Özəl mühafizələr silahlandırılacaq?

img

03-05-2009 [06:52]


Dövlət Neft Akademiyasında baş verən qanlı hadisədən dərhal sonra bir çox müəssisələrin mühafizəsinin gücləndirilməsi məsələsi gündəmə gəldi. Hansısa obyektə mühafizəçinin qoyulmasının terrora qarşı effektli mübarizə vasitəsi olmadığı təsdiqlənsə də, Azərbaycan ictimaiyyəti məsələyə hissi yanaşaraq, bu təklifi dəstəkləyir. Bu isə o deməkdir ki, getdikcə nəinki nazirliklərin, hətta onların tabeliyində olan müəssisələrin də qapıları vətəndaşların üzünə bağlana bilər. Dəmir hasara alınan dövlət orqanlarına məxsus binaların yaxınlığına getmək belə, vətəndaşlar üçün probem olacaq. Necə ki, indi ABŞ-ın Bakıdakı səfirliyi ətrafında anoloji vəziyyət yaradılıb. Hər halda indi Azərbaycanda təbliğat bu yöndə qurulub. Lakin İraq təcrübəsi göstərir ki, bu cür mübarizə vasitələri terrorun qarşısında çox acizdir. Azərbaycan cəmiyyətində isə müəyyən bir təbəqə iş yerlərinin qarşısında silahlı adamların durduğu təqdirdə təhlükəsiz olacağını düşünür. Yaranmış vəziyyətlə bağlı məlumat verən deputatlardan biri isə maraqlı fakta toxundu. Onun dediyinə görə, bu hadisədən dərhal sonra özəl mühafizə şirkətlərini himayə edən qüvvələr hərəkətə keçiblər: "Özəl mühafizə ilə məşğul olanlar bu qanlı hadisədən istifadə edərək, özləri üçün müəyyən güzəştlər əldə etməyə çalışırlar. Bildiyiniz kimi, "Qeyri-dövlət (özəl) mühafizə fəaliyyəti haqqında" Qanun qəbul olunarkən, özəl mühafizəyə silah saxlamağa icazə verilmədi. Bu xidmətdə ancaq mülki silahdan istifadə olunur. Həmçinin özəl mühafizə fəaliyyəti ilə detektiv fəaliyyətini birləşdirmək təklifləri də nəzərə alınmadı. Həmin vaxt daxili işlər naziri Ramil Usubov da polisə hər hansı bir qüvvənin alternativlik etməsini istəmədi. Onun üçün də ancaq Daxili İşlər Nazirliyinin Baş mühafizə idarəsinin əməkdaşlarına silah saxlamağa icazə verilib. Hazırkı situasiyanı isə özəl mühafizə sahəsindən sahibkarlıq fəaliyyəti ilə məşğul olub, yüz minlərlə vəsait qazananlar fürsət biliblər. Onların parlamentdəki lobbiləri da dünəndən etibarən "Qeyri-dövlət (özəl) mühafizə fəaliyyəti haqqında" Qanuna dəyişikliklər edilməsi fikirini səsləndirirlər. Məndə olan məlumata görə, yaranmış vəziyyətdən istifadə edib may ayında qanuna əlavələr etdirmək istiqamətində səy göstərəcəklər. Artıq həmin şəxslər bir neçə deputatı öz tərəflərinə çəkiblər. İndi isə spiker Oqtay Əsədovla anlaşmağa çalışırlar.". Deputatın iddiasına görə, "Qeyri-dövlət (özəl) mühafizə fəaliyyəti haqqında" Qanuna dəyişiklik etmək planı reallaşarsa, özəl mühafizə sahəsində çalışanlar bir çox hüquqlar əldə edə bilərlər. Ondan sonra istənilən iş adamı yanında silahlı mühafizəçi saxlaya biləcək. Həmçinin bu dəyişiklikdən sonra hər bir özəl mühafizə şirkəti silahlı dəstə halına da gətirilər. Bunun bir çox fəsadlara yol açacağı qənaətində olan şəxslər isə müqavimət göstərirlər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA