Baz prokurorun fəaliyyəti arazdırılacaq

img

05-07-2009 [03:08]


[b]Zakir Qaralovun rəqibləri onunla bağlı hakimiyyətin yuxarı dairələrinə kompromatlar ötürüblər [/b] Baş prokuror Zakir Qaralovun adı ətrafında növbəti dəfə ajiotaj yaranıb. Ötən ay Gəncədə həbs olunan iş adamı Şöhrət Quliyevin personası ətrafında yaranmış qalmaqal Zakir Qaralovu yenidən hədəfə çevirib. Mətbuat ciddi-cəhdlə Zakir Qaralovla 8 nəfərin qətlinə sifariş verməkdə təqsirləndirilən Şöhrət Quliyev arasındakı əlaqəni araşdırmağa çalışır. Məhkum iş adamının vaxtilə baş prokurora maliyyə dəstəyi verməsi barədə iddiaların meydana çıxması vəziyyəti daha da mürəkkəbləşdirib. Respublika Prokurorluğunun israrla Zakir Qaralovla bağlı ittihamlara münasibət bildirməkdən imtina etməsi isə baş prokurorla bağlı müəmmaları bir qədər də artırıb. Qeyd edək ki, Zakir Qaralovun fəaliyyətilə bağlı şübhələr hələ bir neçə ay əvvəl meydana çıxmışdı. Prokurorluq orqanlarının ölkədə fəaliyyət göstərən nəhəng şirkətlərin üzərinə hücuma keçməsi bu qurumu ictimai maraq obyektinə çevirmişdi. Amma Respublika Prokurorluğunun bir neçə iri şirkətdə baş vermiş neqativ hallarla bağlı apardığı araşdırma müəmmalı sonluqla başa çatmışdı. Zakir Qaralovun maliyyə bosslarının qarşısında aciz duruma düşməsi prokurorluq orqanlarının nüfuzuna ciddi zərbə vurmuşdu. Bəzi şirkətlərdəki cinayət xarakterli əməllərin araşdırılması ilə bağlı nəticələrin ciddi-cəhdlə ictimaiyyətdən gizlədilməsi isə bu qurumun imicini daha da zədələyib. Şübhəsiz ki, Z.Qaralova yönəlik ittihamların son vaxtlar kəskin xarakter almasında Respublika Prokurorluğunun nəzdində fəaliyyət göstərən Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin də müəyyən rolu var. Bu qurumun bəzən yarıtmaz fəaliyyəti baş prokuroru tez-tez rəqiblərinin hədəfinə çevirir. Məlum olduğu kimi, bu idarənin qarşısına korrupsiyaya qarşı mübarizə aparmaq vəzifəsi qoyulsa da, prokurorluq əməkdaşları yalnız kiçik rütbəli məmurları həbs etməklə kifayətlənirlər. Korrupsiyaya Qarşı Mübarizə İdarəsi əməkdaşlarının həbs etdiyi vəzifəli şəxslərin siyahısında ucqar kəndlərin bələdiyyə sədrlərinin çoxluq təşkil etməsi bu idarənin qeyri-ciddi imicinin yaranmasına səbəb olub. Bu fakt isə baş prokurorun hakimiyyətdəki rəqibələrinə onu "vurmaq" üçün növbəti dəfə imkan yaradıb. Z.Qaralovun iqtidardakı əleyhdarları 2005-ci ildən sonra ölkədə səs-küylü həbslərin həyata keçirilməməsilə bağlı tezisləri dövriyyəyə buraxmaqla baş prokurorun ona bəslənən ümidləri doğrultmadığına dair rəy yaratmağa çalışırlar. Aldığımız məlumatlara görə, aprelin 30-da Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) törədilən qanlı cinayət hadisəsindən sonra baş prokurorun ətrafındakı etimadsızlıq zolağı bir qədər də daralıb. Buna səbəb kimi terror hadisəsini araşdıran istintaq-əməliyyat qrupunun yarıtmaz fəaliyyəti göstərilir. Məlum olduğu kimi, istintaq-əməliyyat qrupu Respublika Prokurorluğunun təcrübəli əməkdaşlarından formalaşdırılsa da, bu günə kimi terror hadisəsinin motivi açıqlanmayıb. Fərda Qədirovun cinayətdən əvvəl ünsiyyətdə olduğu adamların ətrafında aparılan əməliyyat tədbirlərinin heç bir nəticə verməməsi prokurorluq orqanları əməkdaşlarının peşəkarlığına kölgə salıb. Hüquq-mühafizə orqanlarındakı mənbənin qəzetimizə verdiyi məlumata görə, istintaq-əməliyyat qrupunun yarıtmaz fəaliyyəti ilə bağlı rəyin formalaşmasında digər güc strukturlarının da rolu var. Bildirilir ki, cinayətin motivinin açıqlanmaması ilə bağıl tələb Milli Təhlükəsizlik Nazirliyindən (MTN) gəlir. Fərda Qədirovun hərəkət trayektoriyasının dəqiq müəyyənləşdirilməməsi isə polis orqanlarının marağına cavab verir. Qatilin qanunsuz yolla Azərbaycan sərhəddini necə keçməsi ilə bağlı detalların üzə çıxmasını isə Dövlət Sərhəd Xidmətinin (DSX) rəhbərliyi əngəlləyir. DSX rəhbəri Elçin Quliyevin hakimiyyətin yuxarı dairələri tərəfindən himayə olunması prokurorluq əməkdaşlarının zəruri istintaq tədbirlərini həyata keçirməsini çətinləşdirir. Mənbənin dediyinə görə, rəqibləri mövcud şərtlərin Zakir Qaralovun əleyhinə çevrilməsindən yararlanaraq, onu ölkə rəhbərliyinin gözündən salmağa çalışırlar. Müsahibimiz bildirib ki, Fərdanın Gürcüstan vətəndaşı olması baş prokurorun əleyhdarlarını daha da həvəsləndirib. Onlar hakimiyyət kluarlarında Gürcüstan vətəndaşı olan soydaşlarımızın Z.Qaralovun dəstəyilə Azərbaycanda qeyri-qanuni məskunlaşdıqlarına dair təbliğat aparırlar. Məqsəd baş prokurorun peşəkarlığını şübhə altına almaqla yanaşı, həm də son vaxtlar ciddi iddialarla meydana atılan Gürcüstan klanının dayaqlarını sarsıtmaqdır. Məlumatlara görə, əleyhdarlarının Zakir Qaralovla bağlı apardıqları əks-təbliğat nəticəsiz qalmayıb. Mənbə deyib ki, indi yüksək rütbəli məmurlar baş prokurora əvvəlki qədər etimad göstərmirlər. Onun sözlərinə görə, Zakir Qaralovun fəaliyyəti hakimiyyətin yuxarı dairələri tərəfindən nəzarətə götürülüb. Rəqiblərinin baş prokurorla bağlı ölkə rəhbərliyinə ciddi kompromatlar ötürməsi Qaralovun karyerasına təhlükə yaradıb. Hazırda baş prokurorun fəaliyytəinin araşdırıldığı bildirilir. Gəncəli biznesmen Şöhrət Quliyevin həbsindən sonra start götürən bu kampaniyanın Zakir Qaralovun prokuror karyerasına son qoyacağı da istisna olunmur. Səlahiyyət müddəti gələn ilin aprelində başa çatacaq Qaralovun vaxtından əvvəl istefaya göndəriləcəyi də ehtimal edilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA