Gömrükdən zikayətlənən zəxsi həbs etdilər

img

17-05-2009 [05:36]


Bir neçə ay əvvəl "Reytinq"də "XSVR" MMC-nin direktoru Xəyyam Salmanzadənin rəsmi blankda qəzetimizə göndərdiyi şikayət məktubu əsasında dərc etdiyimiz "Gömrükdə rüşvət qalmaqalı" başlıqlı məqalə ilə bağlı Dövlət Gömrük Komitəsində aparılan əməliyyat-istintaq tədbirləri gözlənilməz sonluqla yekunlaşıb. Xatırladaq ki, "XSVR" MMC-nin şikayətində bildirilirdi ki, humanitar məqsədlə Rusiyadan gətirdikləri və ermənilərlə sərhəd zonasında yaşayan məcburi köçkünlərə pulsuz paylanılması nəzərdə tutulan dərman preparatları Dövlət Gömrük Komitəsinin Xaçmaz Gömrük İdarəsinin Məsud adlı əməkdaşı tərəfindən saxlanılaraq, onlardan açıq şəkildə 2 min manat rüşvət istənilib. Həmçinin, MMC-nin rəsmi məktubunda malı gətirən Rusiya vətəndaşı Vaqif Qarayevin pasportunu Məsud adlı gömrükçü kirov götürərək, "əgər 2000 manat pul verməsən, ya malı müsadirə edəcəyik, ya da səni ölkədən çıxaracağıq", -deyərək, onu nədənsə vətəndaşı olduğu ölkəyə deyil, Azərbaycana buraxıb. Sonra isə dəfələrlə mal sahiblərinə zəng edərək, pulu nə zaman çatdıracaqlarını soruşduqları bildirilirdi. MMC rəhbərliyi isə tələb olunan rüşvəti verə bilmədiyini əsas gətirib, ölkə prezidentindən kömək istəyirdi. Həmin vaxt redaksiya Məsud adlı gömrükçüdən də münasibət öyrənmişdi. O, kimsədən rüşvət istəmədiyini və hər şeyin qanuni olduğunu deyərək, kimsəyə pulla bağlı zəng etmədiyini də bildirmişdi. Maraqlıdır ki, sözügedən yazıdan sonra Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsi araşdırmaya başlayıb. Daha dəqiqi, fakt əsasında cinayət işi açılıb və idarənin Kərim adlı müstəntiqi Vaqif Qarayevi komitəyə dəvət edərək, izahatını alıb. Bir neçə ay davam edən istintaqdan sonra isə dünən müstəntiq şikayətçi tərəf üçün gözlənilməz qərar verib. Daha doğrusu, istintaq idarəsinin iddiası əsasında Yasamal rayon Məhkəməsində Vaqif Qarayev barəsində iki aylıq həbs qəti-imkan tədbiri seçilib. Məsələnin təfərrüatlarını dəqiqləşdirmək üçün Dövlət Gömrük Komitəsilə əlaqə yaratmaq cəhdlərimiz fayda vermədi. "XSVR" MMC-nin direktoru Xəyyam Salmanzadə isə həbs xəbərini təsdiqlədi. Lakin o da hələlik məsələnin məğzindən tam məlumatlı olmadığını dedi: "Bir onu bilirəm ki, Vaqif Qarayevin barəsində səhv etmirəmsə, bir aylıq həbs qəti-imkan tədbiri seçilib. Əgər barəsində açılmış cinayət işi bu müddətdə təsdiqini taparsa, ona 5 ilədək həbs təyin etməyi düşünürlər. Hətta bizi susdurmaq üçün sərhəddə saxlanılan 1000-1500 manatlıq dərman preparatlarının qiymətlərinin bir neçə dəfə şişirdildiyini də eşitmişəm. Belə ədalətsizliyə heç Afrikanın ən geridə qalmış ölkəsində rast gəlmək olmaz...".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA