iranla sərhəddə baz verən atızmanı radikal dini qruplazmanın üzvləri törədiblər

img

20-06-2009 [05:29]


Dövlət Sərhəd Xidməti və Baş Prokurorluğun mətbuat xidməti iyunun 18-də Azərbaycan-İran sərhədində baş verən atışma ilə bağlı birgə məlumat yayıblar. Məlumatda qeyd olunur ki, Cəlilabad rayonunun Əsədli kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində iki şəxsin dövlət sərhədini qanunsuz olaraq nəzarət buraxılış məntəqələrindən kənarda Azərbaycandan İran istiqamətində keçməyə cəhd göstərməsinin qarşının alınması zamanı sərhəd naryadına qarşı 2 ədəd əl qumbarası atılmaqla silahlı müqavimət göstərilib. Sərhəd naryadı tərəfindən təlimata uyğun olaraq silah tətbiq olunub və sərhəd pozucuları zərərsizləşdiriliblər. Hadisə zamanı öz bədəni ilə qumbaranın üstünü örtməklə digər sərhədçi yoldaşlarını xilas edən, 2008-ci ilin oktyabr ayında Samux rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılan, 1990-cı il təvəllüdlü Elton Xaləddin oğlu İsgəndərov həlak olub, iki sərhədçi zabit isə ağır yaralanıb. Zərərsizləşdirilən sərhəd pozucularının üzərindən Füzuli rayon sakini, 1981-ci il təvəllüdlü Ramin Ramiz oğlu Məmmədova və Bakı şəhər sakini, 1986-cı il təvəllüdlü Sadiq Vaqif oğlu Həşimova məxsus Azərbaycan vətəndaşı pasportları, 600 ABŞ dolları, 800 min İran rialı və 1 ədəd kompas aşkar olunaraq götürülüb. Sərhəd pozucularının şəxsiyyətlərinin müəyyənləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlər zamanı onların tam əksəriyyətinin ifşa olunaraq cinayət məsuliyyətinə cəlb olunmuş ?Meşə qardaşları? kimi tanınan qanunsuz silahlı qruplaşmanın üzvləri olan Azər Misirxanov və ?Əbdüləziz? ləqəbli Elşən adlı şəxslərlə yaxın əlaqədə olduqları müəyyən olunub. Aparılan istintaq-əməliyyat tədbirləri nəticəsində həmin şəxslərin dövlət sərhədindən qanunsuz olaraq keçmələrini təşkil edən Saatlı rayonunda anadan olan, hazırda Qaradağ rayonunun Sahil qəsəbəsində yaşayan, 1984-cü il təvəllüdlü Zaur Zabit oğlu Əliyev istintaqa cəlb edilməklə üzərindən 1 ədəd mobil telefon, 1 ədəd xəncər, 1 ədəd bıçaq və 1 ədəd kompas aşkar olunaraq götürülüb. Hadisə ilə bağlı dərhal Dövlət Sərhəd Xidməti və Baş Prokurorluğun əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb. Sərhəd pozucularının əlaqələrinin müəyyənləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlər nəticəsində Füzuli rayonu və Qaradağ rayonunun Sahil qəsəbəsində müxtəlif ünvanlarında axtarışlar aparılıb və həmin ünvanlarda dini təbliğatla bağlı xeyli miqdarda dini ədəbiyyat, video və SD yazılar, fotoşəkillər aşkar edilərək götürülüb. Eyni zamanda cinayətkar qrupun üzvləri ilə yaxın münasibətlərdə olan və sərhəd pozucusu Sadiq Həşimovun qardaşı Natiq Vaqif oğlu Həşimov istintaqa cəlb edilməklə, baxış zamanı üstündə narkotik vasitə aşkar edilib və şübhəli şəxs qismində saxlanılıb. Faktla bağlı Cəlilabad rayon prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb və Zaur Zabit oğlu Əliyev təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Hazırda iş üzrə cinayətin baş vermə səbəblərinin, cinayətin təşkilatçılarının, təhrikçilərinin və digər iştirakçılarının müəyyənləşdirilməsi istiqamətində hərtərəfli, tam və obyektiv zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA