı açıqlama verən milli təhlükəsizlik nazirinin keçmiş müavini Sülhəddin Əkbər baş verən hadisənin mənfi hal olduğunu bildirsə də, mümkünlüyünü də istisna etməyib: "İstənilən həbsxanada, hətta inkişaf etmiş ölkələrdə belə, məhbuslar içəri bu vəya digər formada qanunsuz əşyalar keçirə bilirlər. Yaxud da mümkün materiallardan kəsici, deşici alətlər düzəldirlər. Hazırda qoruyucusu olan ülgüclər içəri buraxılır, buna qanunla yol verilir. Amma qoruyucu hissəsini kəsib, ondan istifadə etmək olur. Hətta qoruyucu hissəsini kəsmədən də səthi kəsiklər eləmək mümkündür". S.Əkbər bildirib ki, əgər belə bir hadisə baş veribsə, təcridxana rəhbərliyi, nəzarətçilər məsuliyyət daşıyırlar. Onun sözlərinə görə, bu hadisədən sonra mütləq daxili təhqiqat aparılmalı və müvafiq şəxslər cəzalandırılmalıdır: "Hələlik belə bir cəzanın verilib-verilmədiyi məlum deyil. Ola bilər ki, daxili təhqiqat aparılıb, iltizam qaydasında tədbirlər görülüb. Sadəcə olaraq, bunu açıqlamaq istəmirlər. Çünki bunun açıqlanması Milli Təhlükəsizlik Nazirliyinin nüfuzuna xələl gətirər". MTN-də saxlanılan şəxslərə işgəncə verilib-verilməməsinə gəlincə, müsahibimiz bu barədə məlumatsız olduğuna görə, dəqiq bir söz deməkdə çətiklik çəkir: "Hər halda bütün dövrlərdə MTN digər hüquq-mühafizə orqanlarından bu istiqamətdə fərqlənib. Mətbuatdan da sizin bildiyiniz qədər bu barədə informasiyalar MTN haqqında ya olmur, ya da çox nadir hallarda olur. Amma təbii ki, istisna deyil". Qeyd edək ki, Eldar Mahmudov MTN rəhbəri təyin edildikdən sonra bu qurumun idarəçiliyinə daxili işlər orqanlarının prinsiplərinin gətirildiyi bildirilir. Bu səbəbdən də son dövrlər MTN-də saxlanılan şəxslərə qarşı zorakılıqların olması ilə bağlı məlumatlar verilir. S.Əkbər də bunu nəzəri cəhətdən mümkün sayır: "Çünki Milli Təhlükəsizlik Nazirliyinin strukturlarına keçmiş polis işçiləri, xüsusən də rəhbər vəzifələrə gətiriliblər. İndi həmin qurumda əsas söz sahibləri onlardır. Bu mənada MTN-də əhval-ruhiyyənin, iş mexanizminin dəyişməsi mümkündür".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA