MTN irandan Azərbaycana 48 kq narkotik maddə gətirənləri tutub

img

06-07-2009 [05:03]


Milli Təhlükəsizlik Nazirliyi tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizə istiqamətində son günlər keçirilən növbəti əməliyyat tədbirləri nəticəsində Irandan Azərbaycana qaçaqmalçılıq yolu ilə narkotiklərin daşınması üzrə daha bir faktın qarşısı alınıb, 48 kiloqrama yaxın narkotik vasitə akşar edilərək götürülüb. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, bu barəd məlumatı MTN-nin ictimai əlaqələr mərkəzi yayıb. Məlumata görə, Beyləqan rayon sakinləri - Nəsirov Tahir Vaqif oğlu, Quliyev İlqar Oqtay oğlu və Səfərov Samir Niyazi oğlu, Kəlbəcər rayon sakini Hüseynov Rəşad Zakir oğlu, habelə hazırda şəxsiyyətləri istintaqla araşdırılan İran İslam Respublikasının vətəndaşları və qeyriləri qabaqcadan əlbir olaraq satış məqsədilə külli miqdarda narkotik vasitəni qaçaqmalçılıq yolu ilə gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirərək İrandan Azərbaycan ərazisinə gətirmişlər. Müəyyən edilmişdir ki, Tahir Nəsirovun təşkilatçılığı ilə hazırda şəxsiyyətləri istintaq tərəfindən araşdırılan İran İslam Respublikasının vətəndaşları İran-Azərbaycan dövlət sərhədinin Beyləqan rayonu istiqamətindən külli miqdarda narkotik vasitəni qaçaq yolla keçirib həmin rayonun 1-ci və 2-ci Şahsevən kəndlərinin arasındakı ərazidə gizlətmişlər. Əvvəlcədən əldə olunmuş razılığa əsasən, Tahir Nəsirov və İlqar Quliyev narkotik vasitələri həmin yerdən götürürmüş və təxminən gecə saat 03:00 radələrində Bakı şəhərinə gətirmişlər. Onlar Rəşad Hüseynovun gözətçi işlədiyi bağa gələrək narkotikləri burada gizlətmiş və özləri də həmin bağda gecələmişlər. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində adları çəkilən şəxslər saxlanılmış, həmin bağa baxış zamanı oradan 30 kiloqrama yaxın həşiş, habelə Tahir Nəsirovun qanunsuz əldə etdiyi Türkiyə istehsalı olan 1 ədəd ?Mini Kral? start tapançası aşkarlanaraq götürülmüşdür. Faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən narkotik vasitələrin qaçaqmalçılığı), 234.4.1 və 234.4.3-cü (qabaqcadan əlibir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama, daşıma, göndərmə və satma) maddələri ilə cinayət işi başlanılmışdır. MTN İctimai Əlaqələr Mərkəzinin 2009-cu il mayın 4-də KİV üçün açıqladığı məlumatda Astara rayon sakinləri ? Pərviz Əliyevin, İlham Səmədovun və Asəf Qasımovun, Bərdə rayon sakinləri - Asəf Əzimovun və Saleh Məmmədovun, habelə hazırda şəxsiyyətləri istintaqla araşdırılan İran İslam Respublikasının vətəndaşlarının və qeyrilərinin qabaqcadan əlbir olaraq satış məqsədilə 40 kiloqrama yaxın narkotik vasitə olan həşişi qaçaqmalçılıq yolu ilə gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirərək İrandan Azərbaycan ərazisinə gətirdikləri və həmin şəxslərin ifşa olunaraq zərərsizləşdirildikləri barədə geniş məlumat verilmişdir. Bu faktla bağlı MTN İstintaq Baş İdarəsində başlanılmış cinayət işi üzrə davam etdirilən istintaq-əməliyyat tədbirləri nəticəsində adları çəkilən təqsirləndirilən şəxslərin narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı törətdikləri hüquqazidd əməllərinə dair yeni hallar məlum olmuş, onlara məxsus gizli saxlanc yerindən əlavə 18 kiloqrama yaxın həşiş aşkar edilərək götürülmüşdür. Hazırda cinayət işləri üzrə bütün halların araşdırılması, bu hüquqazidd əməllərin digər iştirakçılarının ifşası üçün zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA