DiN-dəki kadr dəyizikliyi davam etdiriləcək

img

28-06-2009 [04:54]


[b]Ramil Usubov nazir həmkarının qardaşına da yeni vəzifə verib [/b] Son 3 aydan başlayaraq, daxili işlər naziri Ramil Usubov rəhbərlik etdiyi qurumda ciddi kadr dəyişikliyinə start verib. O, Salyan və Lənkəran rayon Polis şöbələrində aparılan əsaslı kadr dəyişikliyinə paralel olaraq, nazirliyin mərkəzi aparatında da dəyişikliklər edib. Nəticədə adıçəkilən rayonların rəisləri işsiz qalıb, nazirliyin kadrlar idarəsinin rəisi, general Novruz Novruzov Hava Limanında Polis İdarəsinə rəis göndərilib. Dövlət Yol Polisi İdarəsinin rəisi müavini İsmət Əliyevsə kadrlar idarəsinin rəisi təyin edilib. O zaman çoxları bununla DİN-də dəyişikliklərə ara veriləcəyini proqnozlaşdırsa da, Ramil Usubov atdığı addımlarla bu ehtimalları təsdiqləmədi. Belə ki, nazir üç gün əvvəl Sumqayıt şəhər polis idarəsinin rəisi Mehdi Hümbətovu da yola saldı. Buna qədərsə, paytaxtın polis idarələrinin bəzilərində bölmə rəislərini "vurdu", bəzilərinin isə yerlərini dəyişdirdi. Bu və ya digər məlumatlarla bağlı "Reytinq"i bilgiləndirən informasiyalı şəxsin sözlərinə görə, Ramil Usubov hazırda əksər polis idarələrində yoxlamalar apartdırır: "Ramil Usubovun tapşırığı ilə hazırda nazirliyin daxili təhqiqatlar idarəsi ilə kadrlar idarəsi daha çox şikayətlər daxil olan polis idarələrindəki vəziyyətlə bağlı daxili araşdırmalar aparırlar. Bu prosesin fonunda isə idarə, şöbə və bölmələrdə kadr dəyişikliyi də həyata keçirilir. Təxminən bir ay əvvəl paytaxtın bir neçə rayonunda belə dəyişikliklər baş verib". Müsahibimizin sözlərinə görə, Nərimanov rayon Polis İdarəsinin 18-ci Polis Bölməsinin rəisi Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinə rəis göndərilib: "Birincinin yerinə Nəsimi rayon Polis İdarəsinin 19-cu Polis Bölməsinin rəis müavini gətirildi. 18-in rəisi isə 31-ci Polis Bölməsinin rəisi Əli Mərdanovun yerinə təyin olundu. Təhsil naziri Misir Mərdanovun qardaşının rəhbərlik etdiyi 31-ci bölmənin rəisi Əli Mərdanovu isə yeni yaradılmış Miqrasiya Xidmətinə rəis müavini postuna apardılar". Belə dəyişikliklərin xeyli sayda olduğunu söyləyən həmsöhbətimiz yaxın həftələrdə bölmə və idarə səviyyələrində prosesin davam etdiriləcəyini deyir: "Təkrar edirəm, hazırda xeyli bölmə və idarələrdə araşdırmalar aparılır. Çox güman ki, yaxınlarda Nizami, Yasamal və Qaradağ rayonları üzrə də dəyişikliklər olacaq. Həmçinin, Gəncə Şəhər Polis İdarəsi və onun tabeliyində olan Polis şöbələrində də "yarpaq tökümü" başlaya bilər. İddialara görə, Gəncənin Nizami rayonunun rəisi Goranboya və ya Daşkəsənə rəis göndəriləcək. Goranboyun rəisi isə sərəncama alınacaq". Belə dəyişikliklər yaxın bir ayda keçirilməsi nəzərdə tutulan nazirliyin kollegiya iclasında müzakirə olunacaq: "Nazir Ramil Usubov 2009-cu ilin II rübünün yekunları ilə bağlı kollegiya iclası keçirəcək. Şübhəsiz ki, aparılan yoxlamalar və bunun nəticəsində həyata keçirilən tədbirlər kollegiyanın gündəliyində olacaq".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA