DSX Balakəndə baz verən atızma ilə bağlı rəsmi məlumat yayıb

img

22-07-2009 [05:15]


Dövlət Sərhəd Xidməti (DSX)il iyulun 16-da Zaqatala Sərhəd Dəstəsinin xidməti ərazisində mütəşəkkil cinayətkar dəstənin Azərbaycan-Rusiya dövlət sərhədini qanunsuz keçmə cəhdinin qarşısının alınması zamanı baş verən atışma ilə bağlı növbəti məlumat yayıb. DSX-nın Mətbuat Mərkəzindən verilən məlumatda qeyd olunur ki, mütəşəkkil cinayətkar dəstənin Azərbaycan-Rusiya dövlət sərhədini qanunsuz keçmə cəhdinin qarşısının alınması zamanı baş verən atışma nəticəsində əsgər İsayev Bəhruz Əsgər oğlunun yaralanması, bir cinayətkarın məhv edilməsi, digərlərinin yaralanması faktı ilə əlaqədar başlanan cinayət işi üzrə DSX, MTN, DİN və Baş Prokurorluğun birgə əməliyyat-axtarış qrupu tərəfindən istintaq tədbirlər davam etdirilir. Hadisə yerində səhra şəraitində uzun müddət yaşamaq üçün zəruri ərzaq, əşya-geyim və məişət ləvazimatları təchiz olunan 6 yol-bel çantası, 5 əl qumbarası, 30 ədəd 5,45 çaplı patronla dolu 1 ədəd ?AK? markalı avtomat silah darağı, 2 boş ?Makarov? tipli tapança darağı, 2 tapança qoburu, 4 ?Nokia 1200? markalı mobil telefon, 1 ?hp? markalı noutbuk, 1 ?Toshibo? markalı yaddaş qurğusu, internetə qoşulmaq üçün 1 ədəd modem qurğusu və digər əşyalar aşkarlanaraq götürülüb. Baş vermiş hadisə ilə bağlı fakt üzrə Respublika Baş Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 29, 120-ci (qəsdən adam öldürməyə cəhd etmə), 228-ci (qanunsuz olaraq odlu silah gəzdirmə) və 318-ci (dövlət sərhədini qanunsuz keçmə) maddələri ilə cinayət işi başlanıb. İstintaq-əməliyyat tədbirlərinin gedişində dəstə üzvlərinin şəxsiyyəti də müəyyən edilib. Əməliyyat nəticəsində dəstənin xarici ölkə vətəndaşı olan üç üzvü saxlanılıb. Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxslər barəsində həbs-qətimkan tədbiri seçilib. Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində mütəşəkkil dəstə tərəfindən Balakən rayonunun Salban kəndi yaxınlığında meşə massivində xüsusi maskalanmış quyularda gizlədilmiş, böyük bir qrupun uzun müddət səhra şəraitdə yaşaması üçün təyinatlı olan külli miqdarda ərzaq, geyim əşyaları, çadırlar, meşədə sərbəst hərəkət etmək üçün çoxlu sayda ayaqqabılar, akkumulyatorlar və s. texniki və məişət avadanlıqları, 5,45 çaplı avtomat silahı üçün 1 ədəd səsboğucu qurğu, Azərbaycanın atlas xəritələri, Balakən rayonunda Böyük Qubek dağının yaxınlığındakı meşə massivində xüsusi gizlədilmiş yerdə isə 1 ədəd 5,45 çaplı ?AK-74? markalı avtomat silahı, 120 ədəd patronla dolu 4 daraq, 1 ədəd 7-62 çaplı nişangah və səsboğucu qurğu ilə təchiz olunan ?AKM? avtomat silahı, 30 ədəd patronla dolu 1 ədəd daraq, 2 ədəd ?RQD-5?, 1 ədəd ?F-1? əl qumbaraları, içərisində meşə şəraitində yaşamaq üçün ərzaq, əşya-geyim ləvazimatı olan 2 ədəd yol-bel çantası, həmçinin rayonun Mazımçay kəndinin yaxınlığında, gizlədilən yerdə 1 ədəd ?Makarov? tipli tapança və bir daraqda 8 ədəd patron aşkar olunaraq götürülüb. Əməliyyat-istintaq qrupu tərəfindən mütəşəkkil silahlı dəstənin qanunazidd plan və niyyətləri, dəstə üzvlərinin hərəkət marşrutları, ölkə ərazisində qaldıqları ünvanlar, əlaqədə olduqları şəxslər və istintaq üçün maraq doğuran digər xüsusatlar müəyyən edilib. Hazırda dəstənin digər üzvlərinin saxlanması və qeyri-qanuni fəaliyyətinə dair halların dəqiqləşdirilməsi istiqamətində istintaq tədbirlər davam etdirilir. Qeyd edək ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumatda isə Azərbaycan-Rusiya sərhədini bir neçə gün əvvəl qanunsuz keçməyə cəhd göstərən silahlı mütəşəkkil dəstənin üzvü olduğu ehtimal edilən 3 nəfərdən iksinin kimliyi barədə açıqlama verilib. Nazirlikdən bildirilib ki, Balakən rayonu ərazisində daxili işlər orqanlarının əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı saxlanılan şəxslər - 1975-ci il təvəllüdlü Suxrab Merzoyev və 1980-ci ildə anadan olan Xasan Xaldıxaroyevdir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA