DiN Göyçay rayonundan olan sahibkarın həbsi ilə bağlı açıqlama yayıb

img

19-06-2009 [07:09]


Daxili İşlər Nazirliyi Göyçay rayonundan olan sahibkar Çingiz Mayılovun həbsi ilə bağlı açıqlama yayıb. Nazirliyin saytının yaydığı məlumatda Ç.Mayılovun istintaqa həyat yoldaşı Vüsalə Həsənova və qayınanası Südabə Həsənovanın şikayəti ilə cəlb edildiyi qeyd olunub. Bu şikayətlərlə əlaqədar iyunun 11-də rayon polis şöbəsinə çağırılan iş adamının polis əməkdaşlarını təhqir etdiyi, polis kapitanı Ruhid Tağıyevə və polis şöbəsinin rəis müavini Xaləddin Eyyubova, məsul növbətçi Vahid Cahangirova xəsarət yetirdiyi bildirilir. İş adamının Cinayət Məcəlləsinin 221.3. maddəsi ilə şübhəli şəxs qismində tutulduğu, iyunun 12-də təqsirləndirilən şəxs qismində həbs olunduğu bildirilən məlumatda deyilir: ?Özlərini hüquq müdafiəçiləri adlandıran ayrı-ayrı şəxslər bu hadisədən yararlanmağa cəhdlər edərək hər vəchlə rəsmi dövlət orqanlarını, o cümlədən polisi nüfuzdan salmaq məqsədi güdən hərəkətlər təşkil etməyə çalışır, təqsirləndirilən şəxsin yaxınlarını müxtəlif qanunsuz aksiyalar keçirməyə təhrik edirlər. Daxili İşlər Nazirliyi belə qanunazidd hərəkətlərin yolverilməzliyini xüsusi qeyd edərək diqqətə çatdırır ki, hazırda bu fakt üzrə istintaq araşdırmaları davam etdirilir?. İyunun 17-də Göyçay rayonunun 50-yə yaxın sakini sahibkar Ç.Mayılovun azadlığa buraxılması tələbi ilə Bakının Səməd Vurğun küçəsində tikilməkdə olan çoxmərtəbəli binanın 7-ci mərtəbəsinə çıxaraq intihara cəhd ediblər. Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları cəhdin qarşısını alıb və sakinləri aşağı düşürüb. İntihara cəhd edənlər iyunun 17-si səhər Prezident Administrasiyası və Respublika Prokurorluğunda olduqlarını, ancaq şikayətlərinin araşdırılacağına ciddi inamları olmadıqları üçün belə bir aksiyaya əl atdıqlarını deyiblər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA