MTN ali məktəblərə nəzarəti gücləndirir

img

24-05-2009 [05:30]


[b]Neft Akademiyasındakı terror və belə təhlükənin hələ də sovuşmaması güc strukturlarını əlavə tədbirlər görmək məcburiyyətində qoyub [/b] Aprelin 30-da Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) baş verən terror aktı ölkədə xof yaratdı. Növbəti qanlı cinayətlərin törədiləcəyilə bağlı xəbərlərin dövriyyəyə buraxılması cəmiyyətdəki gərginliyi daha da artırdı. Mətbuatın və ekspertlərin cinayətin arxasında xarici kəşfiyyat orqanlarının izini axtarması Azərbaycanın ciddi təhlükə ilə üzləşdiyinə şübhə yeri qoymadı. ADNA-dakı terror aktından sonra növbəti cinayətlərin törədiləcəyilə bağlı anonim zənglərin sayının artması vəziyyəti daha da mürəkkəbləşdirdi. Mayın 10-da Bakı şəhər İcra Hakimiyyətinin təşkil etdiyi "Gül bayramı"nın ciddi təhlükəsizlik tədbirləri nəticəsində baş tutması ölkədə terror təhlükəsinin sovuşmadığını göstərdi. Təhsil naziri Misir Mərdanovun "son zəng"in keçirilməsini qadağan etməsi isə bədbin proqnozlara yaşamaq hüququ qazandırdı. ADNA-dakı tələbə qətliamının üstündən bir aya yaxın vaxt keçməsinə baxmayaraq, hələ də müxtəlif mətbuat orqanlarında növbəti terror aktlarının törədiləcəyinə dair ehtimallara rast gəlmək mümkündür. Aldığımız məlumatlara görə, hadisələrin gələcək inkişafına dair hakimiyyət orqanlarında da səhih informasiya yoxdur. Hüquq-mühafizə orqanlarındakı mənbənin qəzetimizə verdiyi bilgiyə görə, son günlər paytaxtda terror aktlarının törədiləcəyinə dair anonim zənglərin sayının artması güc strukturlarını əməlli-başlı qorxuya salıb. Müsahibimiz deyib ki, hüquq-mühafizə orqanlarının rəhbərləri bu prosesin xaricdən idarə olunduğunu düşündükləri üçün daha çox narahat olmağa başlayıblar: "Hakimiyyət aprelin 30-da Neft Akademiyasında 12 nəfəri qətlə yetirmiş Fərda Qədirovla bağlı daha geniş məlumatlara malikdir. Amma bu məlumatların bir qismi ictimaiyyətdən gizli saxlanılır. Hüquq-mühafizə orqanlarının əldə etdiyi informasiyaların təhlili isə aprelin 30-da baş vermiş qanlı cinayətin əvvəlcədən planlaşdırıldığını göstərir. Fərda Qədirovun erməni xüsusi xidmət orqanlarının sifarişini yerinə yetirdiyinə artıq güc strukturlarının rəhbərləri də tam əmindirlər. Amma Fərda özünü öldürdüyü üçün bəzi qaranlıq məqamlara aydınlıq gətirmək mümkün olmur. Bu cinayətlə bağlı saxlanılanların məhdud bilgiyə sahib olması isə qarşı tərəfin gələcək planlarını üzə çıxarmağı xeyli çətinləşdirir". Mənbə deyib ki, təhsil naziri Misir Mərdanovun ölkədə "son zəng"in keçirilməsini rəsmi qaydada qadağan etməsi hüquq-mühafizə orqanlarının müraciəti əsasında baş tutub. Onun sözlərinə görə, güc strukturları mayın 30-da paytaxtda hər hansı təxribatın baş verməyəcəyinə əmin olmadıqları üçün kütləvi tədbirlərin keçirilməsinə qarşı çıxıblar. Müsahibimiz ötən ayın axırında baş vermiş qanlı terror hadisəsindən sonra Bakının təhsil ocaqlarında təhlükəsizlik tədbirlərinin gücləndirildiyini bildirib. Qeyd edib ki, istər orta, istərsə də ali məktəbləri həm mülki, həm də xidməti geyimdə olan polis əməkdaşları nəzarətdə saxlamağa çalışırlar. Mənbə xüsusilə ali məktəblərin daha ciddi şəkildə nəzarətə götürüldüyünü bildirib: "Artıq bir neçə gündür ki, Daxili İşlər Nazirliyinin əməkdaşlarından ibarət xüsusi qrup Bakıda fəaliyyət göstərən universitetlərdə görüşlər keçirərək, zəruri olan məlumatları tələbələrə çatdırmaqla məşğuldur. Polis əməkdaşları gənc oğlan və qızlara şübhəli şəxslərlə davranmağın yollarını öyrədir, onlara ekstremal situasiyada necə hərəkət etməli olduqlarını başa salırlar. Polisin ali məktəblərdə dərs ilinin yekunlaşdığı günlərdə təhlükəsizlik tədbirlərini gücləndirməsi təhlükənin davam etdiyini göstərir. Universitet rektorlarına ciddi şəkildə tapşırılıb ki, bir an belə sayıqlığı əldən verməsinlər". Mənbə bizimlə söhbətdə başqa faktlar da açıqlayıb. Onun sözlərinə görə, Neft Akademiyasında baş verən qanlı cinayətdən sonra universitet rektorları hüquq-mühafizə orqanlarının rəhbərləri ilə görüşərək, tələbələrin təhlükəsizliyinə təminat vermək iqtidarında olmadıqlarını bildiriblər. Məsuliyyətin altına girməkdən imtina edən rektorlar ali təhsil ocaqlarının təhlükəsizliyinin güc strukturları tərəfindən təmin olunmasını xahiş ediblər. Müsahibimiz deyib ki, bu təklif hakimiyyətin yuxarı dairələrində müzakirə olunduqdan sonra müvafiq qərar verilib: "Sovet dövründə bütün ali məktəblərdə Dövlət Təhlükəsizlik Komitəsinin xüsusi nümayəndəsi fəaliyyət göstərirdi. Həmin şəxslərin əsas vəzifəsi tələbələrin ideoloji-siyasi baxışlarının formalaşmasına nəzarət etmək, sovet rejiminin əleyhinə olan fəaliyyətlərin qarşısını almaq idi. Azərbaycan müstəqilliyini əldə etdikdən sonra da bu proses müəyyən mənada davam etdirildi. Bununla paralel olaraq, Təhsil Nazirliyi də universitetlərə öz kuratorlarını təyin etdi. Son bir neçə ildə isə MTN-in ali məktəblərdəki təsiri daha da güclənib. Gənclər arasında radikal dini təriqətlərə üz tutanların sayının sürətlə artması xüsusi xidmət orqanını profilaktik tədbirlər görmək məcburiyyətində qoyub. Artıq dövlətin tabeliyində olan bütün ali məktəblərdə MTN-in iki əməkdaşı fəaliyyət göstərir. Ölkədə terror rüzgarları əsməyə başlayandan sonra xüsusi xidmət orqanı ali təhsil ocaqlarına nəzarəti bir qədər də gücləndirib. MTN-in yeni əməkdaşları universitetlərdə təhlükəsizliyin təmin edilməsinə görə birbaşa məsuliyyət daşıyırlar. Yeni tədris ilindən etibarən isə özəl ali məktəblərdə də MTN-in kuratorları olacaq". Sonda mənbə deyib ki, MTN-in ali məktəbləri nəzarətə götürməsi bu qurumla DİN arasındakı rəqabəti daha da gücləndirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA