MTN irandan Azərbaycana narkotik gətirən dəstəni zərərsizləzdirib

img

05-05-2009 [04:56]


Milli Təhlükəsizlik Nazirliyi (MTN) tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə istiqamətində keçirilən növbəti əməliyyat tədbirləri nəticəsində İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə narkotiklərin daşınması ilə məşğul olan üç qrup ifşa olunaraq zərərsizləşdirilib. Nazirliyin İctimaiyyətlə Əlaqələr Mərkəzindən ANS PRESS-ə verilən məlumata görə, onlardan 56 kiloqrama yaxın narkotik vasitə akşar edilərək götürülüb. Belə ki, Astara rayon sakinləri - Pərviz Əliyev, İlham Səmədov və Asəf Qasımov, Bərdə rayon sakinləri - Asəf Əzimov və Saleh Məmmədov, habelə hazırda şəxsiyyətləri istintaqla araşdırılan İran vətəndaşları və qeyriləri qabaqcadan əlbir olaraq satış məqsədilə külli miqdarda narkotik vasitəni qaçaqmalçılıq yolu ilə gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirərək İrandan Azərbaycan ərazisinə gətiriblər. Məlum olub ki, yuxarıda adları çəkilən şəxslər arasında əvvəlcədən əldə olunmuş razılığa əsasən, həmin İran vətəndaşlarının qaçaqmalçılıq yolu ilə Azərbaycan ərazisinə keçirdikləri narkotikləri Pərviz Əliyev və İlham Səmədov Xəzər akvatoriyasının Astara rayonu ərazisi istiqamətində onlardan qəbul edib və Asəf Qasımovla birlikdə sahildə gizlədiblər. Pərviz Əliyevin tapşırığı ilə İlham Səmədov və Asəf Qasımov həmin narkotik vasitələri Astara rayonunun Kələdəhnə kəndində Asif Əzimov və Saleh Məmmədova təhvil verib və onlar da narkotikləri gəldikləri ?Mercedes? markalı avtomobilə yükləyiblər. Bundan sonra Asəf Əzimov və Saleh Məmmədov həmin narkotikləri əvvəlcədən Astara rayonunun çıxacağında saxladıqları ?BMW-X5? markalı avtomaşında gizlədiblər. Sonra Asəf Əzimov ?BMW-X5?, Saleh Məmmədov isə ?Mercedes? markalı avtomobillərdə Bərdə rayonu istiqamətində hərəkət edərkən, onlar Lənkəran şəhərində MTN-nin əməkdaşları tərəfindən saxlanılıblar. Keçirilən baxış zamanı ?BMW-X5? markalı avtomaşında gizlədilən 40 kiloqrama yaxın narkotik vasitə olan həşiş aşkarlanaraq götürülüb. MTN tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirilən digər bir əməliyyat tədbiri nəticəsində qaçaqmalçılıq yolu ilə narkotik vasitələrin daşınması ilə məşğul olan Astara rayon sakinləri - Ağagül Abbasquliyev, Alim Abbasov və Sumqayıt şəhər sakini Kamal Əliyev saxlanılmış, onlardan 4 kiloqrama yaxın heroin aşkar olunaraq götürülüb. Müəyyən edilib ki, yuxarıda adları çəkilən şəxslər, habelə hazırda şəxsiyyətləri istintaqla araşdırılan İran vətəndaşları və qeyriləri qabaqcadan əlbir olaraq satış məqsədilə həmin narkotik vasitəni qaçaqmalçılıq yolu ilə gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirərək İrandan Azərbaycan ərazisinə gətiriblər. Əvvəlcədən əldə olunmuş razılığa əsasən, Ağagül Abbasquliyevin tapşırığı ilə Alim Həsənov İran vətəndaşlarının qaçaqmalçılıq yolu ilə Azərbaycan ərazisinə keçirdikləri həmin narkotiki Astara rayonunun Pəlikeş kəndinin ərazisində onlardan qəbul edib meşədə gizlədiblər. Sonra Ağagül Abbasquliyev Alim Həsənova narkotik vasitəni Sumqayıt şəhərinə aparmağı tapşırıb, bunun müqabilində ona 8 min ABŞ dolları veriləcəyini vəd edib və sonunu bununla razılaşıb. Bundan sonra Alim Həsənov narkotik vasitələri idman çantasında Bakı şəhərinə gətirib və Kamal Əliyevlə Sumqayıt şəhərinin girəcəyində görüşmək barədə razılaşıblar. Alim Həsənov Kamal Əliyevin təlimatına əsasən taksi maşınında Sumqayıta gəlib və onlar burada görüşən zaman MTN əməkdaşları tərəfindən saxlanılıblar. Baxış zamanı onlardan 4 kiloqrama yaxın narkotik vasitə olan heroin, Kamal Əliyevdən isə Alim Həsənova vəd olunan 8 min ABŞ dolları məbləğində pul aşkar edilərək götürülüb. MTN tərəfindən keçirilən daha bir əməliyyat tədbiri nəticəsində qaçaqmalçılıq yolu ilə narkotik vasitələrin daşınması ilə məşğul olan Yardımlı rayon sakinləri - Məlik Bəşirov, onun qardaşı Fəxrəddin Bəşirov, Zəkulla Jəfərov və İslam Əkbərov da saxlanılıb, onlardan 12 kiloqramdan artıq narkotik vasitələr - heroin, həşiş və tiryək aşkar olunaraq götürülüb. Məlum olub ki, yuxarıda adları çəkilən şəxslər, habelə hazırda şəxsiyyətləri istintaqla araşdırılan İran vətəndaşları və qeyriləri qabaqcadan əlbir olaraq satış məqsədilə həmin narkotik vasitələri qaçaqmalçılıq yolu ilə gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirərək İrandan Azərbaycan ərazisinə gətiriblər. Hər üç faktla bağlı Azərbaycan Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlibir olan bir qrup şəxs tərəfindən narkotik vasitələrin qaçaqmalçılığı), 234.4.1 və 234.4.3-cü (qabaqcadan əlibir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama, daşıma, göndərmə və satma) maddələri ilə cinayət işləri başlanılıb. Cinayət işləri üzrə bütün halların araşdırılması, bu hüquqazidd əməllərin digər iştirakçılarının ifşası üçün zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA