On ildən çox silahlı basqınlar törədən dəstə məhkəmə qarzısında

img

25-06-2009 [06:59]


Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hakimi Əlövsət Abbasovun sədrliyi ilə Bakıda on ildən çox silahlı basqınlar törətməkdə ittiham olunan dəstə üzvlərinin məhkəməsi başlayıb. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, məhkəmə qarşısında daxili işlər orqanlarında məsul vəzifələrdə çalışan Mehdi Əmirəliyev, İrac Nəsurlullayev, Ceyhun Qarayev, İsmayıl Feyziyev, Seyran Bağırov və Rauf Rzayev cavab verir. Prosesdə dövlət ittihamçısı Çingiz Şükürlü ittiham aktını oxuyub. Daha sonra ifadə verən Yasamal Rayon Polis İdarəsinin Banditizm və terrorizmə qarşı mübarizə şöbəsinin sabiq rəisi Mehdi Əmirəliyev ittiham üzrə özünü qismən təqsirli bilib. Digər təqsirləndirilənlər də özlərini qismən təqsirli bilib. Qeyd edək ki, təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 29,120.2.1-ci (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürməyə cəhd), 29,120.2.11-ci (quldurluq, hədə-qorxu ilə tələb etmə, terrorçuluq və ya banditizmlə əlaqədar adam öldürməyə cəhd), 177.3.1-ci (mütəşəkkil dəstə tərəfindən oğurluq etmək), 180.3.1-ci (mütəşəkkil dəstə tərəfindən soyğunçuluq etmək), 180.3.2-ci (zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla soyğunçuluq etmək), 181.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən quldurluq hərəkəti etmək), 181.2.3-cü (quldurluq hərəkətini yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz olaraq girməklə törədildikdə), 181.2.4-cü (quldurluq hərəkəti zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə), 181.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə quldurluq hərəkəti etmək), 181.2.5-ci (silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə quldurluq törətmə), 185.3.1-ci (talama məqsədi olmadan qanunsuz olaraq avtomobil və ya başqa nəqliyyat vasitəsi ələ keçirmə), 186.1-ci (əmlakı qəsdən məhv etmə və ya zədələmə), 217.1-ci (təşkilatlara və ya ayrı-ayrı şəxslərə basqın etmək məqsədilə sabit silahlı qruplar (bandalar) təşkil etmə, belə qruplara (bandalara) rəhbərlik etmə), 228-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə ittiham olunurlar. Məhkəmə prosesi iyulun 9-da davam etdirləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA