Ali Məhkəmə Seçki Monitorinq Mərkəzinin zikayətini təmin etmədi

img

22-05-2009 [05:52]


Mayın 22-də Azərbaycan Respublikası Ali Məhkəməsində hakim Əsəd Mirzəliyevin sədrliyi ilə Seçki Monitorinq Mərkəzinin (SMM) qeydiyyatının ləğvinin qüvvədə saxlanılması ilə bağlı 25 noyabr 2008-ci ildə Bakı Apelyasıya Məhkəməsinin çıxardığı qərardan kassasiya şikayəti üzrə məhkəmə baxışı keçirilib. MIA-ya verilən məlumata görə, məhkəmədə SMM-in nümayəndəsi İntiqam Əliyev bir sıra sənədlərin, o cümlədən məhkəmə iclaslarının protokollarının surətlərinin ona verilməsi, şahidlərin dəvət edilib dindirilməsi ilə bağlı vəsatətlərlərin təmin edilmədiyini bildirib. İntiqam Əliyev SMM-in qeydiyatının ləğv edilməsini heç bir hüquqi əsası olmadığını bildirib və bu işin Avropa Məhkəməsində Azərbaycan hökuməti üçün növbəti dəfə qınaq obyeti olacağını bildirib. Məhkəmə çıxışlarından sonra SMM-in qeydiyyatının ləğvi və etibarsız sayılması barədə Bakı Apelyasiya Məhkəməsinin çıxardığı qətnamə qüvvədə saxlanılıb. Xatırladaq ki, Xətai rayon məhkəməsi 14 may 2008-ci ildə Ədliyyə Nazirliyinin iddiası əsasında SMM-in qeydiyyatının etibarsız hesab edilməsi və ləğv edilməsi haqqında qətnamə və həmin qətnamənin dərhal icraya yönəldilməsi barədə qərar çıxarıb. Qətnamədə aşağıdakı hallar SMM-in qeydiyyatının etibarsız hesab edilməsi və ləğv edilməsinə əsas hesab edilib: 1) SMM-in təsis sənədlərində məlumatların qeyri-müəyyən olması; 2) SMM-in hüquqi ünvanının dəyişdirilməsi barədə məlumatın Ədliyyə Nazirliyinə bildirilməməyi; 3) SMM-in Azərbaycan Respublikasının 8 şəhərində yerləşən nümayəndəlikləri barədə məlumatların dövlət reyestrinə daxil edilməməyi. SMM-in təsisçiləri məhkəmənin qərarını qanunsuz hesab edərək, bundan Bakı Apelyasiya Məhkəməsinə şikayət edib. Apelyasiya Məhkəməsi 25 noyabr 2008-ci ildə çıxardığı qərarla Xətai rayon məhkəməsinin qərarını qüvvədə saxlayıb. Mayın 22-də Bakı Apelyasiya Məhkəməsində hakim Mehdi Əsədovun sədrliyi ilə SMDT sədri Anar Məmmədlinin Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə qarşı qaldırdığı iddia üzrə məhkəmə baxışı keçrilib. İddiasında bildirilir ki, www.smm-az.org internet ünvanın Anar Məmmədliyə məxsus olmasına baxmayaraq, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi saytın fəaliyyətini məhdudlaşdırıb. Səbəb olaraq isə bildirib ki, www.smm-az.org ünvanı qeydiyyatı ləğv edilmiş Seçki Monitorinq Mərkəzinə məxsusdur. Təşkilat ləğv edildiyi üçün onun saytı da bağlanıb. Saytın yenidən fəaliyyət göstərməsi üçün məhkəmə qərarı olmalıdır. Anar Məmmədli isə iddia edir ki, Rabitə və İnformasiya Nazirliyi vəzifə səlahiyyətlərini düzgün yerinə yetirmir: ?www.smm-az.org ünvanı mənə məxsusdur. Sayta Azərbaycan daxilində giriş mümkün deyil. Rabitə Nazirliyinə bu barədə məktub göndərmişik və cavab olaraq bildiriblər ki, saytın fəaliyyətinin bərpa olunması üçün Xətai rayon məhkəməsinin qərarı olmalıdır.? Məhkəmə çıxışından sonra Bakı Apelyasiya Məhkəməsi Səbail rayon məhkəməsinin çıxardığı qərarı qüvvədə saxlayıb və Anar Məmmədlinin iddiası təmin edilməyib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA